AMEA-nın alimləri “Konfessiyalararası harmoniya həftəsi”nə həsr olunan konfransda iştirak ediblər

Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayeva virtual beynəlxalq konfessiyalararası konfransda iştirak ediblər.
 
Məlum olduğu kimi, 23 sentyabr 2010-cü ildə İordaniya kralı II Abdullahın təklifi ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası hər ilin fevral ayının ilk həftəsini “Konfessiyalararası harmoniya həftəsi” elan edib. Bu il belə bir tədbir Avstriyadakı Beynəlxalq Sülh Federasiyası və Dini Konfessiyaların Koalisiyası ilə bir neçə təşkilat, o cümlədən Beynəlxalq Parlamentarilər Assosiasiyasının, LIOS-SOIL təşkilatının və Pakistanın bir neçə universitetinin təşkilatçılığı ilə baş tutub.
 
AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Azərbaycan – regionun sülh qarantı” adlı məruzə ilə çıxış edib. O multikulturalizm və tolerantlığın həm tarixən, həm də bu gün Azərbaycanın dövlət siyasətində əhəmiyyətli yer tutmasından danışmaqla yanaşı, Ermənistanın son 30 ildə Azərbaycanın işğal etdiyi ərazilərində törətdiyi vandalizm, dağıdılmış məscidlər, qəbiristanlıqlar, o cümlədən 44 günlük Vətən müharibəsinin regionda sülhün bərqərar olmasında rolu haqqında geniş məlumat verib. Könül Bünyadzadə onu da xüsusilə vurğulayıb ki, bir dövlət məhz güclü halqa olmaqla insanlığın harmoniyasını qoruyub saxlaya bilər. Məruzə dinləyicilərdə maraq yaradıb və Azərbaycanın dövlət dini, bir vaxtlar hakim olmuş marksizmin dinə münasibəti, müharibədən sonrakı dövrdə əzizlərini itirmiş şəxslərə dini inancın necə kömək ola biləcəyi haqqında çoxsaylı suallar verilib, müzakirələr aparılıb.
 
Fəlsəfə elmləri doktoru Roida Rzayeva özünün “Dialoqun fəlsəfəsi” adlı məruzəsində qeyd edib ki, konfessiyalararası dialoq – müasirliyin tələbidir. Konfessiyalararası dialoq mədəniyyətlərarası dialoqun bir hissəsidir. Din mədəniyyətlərarası dialoq üçün bir alətdir. Bizim çoxmədəniyyətliliyimiz mədəniyyətlər və konfessiyalararası təcrübəmizdən asılıdır. Mühazirəçi onu da əlavə edib ki, müasir dövrdə konfessiyalararası problematikanın aşkar edilməsi dünya görüşü dəyərlərinin yenidən qiymətləndirilməsi ilə mümkündür. Məqsəd dini bərabərliyin və dialoqun verdiyi imkanların təmin edilməsidir. Bu sadəcə harmoniya üçün deyil, eyni zamanda müasir sosial cəmiyyətin atributlarının inkişafı üçün zəruridir.

www.science.gov.az