AzTV-də maliyyə maxinasiyaları? Dövlətin müvafiq strukturları burada yoxlamalara başlasa...

Redaksiyamızın ünvanına Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) daxilində son vaxtlar baş verən ciddi qanun pozuntuları və mənimsəmələr barədə məktub daxil olub. Həmin məktubda AzTV-nin sədri Rövşən  Məmmədovun “xəyanətə bərabər maliyyə maxinasiyaları”ndan bəhs olunur. Məktub müəllifinin iddiasına görə, Rövşən Məmmədov AzTV-də guya kreativ verilişlərin yaradılması adı altında yeni studiyaların və dekorasiyaların tikintisi  yolu ilə dövlət büdcəsini talayır. Həmin məktubu olduğu kimi dərc edirik:


“Konkret faktlar:
Belə ki, tikintisinə 2019-cu ilin avqustunda bəşlanılan “Hədəf”, “Görüş yeri” və “Çıxışa doğru” studiyalarında işlər oktyabr ayında yekulaşıb, artıq elə həmin tarixdən etibarən hər üç studiyada verilişlər yayımlansa da, 2019-cu ilin 26 noyabrında Rövşən Məmmədovun imzası ilə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiə Komitəsinə yuxarıda adları qeyd olunan studiyaların inşaası ilə bağlı “Universal Poliqraf” MMC ilə birbaşa müqavilənin bağlanmasına icazə üçün məktub göndərilmişdir. Bununla da Azərbaycan Respublikası “Satınalınmalar haqqında” qanununa zidd olaraq (nəzərə alsaq ki, burada heç bir spesefiklik yoxdur, respublikada bu fəaliyyətlə məşğul olan yüzlərlə şirkət mövcuddur) heç bir açıq tender və katirovka sorğusu keçirilmədən AzTV və  “Universal Poliqraf” MMC arasında 160.000 AZN məbləğində birbaşa müqavilə imzalanmışdır. Məlumat üçün qeyd etmək lazımdır ki, yuxarıda adı qeyd olunan hər üç studiyanın tikintisi faktiki olaraq müxtəlif şirkətlərdən qanunsuz yolla nəğdləşdirilmiş 120000 AZN pul vəsaiti hesabına AzTV-nin bədii rəhbəri olan Ranar Musayevin dostu Emil Mirzəyevin “Paradox” MMC şirkəti tərəfindən  inşa olunmuşdur. Buradan da göründüyü kimi “Universal Poliqraf” şirkətinin bu studiyaların tikintisində heç bir rolu yoxdur və bu şirkət vasitəsi ilə diğər bir çox şirkətlərlə olduğu kimi pul vəsaitlərinin nağdlaşdırılmasına gedilmişdir. Etibarlı mənbələrdən alınan məlumata görə bu şirkət heç zaman AzTV-nin ərazisində olmamışdır və inşa olnan studiyaların harada , hansı inzibati binada yerləsdiyini belə bilmir. Bundan əlavə bu 2020-ci il ərzində də keçmış ildə olduğu kimi təkrarən Ranar Musayev və Emil Mirzəyev birliyinə məxsus olan “Paradox” şirkəti ilə AzTV arasında yeni beş ədəd studiyanın tikintisi üçün birbaşa müqavilə bağlanmışdır.
AzTV-də baş verən qanunsuzluqlar bununla yekunlaşmır. Belə ki, cari və əsaslı təmir adı altında külli miqdarda pul vəsaitləri mənimsənilir.
Buna misal olaraq 2019-cu ildə  bir neçə fakt mövcuddur. Belə ki, Rövşən Məmmədovun təşəbbüsü va başçılığı ilə formal olaraq katirovka sorğusu keçirilmiş, 25 sentyabr 2019-cu ildə bu sorğunun nəticəsi olaraq “Piramida” MMC qalib edilmiş və onunla 48000 AZN məbləğində müqavilə bağlanılmışdır. Lakin bir çox müqavilələrdə olduğu kimi göstərilən şirkət heç bir cari təmir aparılmadan 48000 AZN mabləğ  nağdlaşdırılmış və Rövşən Məmmədovun “qara kassasına” daxil edilərək mənimsənilmişdir. Qeyd etmək lazımdır ki,  “Piramida” MMC-nin adı bir sıra qalmaqallarda və ciddi maliyyə pozuntularında hallanır.
Haşiyə: AzTV rəhbərliyinin görülən işlər, göstərilən xidmətlər, eləcə də müxtəlif malların satınalınması zamanı ən çox ütünlük verdiyi kotirovka sorğusu üsuludur. Belə ki, açıq tender  keçirmək üsulundan fərqli olaraq kotirovka sorğusu zamanı Rövşən Məmmədov və onun “yenilməz komandası” müxtəlif  şirkətləri asanlıqla qeyri-qanuni “qalib” edir və 50 min manata qədər müqavilələr imzalayır. Bununla da AzTV rəhbərliyi ciddi maliyyə pozuntularına yol verir. Bununla bağlı müvafiq hüquq-mühafizə orqanlarına dəqiq faktlar və ifadə verəcək mənbələr var. Sadəcə olaraq hesab edirəm ki, ölkə rəhbərliyinin siyasi iradəsinin yetərli olmasının Rövşən Məmmədovun bu qanuna zidd əməllərinə hüquqi qiymət verilməsinə kifayət edər.
R.Məmmədovun növbəti maxinasiyalarından biri AzTV-na “Kompyuter və televiziya avadanlıqlarının satın alınması” ilə bağlıdır. Belə ki, AzTV-nin “adətinə uyğun olaraq növbəti dəfə heç bir açıq tender elan etmədən birbaşa üsulla 06.04.2020-ci il tarixdə R.Məmmədovun yaxın qohumu Ramil Məmmədova məxsus “Elita Advestinq” MMC ilə 509.633 AZN məbləğində müqavilə bağlanılmışdır. Belə ki, buradan da görmək mümkündür ki, heç bir açıq tender keçirilmədən birbaşa üsulla satınalma qanunvericiliyinə zidd olaraq (Nəzərə alsaq ki, bu sahədə bir çox şirkətlərin olmasına baxmayaraq) “Elita Advestinq” MMC ilə  qeyri-qanuni olaraq müqavilə imzalanmışdır. Qeyd etmək yerinə düşərdi ki, “Elita Advestinq” MMC ilə AzTV arasında ilk müqavilə deyil. Belə ki, 01.05.2019- cu il tarixdə Aztv və bu MMC arasında 240000 AZN məbləğində müqavilə bağlanmışdır. Buradan göründüyü kimi bu MMC artıq ikinci ildir ki, AzTV-ni müxtəlif televiziya avadanlıqları və kompyuter texnikası ilə təchiz edir. Qeyd etmək lazımdır ki, bu yeganə fakt deyil, belə təkrar müqavilələr saysız hesabsızdır. Bu da korrupsiya faktlarına rəvac verir.
QSC-də növbəti maxinasiya Yanğından mühafizə vasitələrinin keyfiyyətinin bərpası məqsədi ilə yanğınsöndürmə balonlarının doldurulması ilə bağlıdır. Belə ki, 2019-cu ildə AzTV ilə “Red Line” MMC arasında 12000 AZN məbləğində müqavilə bağlanmışdır. Lakin balonların yenidən rənglənərək üz qabığının yeni tarixlə yapışdırılmasını nəzərə almasaq heç bir balonların yenidən doldurulmasıdan söhbət getməmişdir və burada da Rövşən Məmmədovun “otkat” əməliyyatı icra olunmuşdur.
AzTV rəhbərinin növbəti maxinasiyalarından biri də 2019-cu ildə yenə də heç bir açıq tender elan etmədən, birbaşa üsulla “Sistem Haus BUSINESS PARTNERS” MMC ilə televiziya avadanlıqlarının alınması və yeni server otağının qurulması ilə bağladığı 1980000 AZN manatlıq müqavilədir.
Bundan bəsqa ölkə Prezidentinin çıxıslarının və səfərlərinin çəkilişlərində montaj işinin aparılması üçün nəzərdə tutulmuş xüsusi otağın müxtəlif televiziya avadanlıqları ilə təchizi  məqsədlə elə o ərəfədə “Ştrix” MMC ilə yenə də qeyri-qanuni olaraq əsaslandırılmamış şəkildə, birbaşa üsulla  500000 AZN məbləğində müqavilə imzalanıb.
Xüsusi qeyd: R.Məmmədov bir qayda olaraq məbləğindən asılı olmayaraq AzTV ilə müxtəlif məqsədlərlə  (buraya müxtəlif məhsulların satınalınması və xidmətlər daxildir) müqavilə bağlamış şirkətlərdən öz mütəşəkkil dəstəsinin vasitəsi ilə 10% “Otkat” alır. Bu məlumatın döğruluğunu AzTV ilə iş birliyi olan istənilən şirkətdən öyrənmək mümkündür.
Bundan əlavə R.Məmmədov yuxarı dairələrin yanında özünü AzTV-yə başçılıq etdiyi qisa müddətdə “Yenilikçi” kimi təqdim etmək üçün 2019-cu ilin sonlarında qeyri qanuni olaraq “Nurgün” şirkəti ilə iş birliyi quraraq oradan lizinq vasitəsi ilə on ədəd “Şkoda” markalı avtomobillər almışdır. 2020-ci ilin ortalarına qədər sözü gedən bu maşınların alınmasına görə  Nurgün şirkətinə AzTV-nin “qara kassasından” müyyən məbləğdə faizlər ödənilmişdir. Sonra isə yenə də AzTV ilə Nurgün motors şirkəti arasında birbaşa müqavilə bağlanaraq  maşınlar AzTV-nin balansına alınmışdır. Bu isə bir başa olaraq Azərbaycan Respulikasının “Satınalma” qanununa ziddir.  Belə ki, dövlət büdcəsindən maliyyələşən AzTV üçün bu qeyri-qanuni əməl yolverilməzdir.

Xüsusi qeyd: Qeyd olunan avtomobillər “Nurgün” şirkətindən bir müddət ərzində Lizinq yolu ilə alındığı üçün qanunla bu avtomobillərin mülkiyyətçisi hamin şirkət olmuşdur. Ona görə da bu dönəmdə sozü gedən 10 ədəd Şkoda Rapid markalı bu avtomobillər AzTV-nin balansına daxil edilməmişdir və onların istismarı zamanı istifadə olunan yanacaq, eləcə də sıradan çıxmış ehtiyyat hissələri, AzTV-nin balansında olan digər müxtəlif markalı avtomobillərin üzərinə sənədləşdirilirək əldə olunmuşdur.
AzTV ərazisində iki qapalı və bir açıq tipli (mövsümi olaraq) yeməkxana qeyri-qanuni fəaliyyət göstərir. Belə ki, hər üç yeməkxana qeyri-qanuni olaraq, AzTV ilə heç bir istifadə barədə müqavilə olmadan və dövlət büdcəsinə bir manat pul ödəmədən fəaliyyət göstərir.

Qeyd: Baxmayaraq ki, hər üç yeməkxanada hər gün, 24 saat AzTV-nin yüzlərlə əməkdaşı öz şəxsi vəsaitləri hesabına çörək yeyirlər. Bu yeməkxanalara Rövşən Məmmədovun yaxın adamlarından biri Sərvər Bayramov nəzarət edir və oradan əldə edilən, vergidən yayınan qanunsuz gəlirlər R.Məmmədovun cibinə axır. Sərvər Bayramovun AzTV-də “xidmətlərindən” biri də QSC -də verilişlərə dəvət olunan müxtəlif dövlət  təşkilatlarından gələn qonaqlardan “şirinlik” və “hədiyyələrin” qəbul edilərək Rövşən Məmmədova çatdırılmasıdır.
AzTV-də olan növbəti qanun pozuntularından bir neçəsi də QSC-nin Kadrlar Departamentində baş verir. Belə ki, Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”nin müddəaları hər addımda pozulur. Məcəlləyə görə, yeni işə götürülən işçi ilə AzTV arasında ilkin olaraq  3 aylıq, 6 aylıq və 1 illik müddətə ardıcıl, daha sonra isə müddətsiz müqavilə bağlanılmalı olduğu halda bütün işçilərlə bir qayda olaraq 3 aylıq müqavilə bağlanılır. Bu isə R.Məmmədovun istənilən AzTV əməkdaşını müxtəlif şər-böhtanla vasitəsilə, asanlıqla onların hüqquqlarını pozaraq işdən azad etməsinə zəmin yaradır.
AzTV-də İdarəçilik faktiki olaraq sədrin həyat yoldaşı Ramilla Məmmədova və onun yaxın rəfiqəsi -  Kadrlar departamentinin rəisi İlhamə Hüseynova tərəfindən həyata keçirilir. Onların xoşuna və maraqlarına uyğun gəlməyən işçilər bir göz qırpımında müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır.
Rövşən Məmmədov AzTV-ni qohum, ailə (əsəsən də arvad qohumlarının) məhəllə uşağı və dost təşkilatına çevirib. İş o yerə gəlib çatıb ki, aşpaz dostu Vüqar Bəşirovu Təsərrüfat Departamentinə, məhəllə uşağı Müşviq Ibrahimovu isə Təchizat və Istehsalat Departamentinə rəhbər təyin edib. Bu faktlardan biri də QSC-nin Texniki Istehsalat birliyinə özünün məhəllə uşağı, bu sahədə heç bir şəriştəsi olmayan, adı bir neçə qaranlıq məsələlərdə hallanan Elnur Əliyevin təyin olunmasıdır. Elnur Əliyevin müavini isə sədrin həyat yoldaşının doğmaca əmisi, vaxtı ilə müxtəlif saxtakarlığa yol verərək keçmış sədr Arif Alışanov tərəfindən işdən qovulmuş Xəlil Məmmədovdur. Xəlilin AzTV-də əsas “fəaliyyəti” QSC-nin balansında olan müxtəlif invertarların talanmasıdır. Belə ki, Xəlil bəy qeyri iş günlərində QSC ərazisindən müxtəlif tikinti materiallarını (sement, kraska, taxta, dəmir və sairə), təsərrüfat və məişət avadanlıqlarını (buraya stol, stul, xalça, kovralit və sairə) gizli yolla talayaraq AzTV yaxınlıĝında yerləşən öz evinə daşıyır. Eləcə də AzTV-nin fəhlələrini evinin təmirində aylarla istismar edir.
Xüsusi qeyd: Elnur Əliyevin fədakar “əməyi”nin nəticəsi olaraq 2019-2020-ci illər ərzində  cənab Prezidentin diqqət və qayğısının nəticəsində AzTV-nin yayımının HD sisteminə keçirilməsi üçün 3000000 AZN-dən çox vəsait ayırılmasına baxmayaraq hələ də AzTV-nin hər üç kanalı (AzTV, Mədəniyyət, Idman kanalları) köhnə sistemlə yayımlanır. Bundan əlavə Rövşən Məmmədov QSC-nin maliyyə departamenti rəhbərliyinə arvadının dayısı oğlu olan Niyamməddin Quliyevi təyin etməklə bütün maliyyə və təchizat məsələlərini bir əldə cəmləyib. N.Quliyev isə maliyyə məsələlərində kifayət qədər səriştəli olmadığından müavini tərəfindən idarə olunur. Bundan başqa R.Məmmədovun müxtəf qonarar “Otkat” və “Ölücanlar” əməliyyatları mövcuddur. Yaxın adamları Nazilə Babayevaya, Ranar Musayevə, həyat yoldaşının əmisi Xəlilə və onların tabeçiliyində çalışan işçilərə  böyük miqdarda qonorarlar yazdırlmaqla özbaşınalıq edir. Demək olar ki, hər ay bu artıq yazılan saxta qonarar və “ölücanlar” əməliyyatlarından maliyyə departamentinin rəhbəri tərəfindən R.Məmmədovun “qara kassası”nın bir qismi təşkil olunur. Hətta 2020-cu ildə daxili audit yoxlaması aparan və bu faktları aşkar etməyə çox yaxın olan QSC-nin Daxili nəzarət və audit departamentinin rəisi Seymur Mansurov sərt təpkiylə üzləşmiş, tabeçiliyində olan işçiləri isə dərhal qeyd şərtsiz işdən azad olunmuşlar.
AzTV sədrinin daha bir qanunsuz əməlləri sözü gedən televiziyada reklamlar vasitəsi ilə əldə olunan gəlirlərin mənimsənilməsidir. Belə ki, müvafiq orqanlar tərəfindən hər üç kanalda ciddi təftiş aparılarsa orada efirə gedən müxtəlif reklamlardan gələn gəlirin bir qisminin nə dövlət büdcəsinə, nə də AzTV-nin büdcədən kənar gəlirlər fonduna daxil edilmədiyi aşkarlanar. Bu büdcədən kənar gəlirlər isə R.Məmmədovun qanunsuz əlavə gəlir mənbəyidir.
Bundan əlavə qeyd etmək yerinə düşər ki, QSC-nin maliyyə fəaliyyətində yetərincə ciddi qanun pozuntuları və mənimsəmələr mövcuddur. Buna misal olaraq AzTV ərazisində mövcud olan idman zalının tikintisini göstərmək olar. Bu idman zalının R.Məmmədov tərəfindən hansı vəsaitlər hesabına tikilib, müxtəlif idman avadanlıqları ilə təchiz olunduğu böyük suallar doğurur.
Azərbaycan Televiziyasında dövlətə əsl xəyanət baş verir. Bu xəyanətlərin bir qismi R.Məmmədovun səriştəsizliyinin, bir qismi isə acgözlüyünün nəticəsidir. Əgər dövlətin müvafiq strukturları burada yoxlamalara başlasa, R.Məmmədovun və onun qohumlardan ibarət mütəşəkkil dəstəsinin həbs olunması şübhəsizdir”.

REDAKSİYADAN: Qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.

S.Kəlbixanlı