Yaxşı sözdür “sülhə məcburetmə. Bu sözü rus və ingilis dillərində də təqdim etsək faydasız olmaz: - “принуждение к миру”- "peace enforcement". Ali Baş Komandanımız yağı düşməni sülhə məcbur etdi. Prezident İlham Əliyevin həmin jesti gözlərimin qarşısındadır: “Azərbaycan Ordusu mülki insanları, mülki obyektləri hədəfə almır, işğalçını sülhə məcburetmə əməliyyatı həyata keçirir. Biz düşməni sülhə məcbur edirik!” - deyib baş barmağını şəhadət barmağı ilə qoşalaşdırıb süngü kimi irəli uzadır. “Qarabağ Azərbaycandır!” İyirmi gün ərzində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünyanın ən ünlü media vasitələrinə yüksək peşəkarlıqla və diplomatik məharətlə verdiyi müsahibələri göz önünə gətirəndə bir daha inanırsan: “...Kim nə miqdar olsa, əhlin eylər ol miqdar SÖZ”. Vətən Müharibəsindəki qələbələrimizin bir gücü də onun SÖZüdür. Haqlı Sözü. Müxtəlif dillərdə Azərbaycan həqiqətlərini dünyaya bəyan edən Haqlı sözü! Ekrandan görürdük: bəzən xəbərsiz, bəzən bilə-bilə və aqressiv şəkildə, həm də tərəfkeşliklə ölkəmizi az qala suçlayan suallara Cənab Prezidentin onların öz dillərində verdiyi təmkinli cavablar uzaq vuran artilleriya silahıdır. Və bir xarici dil mütəxəssisi kimi, tərcüməçi kimi qeyd edirəm: Cənab Prezidentin bir neçə dildə bu qədər gözəl natiqliyi ölkə rəhbərinin üstünlüyü, avantajıdır. Beynəlxalq tədbirlərdə görmüşük: bir neçə dil bilməsi Prezidentimizə böyük ehtiram doğurur. Ölkə rəhbərimiz poliqlotdur, dostla da, düşmənlə də yüksək peşəkarlıqla ünsiyyət bağlayır. Texnoloji peşəkarlığı var: bizi tvitsiz qoymur... “Hələ neçə zəfər tvitləri qarşıdadır..., - bir statusumda yazmışdım. İyirmi üç-iyirmi dörd il Azərtacda informasiya müharibəsinin əskəri olmuşam. Prezident İlham Əliyev informasiya müharibəsinin generalıdır. Bu müsahibələrlə Prezidentin əsas məqsədi diqqətin bir daha Azərbaycanın işğal altındakı ərazilərinə, beynəlxalq güclərin Azərbaycana qarşı ədalətsiz davranışlarına, Qərbin “ikili standartları”na, Ermənistanın işğalçılıq siyasətinə cəlb etmək idi - təcavüzkara qarşı analoji hallarda tətbiq edilən sülhə məcburetmə mexanizmləri niyə işə salınmır? Niyə təcavüzkarın adı deyilmir, ona qarşı sanksiyalar tətbiq olunmur, legitim sülhə məcburetmə əməliyyatı keçirilmir? BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri niyə kağız üzərində qalır? Beynəlxalq təcrübədə sülhə məcburetmə aktları həyata keçirilib – Kombocada, Şərqi Timorda, Ruandada, Somalidə, Yuqoslaviyada, Bosniya və Herseqovinada. Niyə Azərbaycanda olmasın? Sülhə məcburetmə aktları hərbi gücdən istifadə etmədən də - iqtisadi, hüquqi, maliyyə sanksiyaları vasitəsilə həyata keçirilə bilər. Amma 30 il idi ki, dünya Ermənistanın şıltaqlıqları ilə oynayır, işğalçıya “Dur!” demirdi... “Qarabağda hərbi eskalasiya böyük riskdir, Azərbaycan buna gedirsə, görünür, danışıqların nəticə verəcəyinə ümid qalmayıb” – bu sözləri Karnegi Fondunun baş elmi işçisi Tomas de Vaal BBC-yə verdiyi müsahibədə deyir. Ona görə də, qlobal təhlükəsizlik kontekstində Azərbaycanın təcavüzkar Ermənistana qarşı tətbiq etdiyi “sülhə məcburetmə” aktı regional təhlükəsizlik sisteminin yaradılması üçün də mühümdür. ...Və səbri tükənən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü həyata keçirir. Tarixi ədaləti bərpa edir, sülhə məcburetmə mexanizmini işə salıb təcavüzkar Ermənistanı havadarlarının dəstəyi ilə işğal etdiyi Azərbaycan ərazilərindən “qovur”. Nə yazıq ki, bu sülhə məcburetmə əməliyyatı qansız olmur.
© 2020 - Created by İLK XEBER.