Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun beynəlxalq İnsan haqları və qeyri - hökümət təşkilatalarına müraciət qəbul edib. Həmin müraciəti olduğu kimi dərc edirik:
Bu ilin oktyabr ayının 10-da Moskva şəhərində Rusiya prezidenti V.V.Putinin təşəbbüsü ilə baş tutan Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə humanitar atəşkəsin imzalanmasına baxmayaraq, oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 60 kilometr kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən ballistik raket hücumuna məruz qalmışdır. Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını hədəfə alan raket hücumu nəticəsində uşaq və qadın da daxil olmaqla 10 mülki şəxs həlak olmuş, 35 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəymişdir.
Qeyd edək ki, bu günə qədər Gəncə şəhəri ilə yanaşı Azərbaycanın digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 40 mülki şəxs həyatını itirib, yüzlərlə adam ağır xəsarət alıb.
Ermənistanın keçmiş müdafiə naziri (hazırkı baş nazir Nikol Paşinyanın müşaviri) Vaqarşak Arutyunyan “Rusiya 1" telekanalında yayımlanan "Vesti" verilişinə müsahibəsində açıq şəkildə etiraf edib ki, Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın dinc əhalisini atəşə tutacaqdır və s. Gəncənin ballistik raketlə vurulma faktı deyilənləri bir daha təstiq etmişdir. Ermənistanın siyasi hakimiyyəti bu cür yeni hücumları hələ də planlaşdırmaqda davam edir. Belə ki, oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən əməliyyat-taktiki ballistik raket kompleksi mülki əhalini və yaşayış məntəqələrini atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmışdı. Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülərək həmin raket kompleksi sıradan çıxardılmışdır.
Beynəlxalq Humanitar Hüquq və bu hüququn əsasını təşkil edən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokollar, habelə BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə və obyektlərə hücumu qadağan edir. Adı çəkilən sənədlər hərbi konfliktlər zamanı döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən digər şəxslərin, yəni mülki əhalinin müdafisinə yönəldilib. Cenevrə konvensiyaları mülki əhalinin və mülki obyektlərin müdafiəsini təmin etmək məqsədilə mülki əhali ilə hərbi əməliyyatların bilavasitə iştirakçılarını fərqləndirməyi konflikdə iştirak edən tərəflərdən tələb edir, bütövlükdə mülki əhaliyə və ayrı-ayrı dinc sakinlərə hücumu qadağan edir.
Ermənistan tərəfi hərbi əməliyyatların keçirildiyi əraziyə aid olmayan yaşayış məntəqələrini və mülki obyektləri birbaşa hədəfə almaqla dinc əhalini məhv etmək, mülki infrasutruktur obyekləri dağıtmaq məqsədi güdür və bununla da beynəlxalq xarakterli cinayət əməli törədirlər, bu cinayətlərə görə görə beynəlxalq tribunal qarşısında məsuliyyət daşımalıdırlar.
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutu baş vermiş hadisələri insanlıq əleyhinə cinayət aktı kimi qiymətləndirir və qətiyyətlə pisləyir, bu cinayətə rəhbərlik edənlərin və icraçılarının məsuliyyət daşıdıqlarını bəyan edir.
Müraciət Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun tərəfindən 15 otyabr 2020-ci il tarixdə imzalanmışdır.