Abşeron rayon Ceyranbatan Uşaq İncəsənət məktəbinin saz müəllimi Elçin Xaliqoğlu özünün bəstələdiyi “El qızı” adlı yeni mahnısını müsiqisevərlərə təqdim edib. O, mahnının sözlərinin yazıçı-publisist Pərvanə Bayramqızına aid olduğunu bildirib. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin radiosunun “Gözəlləmə” və “Yurd yeri” verilişlərindən və televiziya kanallarından saz-solo ifaçısı kimi tanınan Elçin Xaliqoğlu Soltan Hacıbəyov adına Sumqayıt musiqi texnikumunu bitirib. 2002-ci ildə Xalq artisti Baba Mahmudoğlunun “Misri”, 2003-cü ildə “İrs” folklor ansamblının solisti olan Elçin Xaliqoğlu “Sarı gəlin” xalq mahnısını ilk dəfə sazda onun ifa etdiyini vurğulayıb.
Çalışdığı müəssisədə 2012-2013-cü tədris ilində məktəbin ictimai həyatında fəal iştirakına və nümunəvi şagirdlər yetişdirdiyinə görə Fəxri fərmanla təltif olunan ifaçı Gədəbəydə və Bakıda keçirilən musiqi müsabiqələrinin də laureatı olmuşdur.
“Drujba” jurnalında (2011) tanınmış ziyalıların sırasında adı çəkilən Elçin Xaliqoğlunun haqqında “Gədəbəy şairləri və aşıqları” kitabında məlumat da yer alıb. O həmçinin “Lider” qəzetinin 27 fevral 2009-cu il buraxılışında irsi bağlılıq mövzusunda yaddaşına əsaslanan məqalə ilə çıxış etmişdir.
Özünü bəstəkar hesab etməyən Elçin Xaliqoğlu yaxın gələcəkdə yeni mahnılar lentə aldıracağını bildirib.
© 2020 - Created by İLK XEBER.