"Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi. Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir". Musavat.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib. "Bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamıya məlumdur. Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə biz siyasi nizamlama müstəvisinə keçdik. Dünən Azərbaycan Ordusu Ağdam şəhərinə, Ağdam rayonunun işğal altındakı qalan hissəsinə daxil oldu. Beləliklə, Bəyanatın bəndləri yerinə yetirilir. Biz Rusiya Federasiyasının sülhməramlı missiyasının yerləşdirilməsini də alqışlayırıq. Bu missiya bizim müvafiq strukturlarla və bildiyimizə görə, Ermənistan tərəfi ilə də işgüzar əlaqəli şəkildə işləyir. Hesab edirəm ki, bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir və Bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayacaq, - Prezident əlavə edib..
© 2020 - Created by İLK XEBER.