Qara Qarayevin “Yeddi gözəl” baleti Moskvada nümayiş olunacaq

Fevralın 9-da Moskva Quberniya Teatrında dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş etdiriləcək.  

Mədəniyyət Nazirliyindən APA-ya verilnə məlumata görə, “Rus baleti” Dövlət Teatrının ifasında təqdim ediləcək tamaşa müəllifin anadan olmasının 103-cü ildönümümə həsr olunub.

Bəstəkarın Azərbaycan ədəbiyyatının ən nəhəng simalarından olan Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri əsasında yazdığı əsərin növbəti nümayişi isə dahi şairin 880 illiyi münasibətilə 30 martda keçiriləcək.

 

Qeyd edək ki, 2018-ci ildə Qara Qarayevin 100 illik yubileyi münasibətilə Moskvada məşhur  balet ustası, SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Rus baleti” Dövlət Teatrının ifasında “Yeddi gözəl” nümayiş olunmuşdu.  Tamaşanın yeni redaksiyasını görkəmli baletmeysterlər, Azərbaycanın xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədova məxsus quruluş əsasında Əməkdar artist Vitali Axundov hazırlayıb.

Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerası 1952-ci ildə olub və ötən illərdə əsər bir çox məşhur teatr səhnələrində təqdim edilib. Bu əsərlə  Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulub. "Yeddi gözəl" ölkəmizdə balet janrının inkişafında mühüm rol oynamaqla bərabər, həmçinin Azərbaycan klassik musiqisində yeni mərhələ təşkil edir.