XOCALI - 2021

İyirminci yüzilin bir susuz Kərbəlası,

Torpağından qan daman müsibətdir Xocalı

 

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımından uzun illər keçir – bu dəhşətli  maddi-mənəvi  yaralar dünya durduqca sağalmayacaq!

Hələ də nə Xocalı geri alınır, nə də günahsız, məsum şəhid və şahid xocalıların dünya boyda qisası!

2020-ci ildə 44 günlük qalibiyyətli vətən müharibəsi dövründə də  (27 sentyabr – 10 noyabr) Xankəndi, Xocavənd, Ağdərə, o cümlədən Xocalı hələlik düşmən qüvvələrdən geri alınmayıb.

Dünyanı sarsıdan bu faciəyə həsr etdiyim aşağıdakı şeri məhz bu tarixi qara gündə, bir bəndlik yeni əlavə ilə təkrar yayımlayıram.

Bu günü unutmaq qisas tariximizi, gələcək böyük zəfər günümüzü unutmağa bərabər olardı.

Elə buna görə də nə qədər ki, Xocalı işğaldadır, onun adını zikr etməli, onu təkrar-təkrar yad etməliyik.

Şəhidlik - əlçatmaz əqidə zirvəsidir, laməkan idealdır.

Şəhidlər ölməzlərdir.

Şəhidlər - həmişəyaşar, həmişədiri vətəndaşlardır - Haqq döyüşçüləridir, bəşəriyyətin əbədi keşikçiləridir.

Bu HAQQ QƏHRƏMANLARI, DÖYÜŞÇÜLƏR, FƏDAKARLAR, İDEALLAR, HƏMİŞƏDİRİ ÖRNƏKLƏR, MÜCADİLƏ SİMVOLLARI olmasaydı, dünyanın da, vətənin də, insanlığın da, normal yaşayışın da heç bir mənası olmazdı.

Dünyanın bu böyük faciə qurbanlarına – bizim şəhidlərimizə Allahdan rəhmətlər diləyirəm.

 

Xatın, ya da Sonqimi

iki iti süngümü?

Hələ də yaddaşları dəlib-deşir, səngimir...

Yenə də qan qoxusu verməyindən təngimir,

Bunlardan da beşbetər bir dəhşətdir Xocalı.

 

Qəfil top mərmiləri, ağır tank tırtılları,

Avtomat güllələri yağdıran xalqa sarı.

Ən qatı canilərin, ən qəddar qatillərin

Törətdiyi misilsiz cinayətdir Xocalı.

 

Xain erməni məkri, velikorus ədası,

Başıuca Qafqazın iki böyük bəlası.

İyirminci yüzilin bir susuz Kərbəlası,

Torpağından qan daman müsibətdir Xocalı.

 

Daşnakların iç üzü, canavar düşüncəsi,

Qarlı, şaxtalı qışın Varfolomey gecəsi.

Məsum insan qırğını, insanlıq faciəsi,

Həm kütləvi qətldir, həm qarətdir Xocalı.

 

Çingizin tükürpədən, “hıçqıran” süjetləri,

Göstərdi dünyamıza o körpə şəhidləri.

Eybəcər hala düşmüş, don vurmuş meyitləri,

Güllələnmiş, doğranmış cəmiyyətdir Xocalı.

 

Nahaq qanla yazılan, düşən Qara Kitaba,

Bu abad dünyamızda şəhər boyda xaraba.

Əslində qırğınları gəlməz saya-hesaba.

Tarixdən bir qorxulu hekayətdir Xocalı.

 

Uçub ev-eşikləri, həyət-bacası yoxdur,

Qırılıb körpələri, gənci, qocası yoxdur.

“Gələn bəzirganları, gedən xocası” yoxdur.

Əsəbləri sarsıdan səyahətdir Xocalı.

 

Bayquşları ulayan viranəyə oxşayır,

Videolar göstərir, fotolarda yaşayır.

Köksündə çalın-çarpaz çəkilmiş dağ daşıyır,

Qiyamətdən əcaib əlamətdir Xocalı.

 

Yırtıcı xislətlərin, şeytan təkəbbürlərin,

Xəstə təxəyyüllərin, manyak təsəvvürlərin.

Türk qanına susamış vampir təfəkkürlərin

Meydanına çevrilən həqiqətdir Xocalı.

 

Hələ də dünya susur, BMT, ATƏT görür,

Qurbanlar “Qisas!” deyir, qatillərsə kef sürür.

Bu Soyqırım hayqırır! Bu Qətliam hönkürür!

O hayqıran, hönkürən ədalətdir Xocalı.

 

Doğma ruhlar çağırır, bizdən imdad istəyir!

Vətən öz torpağını görsün azad istəyir!

Ordumuz silahlanıb, millət cihad istəyir!

Dünya boyda ləkədir, xəcalətdir Xocalı!

 

2012

 

P.S.: Qarabağı qaytardıq şəhidlər sayəsində,

Rəşadətli qazilər, igidlər sayəsində.

Yenə Xankəndi qaldı ümidlər sayəsində,

Xocavəndlə qırmızı, yasaq xətdir Xocalı.

 

25 fevral 2021

 

Hafiz Rüstəm