“Azərbaycan Silahlı Qüvvələri çətin iqlim və istehkam şəraitində düşmənə qarşı əks-hücum əməliyyatı həyata keçirir”. APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, 30 il ərzində işğal olunmuş ərazilərdə dərin istehkam sistemləri qurub: “Bəzi yerlərdə bu istehkamların uzunluğu 8-10 metrə çatır. Relyef şəraiti də ağırdır, bildiyiniz kimi həmin yerlər, əsasən dağlıq ərazilərdir. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri addım-addım irəliləyir. Əsgərlərimiz düşmənin atəş nöqtələrini susdura-susdura, bəzən də atəş altında irəli gedir. Ermənistanın uzun illər ərzində qurduğu istehkam sistemləri sıradan çıxarılır. Hazırda Murovda qar var, qış şəraitidir. O çətin iqlim şəraitində, 3300-3500 metr yüksəklikdə əsgərlərimiz torpaqlarımız uğrunda rəşadətlə döyüşür, torpaqlarımızı azad edir. Biz onlarla fəxr edirik”.
© 2020 - Created by İLK XEBER.