“Ədəbiyyat və incəsənət” qəzetinin 1990-cı il buraxılışından seçmələr

Pərvanə BAYRAMQIZI

(məqalədən bir hissə)

“Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm:  –  ana dilimizi, vicdanımızı, Vətənimizi”
                                                                               Şah İsmayıl Xətai

Əvvəlcə etiraf edim ki, yazını ana dili ilə bağlı başlamamışdım. Bu işə hansı məqsədlə yanaşdığımı əsas hissədə geniş şəkildə açıqlamışam. Ağlımda başqa mövzu olduğu halda, ana dilinə sevgim araşdıracağım mövzuya olan marağıma qoşulub “yaxamdan əl çəkmədi”. Mənbə kimi seçdiyim qəzetin səhifələrində yer alan yazılar da buna şərait yaratdığından hər iki mövzunu işləyib sistemləşdirdim və birinci hissəni ana dilinə həsr etdim.

Azərbaycanımızı, milli birliyimizi və dilimizi qorumaq üçün tarix boyu vuruşmuşuq, Qoruya bildiyimiz qədər qorumuşuq, olduğumuz qədər qalmışıq. Otuz illik yurd həsrəti bəzən bizi “birdən Qarabağ da İrəvanın taleyini yaşasa...” deyə qorxuya da salıb. “Bəs bunu yaşamamaq üçün neyləməliyik? Ana dilimiz də yurdumuzun bir hissəsi kimi itməsin, daha da korlanmasın deyə nə iş görməliyik?” kimi suallara cavab axtaranlarımız çalışdılar, ömürlərini çapalarla keçirdilər. Nail olduqları da oldu, yarımçıq qoyduqları da. Uzun-uzun illəri yaşayıb yola saldıq. Bu qorxu və məsuliyyəti vətəndaş kimi həmişə canımda hiss etmişəm. Bu işə də məni vətəndaşlıq borcu sövq etdi.

1990-cı ildə ədəbi dərgilərin milli birlik və dil təəssübkeşliyi mövzusunda hansı təbliğat işini apardıqları mənə maraqlı görünürdü. Bilmək istəyirdim ki, həmin vaxtda millətin təfəkkürünə təsir edə biləcək nələr yazılıb. İlk araşdırdığım “Ədəbiyyat və incəsənət” qəzeti oldu. (Daha geniş və əhatəli məqaləni yaxın günlərdə oxuya biləcəksiniz.)

Dilinin, millətinin qeydinə qalan, onun gələcəyindən narahat olan hər bir ziyalı dil mövzusunda zaman-zaman fikir bildiriblər. “Molla Nəsrəddin” jurnalında ana dilinə münasibətin acınacaqlı olduğunu əks etdirən məşhur foto yadınızdadır; bir nəfərin ağzına 3-4 dil yerləşdirməyə çalışırlar. Bu qeyri dillərin öyrənilməsinin əlehinə yönəlmiş təbliğat deyil. Ana dilini bütün dillərdən üstün tutmağı aşılayan karikaturadır. Eləcə də Cəlil Məmmədquluzadənin yaradıcılığında ana dili mövzusu çox qabardılıb. Bu o deməkdir ki, ədib ana dilinin taleyindən, onu gözləyən aqibətdən nigarandır. Həmin dövr ilə indikini müqayisə edəndə eyni problemlərin yenə mövcud olduğunu görürük. O biri yazılarımda bu problemlərdən yetərincə bəhs edildiyindən burda geniş təhlilə ehtiyac duymuram.

“Ədəbiyyat və incəsənət” qəzetində ana dili mövzusuna kifayət qədər yer ayrılıb. Bəllidir ki, bu barədə yazmağa həmin vaxtlarda icazə verilib, əks halda 70 il ərzində yazılardı. Sovet hakimiyyəti illərində rus dilinə göstərilən həvəs, maraq, hətta qayğı ana dilinə göstərilmirdi.

B.Vahabzadənin yanvar ayının 12-də dərc edilmiş “Ana dili” məqaləsində sovet dönəminin azərbaycanlısının ana dilinə münasibəti təəssüf doğurur yox ee, adamı odsuz-ocaqsız yandırır. Şair əvvəldə bildirir ki, məqaləni bir məktub əsasında yazıb. Oxucunun məktubunda xüsusi diqqət yetiriləcək üç cümlənin də altından da xətt çəkib:

1 “həm də o vaxt milli məsələ yox idi”,

2 “Şəxsən mənim gələcəyə inamım yoxdur”,

3 “Siz gələcəyi bizdən yaxşı görürsünüz”.

Bu fikirlərə şair ürək ağrısı ilə cavab verir: “O zaman Azərbaycan dili hörmətli olsaydı, bu yoldaş övladlarını Azərbaycan məktəbinə verərdi.”

Ana dilinə bu cür münasibət bəsləmək çox utancvericidir.

Oxucunun növbəti: “Şəxsən mənim gələcəyə inamım yoxdur” ümidsizliyini o yenə də tutarlı şəkildə şərh edir: “Yəni demək istəyir ki, indi ana dilinin hörmətə minməyi ötəri haldır, sabah yenə də bu dil hörmətdən düşə bilər”.

Üçüncü sualın cavabında Bəxtiyar Vahabzadə özünü milli mənsubiyyətinə, dilinə ürəkdən bağlı olan azərbaycanlı valideyn kimi təqdim edərək, gözəl nümunə göstərmiş olur: “yox, əzizim, sənin düşündüyün mənada gələcəyi görənlərdən deyiləm. Əgər elə olsaydı, mən də sənin kimi balalarımı və nəvələrimi Bakı şəraitində rusdilli məktəbə verərdim”.

Göründüyü kimi, rusdilli məktəb problemini hələ də həll edə bilməmişik.

Şair oxucuya dediyi: “siz hələ ən adi bir həqiqəti bilmirsiniz ki, Ana dili vaxta görə seçilməməlidir. Ana dili oluğuna görə bütün dillərdən seçilməli və sevilməlidir. Vətəni də gözəl və səfalı olduğuna görə sevmirlər, yalnız Vətən olduğuna görə sevirlər” - bu fikirlər hər bir dövrdə vətəndaşların devizi olmalıdır.

Sonda şair oxucunun səhvini dərk edəcəyinə ümid edərək daha bir gözəl istiqamət verir: “rus pedaqoqu Uşinsknin "Ana dili" məqaləsini diqqətlə oxuyun”.

Qəzetin mart ayının 8-də çıxan nömrəsində “Ümumxalq işi” adlı məqalədə Rasimə Seyidova da ürək ağrısı ilə ana dilinin problemlərindən bəhs edir: “Məlumdur ki, dilin ən yaxşı öyrənilməsi erkən yaşlarından olur. Buna baxmayaraq, Bakıdakı uşaq bağçalarının çoxunda Azərbaycan dilli qruplar yoxdur. Bir sıra bürokratlar, milli qeyrət hissindən məhrum olan müdirlər özlərini zəhmətə salmamaq üçün müxtəlif bəhanələrlə Azərbaycan qruplarının açılmasına mane olurlar. Hazırda Bakıda, xüsusən şəhərin mərkəzi hissəsində, habelə 26 Bakı komissarı, Nəsimi, Nərimanov, Xətai rayonlarında Azərbaycan dilli məktəblərin sayı, rus məktəblərindən xeyli azdır. 1944-cü ilədək şəhərimizin bütün məktəbləri beynəlmiləl adlanırdı. Sonralar məktəbləri ayırırb Azərbaycan dilli məktəblərin çoxunu bağladılar. Ona görə də yaşadıqları rayonda Azərbaycan dilli məktəb olmadığından azərbaycanlı valideynlər uşaqlarını rus...” Təəssüf ki, həmin hissə pozulduğundan ardını oxumaq mümkün olmadı.

Yutuba “1980-ci ildə Bakı məktəbləri” adlı video yüklənilib. İzləyənlər arasında o kadra laqeyd qalanın olduğuna inanmağım gəlmir. Telli Pənahqızının rusdilli məktəbliyə “Azərbaycanın paytaxtı haradır?” deyə verdiyi suala qızın: “Səməd Vurğun” – deyə cavab verməsini eşitmək ağırdır. Çox güman ki, o, Azərbaycan şeirinin müəllifinin kim olduğunun soruşulduğunu zənn edir. Telli Pənahqızı qıza irad tutur: “niyə Azərbaycan dilini öyrənmirsən?” Çox gözəl. Yaxşı təbliğatdır. Amma “niyə belə tez?” sualını ancaq kinayə ilə vermək olar. Sayın Telli xanım bu sualı neçə il əvvəl verə bilərdi. O kadr çəkilənədək Azərbaycan dili yetərincə sıxışıldırılmışdı. Əlbəttə, bunun günahkarı Telli xanım deyil. Ola bilsin, o vaxtlar tələbə olub və yaxud işləməyib, hər hansı səlahiyyəti olmayıb. Fakt isə budur ki, Telli xanım gecikib. Mikrofon o qıza tuşlanılanadək olan-olub. Ən əsas da artıq bu “tuşlanmaya” icazə verilmişdi.

Filologiya elmləri namizədi Əsmət Məhsətinin (Həsənova) 20 iyulda çıxan 27-ci nömrədə “Ana dili ”mövzusunda əhatəli və geniş məqaləsi dərc edilib. Burda millətin formalaşması üçün vacib olan bütün amillər göstərilib.

“Dilimizin əzəli və əbədi hüququnu – yaşamaq hüququnu, yaşadıqca da cavanlaşmaq, gözəlləşmək hüququnu özünə qaytarıblar. Dilin statusu barədə qanuna nail olmuşuq: Azərbaycan dili dövlət dili elan edilib. Yəni xalqın dili xalqın özünə qaytarılıb.  Qəribə də olsa da, qeyri-elmi, qeyri-qanuni qanuna necə də sevinirik. Neyləmək olar, taleyimiz belə gətirib. Hər cür istibdadın ən qatı, ən çirkin modeli olan Stalin istibdadı məngənəsində çırpına-çırpına yaşadığımız illərdən sonra duyduğumuz bu ilk sevinc, doğrudan da, böyük nemətdir. Necə də sevinməyəsən ki, o illərdə ana dilimizdə danışsaq da, hətta nəğmələr oxusaq da, bu dili sevməyə, ona məhəbbətimizi izhar etməyə haqqımız yox idi. Kim buna azacıq cəhd edərsə, adını millətçi qoyurdular.”

Nə qədər bəxtsiz millət olasan ki, yuxarıda oxuduqlarımızı tale kimi yaşayasan...

Məqalənin davamını oxuduqca adam daha çox təəccüblənir, təəssüflənir və başqa hansı hissləri keçirir - onu özünüz duyacaqsınız.

“Doğma respublikamızı rus dilində idarə etməyə, xalqımızı rus dilində sevməyə məcbur idik. Ana dilimizdə danışsaq da, onun sahibi olduğumuzu bizə unutdurmuşdular. Dili yaşatmaq məsuliyyəti bizim üstümüzdə ikən, onun əlimizlə hörülən gözəllik çələngini əldən-ələ, nəsildən-nəslə ötürməli ikən bizi onun qol-qabırğasını sındırmağa məcbur etmişdilər. Biz dünyanın ən saf, ən zərif, ən kövrək və musiqili dillərindən biri olan Azərbaycan dilini öz əlimizlə, öz dilimizlə yaralamışıq, özgə dillərin özgə sözləri ilə, bəzən də elə öz dilimizin öz sözləri ilə ona yal-yamaq vurmuşuq. “Vosmoy kilometrə getmişdim...”, “Obedə nə vaxt gedək?” ”

Müəllif valideynlərin öz uşaqlarını rus məktəblərinə göndərməklərini doğma dilə təcavüz, doğma övladını könüllü yadlara bağışlamaq kimi qiymətləndirir.

Həmin mövzu, həmin problem bu gün yenə təhlil edilir, yenə ana dilinin qorunması uğrunda mübarizə aparılır, yenə qalaq-qalaq mətnlər yazılır.

Rus məktəbləri problemi yenə gündəmdədir. Bu məsələdə ziyalıların mövqeyisə birmənalı deyil. Kimi  bunun faydalı, kimi də zərərli  tərəflərini izah edir.

11 may №17.“Yenə dil haqqında”. Niyazı Mehdinin yazısı:

 “Vəziyyətimiz çox qəribədir. Öz danışığımızda sözlərimizi aşağılaşdıran, nəcibsizləşdirən deyim var. Sözümüzün birinin çoxanlamlığı varsa və bu anlamlardan biri “ayıb” işlərlə bağlı mənalardadırsa, görürsən deyirlər “türkün sözü”. Bütün dillərdə öz anlamından başqa bir ayıb məna da verən sözlər çoxdur. Əgər xalq zarafatı sevirsə, o mütləq sözləri yerindən dəbərdib ona kobud mənalar verəcək. Ancaq di gəl ki, ingilis ciddi söhbət aparanda işlətdiyi sözlərin bəzilərinin bir pis anlamı varsa, heç ağlına da gəlmir ki, qabaqca “ingilisin sözü” desin.  Bizdə nə qədər adam var ki, qabaq sözünü də işlətməyə utanır. Nə qədər adam var ki, “türkün sözü” deyib aölımıza gəlməyən şeyləri yadımıza salırlar, sonra da deyirlər ki, bax, bunu “yadıva” salma ha.”

“Hərdən mənə elə gəlir ki, bizim çoxumuzda, hətta “türkün sözü” deməyənlərin özündə belə düşünüşlərinin gizlənlərində duyğularının içində “türkün sözü” kompleksi, azarı var. Baxın nə qədər elmi yazılar, jurnalist məqalələri var ki, “içi yox, “daxili” deyir. (halbuki ikisini də işlətmək olar) “Girdi sözünü işlətmək nəsə qaba sayılır (türkün sözü), “daxil olmaq” isə nəsə yaxşı sayılır.”

“Bizim çox filosoflar “kökündə durur” deməyi sevmirlər, sevirlər “zəminində durur” deməyi. "Zəmin" isə farsca torpaq deməkdir və incə qulaqlar üçün torpaq da kök kimi qabadır. Ona görə də incəlik xəstəsi “oyanışın zəminində” yazır, daha “oyanışın torpağında” yox, çünki zəmin deyəndə “torpaq” sözünü eşitmir, əvəzində hazır elmiliyi olan anlayış gəlir qulağına. Ancaq bir vaxt biz də tez-tez torpaq sözünü “zəminlə” bərabər elmi anlayış daşıyıcısı kimi işlətsəydik, “zəmin”in əvəzinə onu yazanda soyuq, qara torpağı duymazdıq, bir şeyin dayağını, mahiyyətverici, canverici yerini-kökünü eşidərdik”.

Çox gözəl məqalədir.

“Şeir dili və alınma sözlər”. Müəllifi Muradxan Cahangirovdur. Ana dili probleminə həsr olunur. "Molla Nəsrəddin" jurnalında yabançı dillərə meyl edib, ana dilinə xor baxanların tənqid edildiyindən bəhs edilir. C.Məmmədquluzdənin “Şeir bülbülləri” hekayəsindən və “M.S.Ordubadi ərəbçiləri-farsçıları qamçılayır” şeirindən bəzi hissələr də mətndə yer alıb.

Məqalədə kifayət qədər müzakirə ediləsi məqamlar var.

Sonda bir xatırtlatma da etmək istəyirəm:

Çoxunun Azərbaycan televiziyası vasitəsilə izlədiyi kadrlar yutub kanalında da var, onu da izləmək maraqlı olar. Akademiklər, şairlər və yazıçılar Ana dilimizin Azərbaycan, ya türk dili adlanması ilə bağlı fikirlərini bildirirlər. Heydər Əliyev də onları dinləyir. Bir ölkənin ziyalıları eyni millət, eyni dil haqqında müxtəlif fikirlər söyləyirlər. Hərə bir kitabdan, bir ədəbiyyatdan misal gətirir. Qəribədir, göstərilən bu boyda faktlar bir-birinə uyğun gəlmir. Həmin kadrlara baxanda elə keçirdiyimiz hisslərdəncə geniş bir məqalə yazmaq olar. Müzakirədə akademik İqrar Əliyevin nümunə göstərdiyi kitabı oxumadığımdan bilmirəm içində türk tarixini necə qələmə alıblar, amma akademikin çıxışından kitabın müəllifinin obyektiv olduğu şübhə doğurur. Bəlkə də, “hansısa uzaqgörən siyasətçi” elə bu gün çaşqınlıq yaratsın deyə yazıb o kitabı...

Çox istərdim ki, qəzetin bu nömrəsini hər yaş qrupundan olan oxucular kitabxanalardan əldə edib oxusunlar. O səhifələrdə Azərbaycan xalqı dili, dərdləri və birliyi ilə birgə yaşayır.

Pərvanə BAYRAMQIZI