Musiqili Teatr Qarabağa möhtəşəm qayıdışı “Böyük qayıdış” filmində göstərdi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 44 günlük şanlı zəfər tariximizi həmişə özünün qısametrajlı filmlərində, videoçarxlarında böyük sevgi və qürur hissi ilə tərənnüm edir.

Qalibiyyət ruhlu layihələr silsiləsindən "Böyük qayıdış" qısametrajlı filmi teatrın növbəti uğurlu işidir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamov, ideya müəllifi Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, baş prodüseri Ülvi Cəfərov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir.

Qarabağın məşhur simaları – Molla Pənah Vaqif, Molla Vəli Vidadinin obrazlarının canlandırıldığı bu qısametrajlı əsər təkcə 1-ci və 2-ci Qarabağ müharibəsində həlak olanların deyil, tarixən bu torpaqda yaşayan, bu yurda şöhrət gətirən ulularımızın da müqəddəs ruhlarına bir ithafdır.

Filmin bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bizimlə söhbətində bildirdi ki, "Böyük qayıdış” pandemiya dövründən sonra hazırlayacağımız çox maraqlı bir layihəmizin kiçik parçasıdır. Çox sevinirik ki, uzun və acı həsrətdən sonra Azərbaycan xalqı yenə də o torpaqlara qayıdacaq, yenə də əkin-biçin başlayacaq, yenə də o dilbər guşəmizdə musiqi səsi eşidiləcək, Bülbülün, Cabbar Qaryağdıoğlunun xoş avazları Qarabag ünvanlı evlərimizdə ruhumuzu oxşayacaq... İlahi ədalət öz yerini tapdı, qəlbi vətən eşqi ilə əbədiyyətə qovuşan müqəddəs ruhların fəryadı Tanrı dərgahında eşidildi... Bu gün Qarabağ azaddır. Qarabağı bizə miras qoyan ulu babalarımızın ruhları da şaddır. Biz bu qələbəmizi al qanımızla yazdıq. Ali Baş Komandanımız cənab İlham Əliyevin əmri, müzəffər ordumuzun qətiyyəti ilə bu nisgilə son qoyduq. Xalqımızın böyük və sarsılmaz həmrəylini dünya gördü və bizi yenidən tanıdılar, imzalar içində imzamız aydın göründü: "Azərbaycan!"

 

Qeyd edək ki, filmdə rolları Əməkdar artistlər – Əzizağa Əzizov, Nadir Xasiyev, aktyorlar – Gülcahan Salamova, Gülnarə Abdullayeva, Əmrah Dadaşov, İbrahim Əlizadə, azyaşlı aktyorlar – Rahib və Nuray Məmmədzadələr ifa ediblər.

11 dəqiqəlik filmdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Dövlət Televiziyasının və Strateji Kommunikasiyalar Mərkəzinin materiallarından istifadə edilmişdi