Hər gün “Feysbuk”da dostluq təklifləri alıram. Bunlaın mühüm hissəsi səhifəsini bəyəndirmək üçün təklif göndərənlərdir. Sizi bilmərəm, mən səhifə bəyənmək üçün bayılıram. O qədər sevirəm bu işi, o qədər sevirəm bu işi, o qədər sevirəm bu işi... (bu qədər bəsdi, çünki onsuz da qələm (klaviatura) bu sevgini izhar etməyə acizdir). Hər dəfə yeni dostluq təklifi gələndə dəsfaha gedib abdəst alır, ağ alınımı yerə qoyur, dua edirəm ki, SBD (səhifə bəyənmək üçün dostluq) olsun. Duam müstəcəb olan kimi sevinirəm. Sevinəndə isə etdiyimi-tutduğumu bilmirəm. İnanmayacaqsınız, o gün sevincimdən yaxınqlıqda öpməyə birisi olmadığından qəfəsdən tutuquşunu, akvariumdan balığı çıxarıb öpüb yerinə qoymuşam.... Əlqərəz. Səhifə təklifi gələn kimi başlayıram dərhal bəyənib acgözlüklə oxumağa. Və çorta gedirəm. O gün avtobusda başım səhifə oxumağa o qədər qarışıb ki, axşam olub, şəhəri bir neçə “kruq” eləmişik. Axırda sürücü çox nəzakətlə dedi: “Qardaş, qaraja gedirəm, bəlkə, düşəsiniz?” Bu işin vaxtı-vədəsi yoxdu. Ən arxivacib işləri belə təxirə salıram. Yoldaşlar çaya, kofeyə, kakaoya, görüşə, eşidişə, duyuşa və s. dəvət edəndə “otkaz” edirəm. Əvvəllər bəzi dostlar inciyir, Sən ki belə deyildin, səni bir öyrədən var... yazırdılar. Məsələdən agah olandan sonra day incimirlər. Həri. Deyirlər, xoşbəxtlik də daimi olmur. Bütün xoşbəxtliklər kimi, mənim FB səhifələrini bəyənmək “behçətim, eyşim, sürurim” də daimi, əbədi, dönməz deyilmiş. Dədə Qorqud demiş, sənin də bitən güllərin bitməz, axar sənin suların axmaz, qaçan keyiklərin qaçmaz olarmış, Qazılıq dağı... Üç gündür, internet yox, sosial şəbəkələr bağlı... Özümü propelleri xarab olmuş Karlson kimi hiss edirdim. Dustlar da bu yandan bipərva çıxdı. 3 482 FB dostundan iki-üç nəfər tapılmadı ki, 2 (və ya 5) qəpiyindən keçib SMS-lə “əhlən və səhlən”dən, “əhvale-şoma çe tour əst?”dən-zaddan yazsın... Eybi yox, sizin adi statuslarınızı layksız, gülməli hesab etdiklərinizi “ha-ha”sız qoymaq mənə borc olsun... Amma yenə şükür Yaradanın birliyinə. Tale yenə üzümə güldü. Nəşriyyatların birinə getmişdim. Gözlədiyim adam gecikdiyi üçün dəstursuz başladım kitab rəfində eşələnməyə. Əlimə 70X100 ölçülü, 596 səhifəlik bir kitab keçdi – “Bitməyən söz”. Kitab nə kitab! Burda məşhur, böyük vəzifə tutmuş və təbii ki, böyük biznes şəbəkəsi olan bir nəfərin zövcəsinin yaradıcılığı haqda nə az, nə çox – düz 110 yazı vardı. Bunlar şair, yazıçı, alim... xanımın əsərləri, o cümlədən və əsasən şeirləri haqqındadır. Şeir nə şeir! Bircə bənd oxuyan kimi hiss elədim ki, şeirin sehrindən başım gicəllənir: İtər qəlb istisi, canı isinməz, Nə yesə, ağzının dadı bilinməz (?), Yüz də biz diləyək (?), Tanrı bitirməz (?) Torpağı, vətəni əsir olanın (?). Arxası mənə tərəf kompüterin arxasında oturub foto-faksimilelərdəki qara ləkələri təmizləyən xanım içimdəki təlatümü sövqi-təbii ilə hiss edib, üzünü mənə çevirmədən: - Elə şeirləri ayaqüstə oxumazlar, bəy, o gün bir nəfər bayıldı, - deyə xəbərdarlıq etdi. Rəfdən yapışıb birtəhər yaxınlıqdakı stula əyləşdim, keçdim başqa bir nümunəyə: Arxadan harayım yetməz, Getdiyi yol gedər-gəlməz, Eylər məni dəli-divanə Yol başlayıb gedən karvan. Bu yerdə həyəcandan boğazım qurudu, qız sağ olmuş bunu hiss edib bir fincan çay süzdü və nəvazişlə: “Qəndimiz yoxdu, amma şəkkər kimi bəndimiz var, oxusanız, şirin çay içmiş kimi olacaqsınız, - dedi və bir neçə səhifəni çevirdi. Başladım mabədini ordan oxumağa: Vətəndə Vətənə varaq, Yolu yarı yolda qoyaq, Haqqa üz tutub yalvaraq, Çıxaq döyüşdən qəhrəman, Yol başlayıb gedən karvan. Karvan deyən kimi yadıma ərəblərin cahiliyyə şairi Meymun ibn Qeys əl-Ə`şənin “Hüreyrə ilə vidalaş” şeiri düşdü. Yadınızda olar, şair Hüreyrəni necə təsvir edir: Qonşu ondan kömək istəyəndə tənbəl-tənbəl nazla qalxar, Rəfiqəsinə kömək edən zaman yançaqları silkələnər... Caan, şeirə bax ee, aradan 1500 ilə yaxın vaxt keçsə də, yenə qəlb oxşayır... Amma açığı, müasirimiz olan şairənin “Karvan” şeiri, deyəsən, Ə`şənin şeiri ilə müqayisədə bir qədər prozaik, bayağı kimi görünürdü. Düşünürsən ki, bu şeirin ruhu yoxdur, ürəyi döyünmür, damarlarında qan axmır, o, şeir yox, asfaltın üstünə yapışmış pişik ölüsü kimi bir şeydi. Amma bu, şeytanın vəsvəsəsi imiş. Təməllüq əhli “pərdeyi-əsrarı” ehmalca şeirin üstündən götürüb onun batini-ezoterik mənasını inci kimi sapa düzəndə “ay maşallah!” deməkdən başqa çarən qalmır. Məsələn, demə, karvan haqda şeirdə “dəvələrin ləngər vura-vura yorğa yerişi, karvanın zınqırovlu səfər himni ovqatı dəyişdirirmiş”, demə, “qumsal çöllərin susuzluqdan cadar-cadar olmuş sinəsindən ləçəkləri şehli nilufər boy verirmiş”. Kitabın bir yerində mənə elə gəldi ki, çapda səhv olub, aşağıdakı bənd kitabda yeddi dəfə gedib. Amma yanılırammış. Bu şeir düz yeddi yazarın ürəyini fəth edib: Bu da bir fürsətdir - ələ düşməyən, Sözlərin mələklər göydən gətirən, Min ildir heç kimə söylənilməyən, Gəl sənə bir həzin şeir söyləyim. Nəhayət, vətən mövzusu. Şair ola, vətən ola. Yazmamaq olarmı? Vətən deyib yola varan, Zülmdə də haqq axtaran, Şuşaya ilk bayraq asan, Könlümə qardaş düşübdü. Açığı, burda bir şey anlaya bilmədim. Başımın ənsə hissəsini əvvəllcə əlimlə qaşıdım, sonra şkafın küncünə sürdüm. Xeyri olmadı. Deyəsən, yenə Şeytan bu misraları mənə mənasız kimi təlqin etmək istəyirdi. Amma bu dəfə də hardasa 7 müəllif peyda olub, üstümə hücum çəkdi və bu şeiri məzkur şairənin vətən sevgisinə təkzibedilməz arqument kimi xırdalamağa başladılar: “Sona özünəməxsus, fitrətən təbii adam olduğundan Vətəninin, xalqının, torpaqlarının başı üzərində dolananlara biganə qala bilmir, ...el-oba dərdini dünyaya danışır. Əlbəttə ki, yeni poetik rənglər, naxışlarla...”. ”Vətəninə, elinə bağlı şairə kəndlərimizin boşalmasına, şəhərlərə kütləvi axına biganə qala bilmir” və s. Digər bir müəllifə görə, demə, “şairin yollarına xanə-xanə qar, yağış düşən könlünün istəyi, arzusu ən böyük dərdi olan, xalqının tale kotanının daşa dirənmiş Qarabağ düyününün açılması” imiş və s. Həri. Deyir, bir gənc müəllif redaksiyaya şeir aparıbmış. Redaktor oxuyandan sonra belə deyir: - Oğul, nə qədər ki, gəncsən, yaxşı şeirlər yaz. Belə düşük şeyləri məşhur olandan sonra yazarsan. Bizdə bəzilərinin əziyyət çəkib yaxşı yazmağa ehtiyacı da yoxdu. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun zövcəsi olmaq kifayətdir. Tərif üçün növbəyə duracaqlar. Böyük adamın zövcəsi olmaq çox mühüm məsələdir, Sebastyan... P.S. Maraqlıdır ki, bu yazıları etik mülahizələrdən adını çəkmədiyim neçə-neçə tanınmış şəxs yazıb, ölkənin ən məşhur qəzet, jurnal və saytları dərc edib. Xeyirli cümə axşamları...
© 2020 - Created by İLK XEBER.