Elmi-ədəbi ictimaiyətimizə ağır itki üz verib. Daha bir ziyalımızı,”Respublika” qəzetinin və “Füyuzat” jurnalının baş redaktoru, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Teymur Əhmədovu itirdik. Onu”Respublika” qəzetindən tanıyırdım.Sonralar yazdığım dissertasiyanın elmi rəhbəri və çalışdığım şöbədə müdirim oldu. Teymur müəlllim milli ruhlu, əqidəli,vətənsevər, ədalətli ziyalı idi. Bir insan kimi xeyirxah və haqqın tərəfdarı idi.Milli düşüncəlilərə və istedadlı gənclərə hər zaman qəlbinin və redaksiyanın qapılarını açıq idi. Etibarsızlığı, üzüdönüklüyü bağışlaya bilmir, prinsipiallığı ilə seçilir, heç zaman da təbiətinə dönük çıxmazdı.Teymur müəllimi pinsipiallığına görə, qəbul etməyənlər də az deyidi, tərəfdarları sevənləri daha çox idi. Prof.Əhmədovdan bəhs açmazdan əvvəl onun yölgöstərəni,elmi rəhbəri, ümumiyyətlə həyatında böyk rol oynayan görkəmli ictimai xadim , Xalq yazıçısı və ədəbiyyatşünas alim Mirzə İbrahimovın adını çəkib,xatırlamamaq mümkünsüzdür. Mirzə İbrahimov gənc yetirməsində olan elmi potensialı və səmərəli iş qabiliyyətini görüb onun gələcəyinə böyük ümid bəsləmişdi.Və Teymur Əhmədovda olan bu və başqa müsbət keyfiyyətləri qiymətləndirib onu Elmlər Akademiyasına işə dəvət etmişdi.
Teymur Əhmədov məhz Mlirzə İbrahimovun tövsiyyəsi ilə Nəriman Nərimanovun yaradıcılığını geniş araşdırıb müdafiə (həm namizədlik,həm də doktorluq elmi işi kimi) etmişdi. Bildiyimiz kimi, M.İbrahimov “Pərvanə” romanını xalqımızın böyük vətənpərvər oğlu Nəriman Nərimanovun həyatına və ideya mücadiləsinə həsr etmiş və əsərində onun gözəl bədii obrazını yaratmışdı. Teymur Əhmədov ustadının və elmi rəhbərinin ona tövsiyə edib sevdirdiyi bu şəxsiyyətlə -Nəriman Nərimanovla bağlı gərgin axtarışlar aparıb işi elmi baxımdan davam etdirmişdi. Teymur Əhmədov cəmiyyətdə fərqli münasibət bildirilən Nəriman Nərimanovun şəxsiyyətini, bədii və elmi yaradıcılığını ciddi araşdırmaya cəlb edib ömrünn 50 ilini bu işə sərf etmişdi.
Nəticədə, Mirzə İbrahimovun bədii ədəbiyyatda yaratdığı Nəriman Nərimanovun mükəmməl obrazına tən gələn gerçək istedad, bacarıq və şəxsiyyətini üzə çıxarıb elmi ədəbiyyatda da təsdiq etmişdi.
Professor Teymur Əhmədovun elmi, ədəbi-bədii və publisistik yaradıcılığı çoxşaxəli və rəngarəngdir. Mən daha çox filologiya elmləri doktoru, professor Teymur Əhmədovun Cənubla bağlı fəaliyyəti haqda yazmaq istəyirəm.
Xatırladaq ki, bu gün ədəbi, ictimai-siyasi leksikonumuzda işlənən "Cənubi Azərbaycan" terminini ilk dəfə elmi dilə Mirzə müəllim gətirmişdi. O vaxta qədər elmi və siyasi ədəbiyyatda "İran Azərbaycanı" məfhumu işlənirdi.
1976-cı ilin mayında Heydər Əliyevin xeyir-duası və Mirzə İbrahimovun təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan Ədəbiyyatını öyrənən və araşdıran şöbə yarandı. “Arazın o tayında yaşayan həmvətənlərimiz barədə mətbuatda açıq yazmağa və danışmağa imkan verilmədiyi bir vaxtda Ədəbiyyat İnstitutunda xüsusi şöbənin açılması çoxları üçün gözlənilməz idi və "XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi" adlandırılması özlüyündə bir ədəbi hadisə oldu.”
M.İbrahimov özü də əslən cənublu idi. Mirzə İbrahimov uzun müddət öyrənilməyən Cənubi Azərbaycan, ədəbiyyat tarixini meydana qoymağı öhdəsinə götürmüşdü.
Cənubi Azərbaycanı tanıdıb,tədqiq etmək bunun üçün bir elmi Mərkəz yaratmaq böyük bir hünər və qeyrət tələb edirdi. Bir zamanlar Ana dili ugrunda mücadilə aparan, bu işdə hətta yüksək vəzifəsindən keçən belə bir fədakar ziyalı o dövrdə az qala yasaqlanmış Cənubi Azərbaycan məsələsini meydana atıb bu işi görə bilərdi.
Mirzə İbrahimov özü bu barədə sonralar yazacaqdı: "Cənubi Azərbaycan ədəbiyyatını toplamaq, tədqiq etməkdə ilk addımdaca qarşımıza çıxan vacib məsələ haradan və nədən başlamaq məsələsi idi. Ayrı-ayrı yazıçıların əsərlərini toplayıb çapa vermək cəlbedici təsir bağışlayırdı. Lakin bu yol uzun yol idi, ədəbiyyatın ümumi mənzərəsini yaratmaq işini xeyli uzağa atırdı. Halbuki müəyyən konkret dövrdə, məsələn, XIX əsrin birinci yarısındakı kitablarda, tədqiqat əsərlərində, cari mətbuatda çap olunmuş əsərlərdən mümkün qədər ən yaxşılarını toplayıb antologiya şəkilində çapa verməyi əməkdaşlarımız razılıqla qarşıladılar. Beləliklə də işə başladıq".
Şöbə yaradılarkən Mirzə İbrahimov Teymur Əhmədovu işə dəvət etmişdi. Qarşıda görülməli çox işlər var idi. Cənubi Azərbaycan ədəbiyyatı müxtəlif qaynaqlardan toplanmalı, tərtib olunub hazırlanmalı,şərh və izahlarla nəşr olunub xalqa çatdırılmalı idi. Bütün bu işləri başda Mirzə İbrahimov olmaqla şöbə əməkdaşları və Mirzə müəllimin müavini və köməkçisi Teymur Əhmədov özlərinə vətəndaşlıq borcu bilirdilər.
Yeni qurulan şöbəyə Mirzə müəllim başqa şöbələrdə çalışan, ümumilikdə fars-ərəb dilini,ərəb əlifbasnı bilənlərləri toplamışdı.
Mirzə İbrahimovun layihəsi və redaktorluğu ilə şöbə əməkdaşlarının tərtib və nəşr etdirdikləri dördcildlik "Azərbaycan ədəbiyyatı antologiyası" bu sahədə ilk monumental elmi abidə oldu.
Şərqdə geniş yayılan ilk yarandığı dövrlərdə təzkirə adlanan “ədəbi toplu sevdası”ndan Teymur müəllim ömür boyu ayrılmadı. Sonralar onun böyük səriştə, elmi-metodiki yanaşma,səbr və enerji tələb edən ensiklopedik nəşrləri və bu kimi başqa kitablar, albomlar buna əyani misaldır.
T.Əhmədov Mirzə İbrahimovun vəfatından sonra fəaliyyəti dayandırılan "Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin bərpasına çalışmışdı. Eyni zamanda Teymur müəllim 1996-cı il iyulun 1-dən şöbə müdiri vəzifəsinə təyin edilmiş,yarıda qalan işlərin tamamlanması ilə yanaşı yeni tədqiqatların əsasının qoyulmasına nail olmuşdu.
T. Əhmədov öz müsahibələrindən birində yazmışdı ki, Universitetdə oxuyarkən məllimi olmuş Abbas Zamanov onu “ədəbiyyatın fəhləsi” adlandırmışdı.Görünür,professor bu fikrində yanılmayıb. Professor T.Əhmədovun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin nəşrlərinin hər birinin təşkili, hazırlanması redaktəsi və çap edilməsində həm müəllif, həm də ümumi rəhbərlik əməyi böyükdür, təqdirəlayiqdir.
Professor T.Əhmədov çoxcildlik Azərbaycan ədəbiyyatı tarixini beşinci cildinin də müəlliflərindən biridir.
Ötən əsrin 80 ci illərinə qədər Cənubi Azərbaycan ədəbiyyatı bütövlükdə tədqiqat obyekti olmamışdı. Mirzə İbrahimovun layihəsi və redaktorluğu ilə şöbə əməkdaşlarının tərtib və nəşr etdirdikləri nəşrlər bu sahədə ilk monumental elmi abidə oldu. Son illər Azərbaycanda və onun hüdudları xaricində Cənubi Azərbaycan ədəbiyyatı mövzusundabir çox kitabların, tədqiqat əsərlərinin, dissertasiyaların yazılması fikrimizi təsdiq edir.
Professor Teymur Əhmədov elmi kadrların hazırlanması işində də səmərəli fəaliyyət göstərirdi. Onun elmi rəhbərliyi ilə iyirmidən çox adam müxtəlif mövzularda dissertasiya müdafiə etmişdi. Teymur müəllim məqalələrindən birində yazır ki ”Azərbaycanın folkloru, yazılı ədəbiyyatı, tarixi dərindən-dərinə öyrənilməlidir. Çox təəssüflər ki,müvafiq cavabdeh qurumlar məsələnin dövlət səviyyəsində həlli barədə düşünmür. Mirzə İbrahimov adına Cənubi Azərbaycan İnstitutu yaradılmalıdır. Müstəqil ölkəmizdə bu qurumu cəsarətlə yaratmağın vaxtı çoxdan çatmışdır. Sovet dövründən qalma, gözüqıpıq mütilik azarından əl çəkilməlidir. Günəş zenitə qalxmışdır!..
Vaxtilə tanınmış ədəbiyyatşünas-alim Əziz Mirəhmədovun Teymur Əhmədovun “Yazıçı ömrünün salnaməsi” kitabı haqqında yazdıqlarını onun bütün yaradıcılığına da şamil etmək olar: ”Kitabın əhəmiyyətini qeyd edib necə ağır, mürəkkəb, gərgin əmək sayəsində başa gəldiyi barədə danışmamaq insafsızlıq olardı. İstər biblioqrafik oçerklər, istər nəşrə yazdığı müqəddimə, kitabda verdiyi biblioqrafik və sair siyahılar müəllifin öz qarşısına çox nəcib məqsəd qoyduğunu və bu məqsədə çatmaq üçün hər cür çətinliyə qatlaşdığını aşkar göstərməkdədir.
Azərbaycanın tam halda təmsil olunması, həm Şimal, həm də Cənub yazıçıları haqqında məlumat verilməsi nəşrin diqqətəlayiq xüsusiyyətlərindəndir.”
Professor Teymur Əhmədov müxtəlif səpgili araşdırmalarında, yazılarında Cənubi Azərbaycana ayrıca yer ayırır və nəzəri olaraq hər iki Azərbaycanı birləşdirir.
Ruhu şad olsun,nur içində yatsın!
Pərvanə MƏMMƏDLİ, dosent
© 2020 - Created by İLK XEBER.