Gürcüstanda zərgərlik məmulatlarının istehsalı sahəsində aparıcı mövqe tutan “Zarapxana” şirkəti Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin stolüstü heykəlciyini hazırlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, suvenir şirkətin kolleksiyasına daxil edilib.
Şirkətin saytındakı məlumata əsasən, heykəlcik obsidian daşı, 925 əyarlı gümüşdən hazırlanıb və qızıl suyuna çəkilib. Çəkisi 309,79 qram olan suvenirdə Nizami Gəncəvi əlində kitab, oturaq vəziyyətdə və ənənəvi şərq libasında təsvir olunub.
Gürcüstan istehsallı suvenirin ilkin qiyməti 868 ABŞ dolları (1 475 AZN) olsa da, hazırda 608 ABŞ dollarına (1 033 AZN) təklif edilir. “Zarapxana” unikal zərgərlik məmulatının Tbilisi, Batumi şəhərləri, Gürcüstanın bölgələri və xarici ölkələrə çatdırılmasını da təmin edir.
“Zarapaxana”nın kolleksiyasında Azərbaycan mövzusuna həsr olunan digər suvenirlərə də rast gəlmək olur. Gürcü zərgərlərin müəllifi olduğu “Bakı qalası”, “Muğam triosu”, “Musiqi alətləri” və “Çay dəstgahı” adlı qızıl və gümüşdən olan məmulatlar zövqlü görünüşləri ilə seçilir.
Qeyd edək ki, “Zarapxana” şirkətinin yaranma tarixi 1939-cu ildə başlayır. 2005-ci ildə fərdi mülkiyyətə çevrilən müəssisənin əsas prioritetləri Gürcüstanın zərgərlik irsinin qorunub saxlanılması və inkişafıdır.
© 2020 - Created by İLK XEBER.