Akademiya və Əlyazmalar arxivindən nadir əsərlər necə oğurlanır...

Səadət Şıxıyeva: “Əsərləri plagiatlığa məruz qalan repressiya edilmiş alimlər arasında Salman Mümtazın, Əmin Abidin adı çəkilir”
 
Elmi tədqiqat əsərləri ilə bağlı plagiatliq hallarının geniş yayıldığı məlumdur. Xüsusən də Milli Elmlər Akademiyasının arxivində, əlyazmaların qorunduğu məkanlarda, eləcə də digər qurumların arxivlərində saxlanan əlyazmalara qarşı plagiatlıq halları mövcuddur.
 
Repressiyaya məruz qalan alimlərin, eləcə də həyatda olmayan elm adamlarının əlyazmaları və kitabları müxtəlif “alim”lər tərəfindən oğurlanır, öz adlarına çap edilir. Bu, böyük elmi oğurluqdur və buna görə də heç kəs cəzalandırılmır.
 
Təsəvvür edin ki, 80-100 il bundan əvvəl yazılan və hansısa bir səbəbdən çap edilməyən bir əlyazmanı başqası götürüb öz adına çap etdirir, elmi titullar, mükafatlar alır.
 
“Həyatda olmayan insanların əməyinin mənimsənilməsi ilə bağlı faktlar...”
Özünə “alim” deyən bəzi şəxslərin başqasının əməyini mənimsəməsini böyük cinayət adlandıran filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva “Bakı-Xəbər”ə bildirdi ki, bunlar Azərbayan elminin üz qarasıdır. “Siz o qədər aktual, ağrılı, Azərbaycan elminin üz qarası olan məsələlərə toxunursunuz ki, onları üç-dörd cümlə ilə cavablandırmaq çətindir. Əvvəla Azərbaycan “alimi” niyə oğurluq edir? Mənə elə gəlir ki, bu hər şeydən əvvəl müəllif hüquqlarının qorunmaması ilə bağlıdır. Düzdür, formal olaraq qanunlar var, amma alimin hüquqları sözdə qorunur. Alim öz hüquqlarını qorumaq üçün müxtəlif mərhələlərdən keçməlidir, ayrı-ayrı sənədlər hazırlamalıdır. Bunu etmək çox çətindir. Bizim il ərzində nə qədər məqaləmiz, çıxışlarımız olur, ancaq biz onların hamısına patent ala bilmərik. Tələb budur ki, hamısını mütləq sənədləşdirməlisən, bunu da Əqli Mülkiyyət Agentliyində təsdiqlətməlisən, bunlar da, dediyim kimi, uzun bir prosedurdur.
 
Düşünürəm ki, Azərbaycan aliminin elmi etikası, alim əxlaqı formalaşdırılmalıdır, hər şeyin kökü bundadır. Təsəvvür edin ki, bizim alimlərin çoxu, hətta yüksək titullu alimlər özləri belə plagiat nədir, nə etsə bu plagiat olar, ya olmaz kriteriyalarını bilmirlər. Bəziləri düşünürlər ki, plagiat kiminsə əsərini sözbəsöz köçürmək, yaxud kompyuterdən copi-paste etməkdir plagiatlıq. Elə deyil. Plagiatlıq hər hansı bir insanın özünə qədərki, yaxud öz müasiri olan insanın əməyinin məhsulunu, elmi-zehni, əqli mülkiyyətinin məhsulu olan əsəri, fikri, ideyanı mənimsəməkdir. Bu bir ideya da, bir əsərin icmalı da, yaxud hər hansı bir cümlənin istinad edilmədən eynilə köçürülməsi də ola bilər. Başqasına aid olan əqli mülkiyyəti onun xəbəri olmadan, icazəsi olmadan mənimsəmək, istinad göstərməmək, bütün hallarda, plagiat sayılmalıdır. Amma çox təəssüf ki, bizdə bu sərhədlər müəyyənləşməyib. Alimlərin nə özünün əqli mülkiyyətini qorumaq, nə də digərlərinin əqli mülkiyyətinə hörmət etməklə bağlı təsəvvürləri yoxdur. Bu da çox təəssüf ki, plagiata yol açır”.
 
Repressiya qurbanı olmuş alimlərin əsərlərinin plagiatlığa məruz qalması ilə bağlı məsələyə münasibət bildirən S.Şıxıyevanın sözlərinə görə, təəssüf ki, bu faktdır. “Repressiyadan üzü bəri Azərbaycanda əqli mülkiyyətin oğurluğu niyə baş verib? Əslində, fikir oğurluqları həmişə olub. Xəqaninin, Nizaminin, Füzulinin, Nəsiminin əsərləri oxunanda biz hər zaman görürük ki, onlar da ədəbi  fikirlərinin oğurlanmasından şikayətçidirlər. İdeyanın qaynağı olan və öz çağdaşlarını, eləcə də özlərindən sonra gələnləri istiqamətləndirən insanların da əməyinə göz dikən, bununla da daha asan şöhrət, hörmət qazanmaq, populyarlaşmaq istəyənlər hər zaman olub. Oğurluq elə bir məsələdir ki, onu həmişəlik gizlətmək mümkün olmur, o gec-tez üzə çıxır. Təzkirənin strukturunu, təzkirə necə olmalıdır məsələsini irəli sürən aşıq Çələbi olub, Lətifi həmin fikri götürüb ondan istifadə edib. Yəni üstündən yüzillər keçsə də, plagiatlığı gizlətmək olmur. Bütün hallarda, sonrakı araşdırmaçılar da olsa, onu tapıb üzə çıxarır. Təəssüflər olsun ki, bilmirəm nəzarətsizlikdənmi, yoxsa alimlərimizin elmi tədqiqat işinin hansı şəkildə qurulması barədə təsəvvürlərinin səthi olmasındanmı qaynaqlanır, son on ildə Azərbaycan elmində plagiatlıq baş alıb gedir. Bunun nümunələri saysızdır. Bəli, repressiya dövründə həbs olunan, edam edilən, həyatları yarıda qırılan alimlərin, tədqiqatçıların da əqli mülkiyyəti - əsərləri, çap edilməyən əlyazmaları plagiatlığa məruz qalıb. Elmi ictimaiyyətdə bu barədə lətifəvari əhvalatlar da danışılır, hətta karikaturalar da çəkildi ki, tanınmış bir alimin bir əli bir alimin, o biri əli isə digər alimin cibindən çıxır, yəni o onların fikirlərini mənimsəyib. Amma bu nə qədər həqiqətdir, deyə bilmərəm. Amma, hər halda, əsərləri plagiatlığa məruz qalan repressiya edilmiş alimlər arasında Salman Mümtazın, Əmin Abidin adı çəkilir. Mənim rastıma çıxan ən çox bu iki ədəbiyyatşünasımızdır ki, bəli, onların fikirlərinin digərləri tərəfindən mənimsənildiyi deyilir. Bizim mühacir ədəbiyyatşünasların da fikirləri sovet dövründə mənimsənilib. Hətta Məhəmməd Əmin Rəsulzadənin “Böyük Azərbaycan şairi Nizami” əsərindəki ideyalar ondan sonrakı bir çox tədqiqatçının əsərlərinə yol tapdı, amma istinad verilmədi. Biz indi onlardan soruşsaq ki, niyə istinad etməmisiniz, deyəcəklər ki, o dövrdə onların adlarının qarşısında tabu, qadağa vardı. Yaxşı, sonra bu niyə təkzib olunmadı, niyə bu əsaslandırılmadı, halbuki, buna aydınlıq gətirilməli idi. Çünki o alimlərin bir çoxu müstəqillik dövründə hələ həyatda idilər. Heç olmasa təkzib etməli idilər ki, mənim bu ideyalarım Məhəmməd Əmin Rəsulzadənin əsərindən qaynaqlanıb, amma etmədilər. Yəni repressiyaya uğramış ədəbiyyatşünaslarımız da, mühacirətdə olan, adları qarşısına tabu qoyulan alimlərimiz də plagiatlığa məruz qalıblar.
 
Qeyd etdiyim kimi, Azərbaycan ədəbiyyatşünaslığında plagiatlıqla bağlı çox fakt var. Təsəvvür edin ki, mən Azərbaycan ədəbiyyatşünaslığında plagiatın növlərini düşünəndə dəhşətə gəlirəm. Bu nələrdə üzə çıxır? Təsəvvür edin ki, bir nəfər gənc tədqiqatçıdır, o, bir ideya irəli sürür və nüfuzlu bir alim onun ideyasını mənimsəyir, öz nüfuzundan, vəzifəsindən, tutduğu mövqeyindən istifadə edərək onun fikirlərini öz adından təqdim edir, ideya müəllifi olan həmin adam da cəsarətsizdirsə, susur, mənim kimi axına qarşı çıxandırsa, illərdir təqib olunur. Yəni bunlar doğru yanaşma deyil. İdeya konkret bir şəxsə məxsus olur. Fərqi yoxdur, bu tədqiqatçı gəncdir, orta yaşlıdır, bu ideya onundur, ona hörmət qoyulmalıdır, bizdə isə bu yoxdur”.
 
Azərbaycan elmində plagiatlığın çeşidli növləri olduğunu deyən S.Şıxıyevanın sözlərinə görə, bu, birincisi, bəzi tədqiqatçıların özlərinə qədərki fikri istinadsız mənimsəməsidir. “İkincisi, özünə qədəki müəllifə özünü ortaq müəllif, həmmüəllif kimi təqdim edir. Bu nə qədər düzgündür? Siz akademik Həmid Araslının əsərlərinin son dövrlərdəki nəşrlərinə baxın.  Baxırıq ki, Həmid Araslıya həmmüəllif qoşulub. Həmid Araslı həyatda yoxdur, onun əsərlərinə  kiminsə özünü həmmüəllif qoşması nə dərəcədə düzgündür? Həmmüəlliflik iki şəxsin birgə əməyinin məhsulu deməkdir. Əgər ikinci tərəfin razılığı yoxdursa, hansı həmmüəlliflikdən danışılır? Bu da müəlliflik hüququnun pozulmasıdır, bir alimin digər alim tərəfindən əməyinin mənimsənilməsidir. Həyatda olmayan insanların əməyinin mənimsənilməsi ilə bağlı faktlar təəssüf ki, Azərbaycan elmində çoxdur. Elmi-tədqiqat institutlarında işlər belə qurulub ki, biz 3-5 il müddətində irihəcmli bir tədqiqat işini plan işi götürürük və onu işləyirik, bitəndən sonra həmin işlər əlyazma şəklində arxivlərə təqdim olunur. Əgər insanın imkanı çatıb həmin əsəri kitab şəklində çap etdirə bilirsə, nə gözəl, amma maddi imkansızlıq ucbatından, yaxud dünyasını dəyişir, əlyazmasını kitab şəklində çap etdirə bilmirsə, o əlyazma arxivdə qalır. Sonra kimlərsə müxtəlif yollarla həmin qovluqları əldə edir və o əlyazmanı öz adına çap etdirir. Bu, maddi materialın mənimsənilməsidir. Mən əqli mülkiyyətin bu şəkildə oğurlanmasına ad tapa bilmirəm, bu, plagiatdan da betər bir haldır, alim əxlaqına sığmayan bir məsələdir. Bir insan gözünün nurunu töküb aylarla-illərlə arxivlərdə çalışır, araşdırmalar aparıb ortaya bir iş qoyur, həmin iş onun deyil, başqa bir adamın adına nəşr edilir. Bunun dönə-dönə şahidi olmuşam. Məsələn, görürsən ki, uzun illər, tutalım, ədəbiyyat tarixinə aid bir toplu hazırlanır... Şahidi olmuşam ki, əvvəlcə məqalə bir adamın adı ilə gəlib, həmin nəşrin işıq üzü görməsi yubanıb, çap olunanda isə həmin məqalə, oçerk başqa bir adamın adı ilə çıxıb. Eləcə də “Ədəbiyyat tarixi”ndə redaktorların adının dəyişməsinin şahidi olmuşam ki, cilddə əvvəlcə başqa adamın adı redaktor kimi qeyd edilib, o, dünyasını dəyişdikdən sonra başqasının adı yazıldı, həmin adam da rəhmətə getdi, onun əvəzinə digərinin adı qeyd edildi. Özü də redaktə prosesinə aidiyyəti olmayan bir adamın adı ora redaktor kimi yazıldı. Yəni bütün bunlar müəllif hüquqlarının pozulmasıdır, Azərbaycan elmini, alimini beynəlxalq səviyyədə hörmətdən salan arzuolunmaz hallardır. Fərqi yoxdur, o insan həyatdadır, yoxsa yox, onun əsəri özünün əməyinin məhsulu kimi təqdim olunmalıdır”.
 
S.Şıxıyevanın fikrincə, mütləq şəkildə bütün arxivlər elektronlaşmalıdır, əlyazmaların elektron kataloqları hazırlanmalıdır ki, kim neçənci ildə hansı işi görüb, hansı elmi işi nə həcmdə yazıb. Bütün bunların elektron qaydada təsvirinin verilməli olduğunu deyən S.Şıxıyevanın qənaətinə görə, kitabların kataloqlaşdırılması ilə yanaşı, əlyazmalar da kataloqlaşdırılmalıdır ki, sonradan oğurluğun qarşısı alınsın.
 
Bu halın qarşısının alınması üçün mütləq cəza tədbirlərin müəyyənləşdirilməsinin tərəfdarı olan alim qeyd edir ki, məsələn, Türkiyədə və başqa ölkələrdə kiminsə digərinin əqli, zehni mülkiyyətəni mənimsəməsi barədə faktlar üzə çıxarsa, plagiatlıq edənlər cəzalandırılır, ya elmi dərəcəsi, ya vəzifəsi əlindən alınır: “Amma bizdə yüzlərlə əsər mənimsənilir, heç kim də buna görə məsuliyyət daşımır. Mütləq cəza növü müəyyənləşdirilməlidir, plagiatlıq edənlər alim əxlaqına sığmayan hərəkətlərinə görə cəzalandırılmalıdırlar ki, sonradan gələnlər bundan örnək götürsünlər. Azərbaycan elmini nüfuzdan salan daha bir eybəcər təzahür də var. O da digərinin əqli mülkiyyətinin istismarıdır. Görürsən ki, bir nəfər institut rəhbərinin il ərzində onlarla kitabı, elmi məqaləsi çıxıb. Bu mümkün deyil. Yəni bu bir insanın fiziki imkanlarını aşan bir haldır, amma baxırsan ki, hesabat verəndə onlarla kitabı var. Bu kitablarda bir insanın adı yazılır, amma onun arxasında onun tabeliyində işləyən bir neçə alimin əməyi durur. Bu da başqasının əməyini mənimsəməkdir. Düşünürəm ki, bütün bu hallar yeni yaradılan elmi sistemdə mütləq şəkildə dəyərləndilməli, alimin müəlliflik hüququ, əqli mülkiyyətinə sahibliyinin kriteriyaları müəyyənləşdirilməlidir. Plagiat nədir? Bunun mahiyyəti, zərəri yeni başlayan tədqiqatçılara aşılanmalıdır, təlqin olunmalıdır.
 
...Siz “Təzkireyi Nəvvab” əsərinə baxın. Mən bu işin müəllifliyi ətrafında olan müzakirədə ekspert kimi iştirak edirdim. İnanın, insan heyrətə gəlir. İki qovluq Nəsrəddin Qarayevin adına yazılıb, kitab isə başqa müəlliflərin adı ilə çap olunub. Halbuki, bu əsər Nəsrəddin Qarayevin adı ilə arxivə təhvil verilib. Bu yeganə hal deyil. Arxivləri araşdırsanız görərsiniz ki, əlyazmanın ilk variantda başqa bir adamın adı qeyd edilib, o adam dünyasını dəyişəndən sonra kitabda başqa adamların adları yazılıb. Bütün bunlar ciddi şəkildə araşdırılmalıdır. Biz Azərbaycan elminin və aliminin beynəlxalq aləmdə nüfuz qazanmasını istəyiriksə, hər şeydən əvvəl əqli mülkiyyət sahəsində olan problemlərə aydınlıq gətirməliyik” - deyə S.Şıxıyeva bildirdi.
 
İradə SARIYEVA
 
baki-xeber.com