“Bu gün Türkmənistan ilə Azərbaycan arasında ənənəvi dostluq, qardaşlıq münasibətlərində çox əhəmiyyətli gündür. Türkmənistan Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalanır”.
APA-nın məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında görüşündə deyib.
Q. Berdiməhəmmədov bildirib ki, ölkələrimiz tərəfindən aparılmış çoxillik böyük işin nəticəsi olan bu sənəd enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iki nəhəng enerji dövlətinin çox zəngin birgə potensialının üzə çıxarılmasına, Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib: “Məlum olduğu kimi, 2020-ci ilin mart ayında mənim Bakıya rəsmi səfərim zamanı Sizinlə birlikdə Xəzər dənizində energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını ətraflı müzakirə və təhlil etdik. Nəticədə Xəzərdə iri karbohidrogen resursları yataqlarından birində birgə iş barədə razılaşma əldə edildi. Həm də vurğulandı ki, həmin fəaliyyətin əsas prinsipləri həmrəylik, qarşılıqlı hörmət və dəstək olacaq. Buna görə də həmin yatağı “Dostluq” adlandırmaq barədə bizim ümumi qərarımız dərin rəmzi məna daşıyır. Şübhə yoxdur ki, yuxarıda qeyd etdiyim razılaşmalar, qəbul olunmuş qərarlar bizim münasibətlərimizin, dövlətlərimizin tarixinə həqiqi mehriban qonşuluğun, məsuliyyətin və uzaqgörənliyin, hüquq bərabərliyinin və bir-birinin mənafelərini nəzərə almağın parlaq nümunəsi kimi daxil olacaq. Onlar, əlbəttə, Türkmənistan və Azərbaycan xalqları, həmçinin bizim dövlətlərimiz arasında dostluğu və qardaşlığı daha da möhkəmlədəcək”.
© 2020 - Created by İLK XEBER.