Diqqət: uduşlu test

"Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi" 1 illik yubileyi münasibətilə test hazırlayıb. Bütün suallara düzgün cavab tapanları kitab hədiyyəsi gözləyir.
Qonşunun toyuğuna daş atanlar, ördəyinə kəsək atanlar, qazına tulamazda atanlar, Mona Lizaya həqarət edənlər yarışda iştirak edə bilməzlər.
Düzgün cavab yazan ilk 20 nəfər kitab əldə edəcək. 21-ci şəxslə bazarlıq mümkündür.
Belə fürsət bir də ələ düşməz…


“Gözəl bayramlar ayı martda, yazın gəlişi ilə hər tərəf yenilənəndə, ağaclar tumurcuqlayıb yaşıllananda Azərbaycan məkanında yeni bir ictimai qurum, bir mərkəz də ilk tumurcuqlarını açmağa başladı. Bu, "Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi" idi. Yarandığı mart ayının 11-dən üzü bəri uzun incə bir yola çıxan, bu yolda qarşıya qoyduğu məqsədə doğru yorulmadan inamla, əmin addımlarla irəliləyən bu ictimai birliyin məqsədi, məramı xalqa, onun dilinə qəlbən, təmənnasız xidmət, dili korlayanlara qarşı barışmaz münasibət idi. Yola çıxarkən 7 yoldaş olub yola düzəldi FADMM-çilər”.

                                                                                     (G. Əliyeva)

Verilmiş mətndə S.Vurğunun “Komsomol” poemasını xatırladan hissəni göstərin.

  1. İlk tumurcuqlarını açmağa başladı
  2. Dili korlayanlara qarşı barışmaz münasibət
  3. Gözəl bayramlar ayı
  4. 7 yoldaş olub yola düzəldi

“Dilim-dilim olasan, dilim!” Söhbət hansı dildən gedir?

  1. Maldili (çiçək)
  2. Ana dili
  3. Orqan
  4. Heç biri

    Bir ildir ki, FADMM üzvləri Rəsulzadə küçəsindəki əcnəbi adlardan yazırlar. Nəticəsiz qaldığından onlar “Deyə-deyə dilimdə tük bitdi” deyə gileylənirlər. Dırnaqda verilmiş cümlə aşağıda göstərilənlərdən hansına aiddir?

  1. Atalar sözü
  2. Tapmaca
  3. BŞİH-nin hələ də tədbir görməməsi
  4. Yumordur

Orfoepiya qaydalarının korlanmasına cavab kimi verilmiş qəzəbli ifadəni tapın.

  1. Danışığını yeyəsən.
  2. Doğru sözdən xəta gəlməz.
  3. Dil yanılar, doğrusunu deyər.
  4. Danışıq dananı qurda verər.

FADMM-çilərdən ən çox başmaq seyrinə çıxan kimdir?

A) G.Əliyeva

B) S. Cəfərova

C) X.Əhmədov

D) V.Sadıqlı

“New collection”, “Dolma restaurant” , “Old city club”, “Mothercare”, “Azptravel”, “Starbuks Coffee”, “Candy Land”, “Pink”, “David Walker”, “Fragrances exclusive”, “The bagel bar”, “Coffee house, relax, enjoy, revive”, “Penti”, “Caspian shipping company”, “Novikov café”, “Сыроварня” ресторан, сырная лавка, “Cinnabon”, “Churros”, “Fresh hot and tasty”, “Gloria Jeans Cofee”

Yuxarıda adları verilən ticarət və xidmət obyektləri hansı ölkədədir?

  1. İngiltərədə
  2. Rusiyada
  3. Burkina-Fasoda
  4. Azərbaycanda

Sonda hamı bir ağızdan desin: Bura Azərbaycandır!



 Tərtib etdi Pərvanə Bayramqızı