Esmira İsmayılova Bəli, ana torpaq, Vətən, bütün dünya bilsin, eşitsin ki, mən, sən, biz-hamımız-bütün Azərbaycan xalqı bu gün müsəlləh əsgərdir. Bu gün hamımız bir nəfər kimi Azərbaycanımızın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması naminə birik, birgəyik, Vətən müharibəsinin müsəlləh əsgəriyik! Böyük fəxarət hissi ilə deyirəm ki, bu gün Azərbaycanda yaşayan bütün xalqların, dinlərin nümayəndələri, etnik azlıqlar, milli birliklər, siyasi partiyalar ölkə başçısı cənab İlham Əliyevin yanındadır.Ölkə başçısının Qarabağı , işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından azad etmək çağırışına bütün xalq yekdiliklə səs verdi, Azərbaycan dövlətinin, ordusunun arxasında bir dağ kimi dayandığını, milli birliyini nümayiş etdirdi. Ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı təkcə xalqla hökumətin birliyindən xəbər vermir, eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.Vətənin dar günündə ölkə siyasətçilərinin bütün inciklikləri aradan qaldıraraq Ermənistanın işğalçı siyasətinə etiraz etməsi, dövlət maraqlarını hər şeydən üstün tutmaları xalqımızda milli idelogiya və milli şüurun yüksəlişinin göstəricisidir.Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatlarında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin : “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur”-fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir. Tarixə nəzər yetirək. 1941-1945-ci illər Böyük Vətən Müharibəsində sovet xalqının təpədən dırnağadək silahlanmış faşist Almaniyası üzərində qələbə qazanmasının əsas səbəblərindən biri də xalqın və dövlətin yekdilliyi, bir məqsəd , bir məram uğrunda mübarizə aparmaları , bir nöqtəyə vurmaları oldu.Bu gün Azərbaycan Ordusunun qələbə qazanmasını istəyiriksə, keçmişin dərslərindən bəhrələnməli, bütün umu-küsüləri bir kənara qoyub vahid düşmənə qarşı bir cəbhədə birləşməliyik.İstər ölkə daxilində, istərsə də vətəndən xaricdə bacardığımız qədər ordumuza, xalqımıza kömək olmalı, haqq işinə dəstək verməli, informasiya savaşından qalib çıxmalıyıq. Çünki, bizim ayrı Vətənimiz, torpağımız, dövlətimiz yoxdur, bu gün bir Vahid Azərbaycan var və hamımız onun ətrafında bir yumruq kimi birləşərək maraqlarını müdafiə etməli, azğın düşmənin başını əzməli, vətənimizin bütövlüyünü bərpa etməliyik-bütün umu-küsüləri unudaraq! Amma Azərbaycan xalqının son 30 ildə səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlamasının ilk günlərindən Müsavat və Azərbaycan Xalq Cəhbəsi partiyalarının siyası ədavət saxlayaraq Baş Komandan İlham Əliyevin yanında olmamaları acı təəssüf doğurur və bu , Azərbaycançılıq idelogiyasına ziddir. Amma mən inanıram ki, Azərbaycan Ordusun qazandığı qələbələr, əldə edəcəyimiz zəfər onları da mövqelərini dəyişməyə vadar edəcək. Çünki, ölkədə müharibə gedirsə, həm də bu müharibə itirilmiş torpaqların azad olunması üçün haqq savaşıdırsa, damarından azərbaycanlı qanı axan heç bir vətən oğlu kənarda dayana bilməz. Ön və arxa cəhbədə vuruşmaq hamımızın vicdan işidir, vətəndaşlıq borcumuzdur. Bu gün Ali Baş Komandan Azərbaycan xalqının sözünü deyir, maraqlarını ifadə edir. “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin aparıcıların suallarını cavablandırarkən dediyi “ Biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin” fikri bütün milləti birləşdirən amal olmalıdır. Bu gün Ermənistana səslənirik “Zəfər bizimkidir!”.Çünki bizim mübarizəmiz haqq işidir, Azərbaycan xalqı öz torpağında döyüşür, Azərbaycan əsgəri öz vətənini müdafiə edir və ən nəhayət, bütün xalq bir yerdədir, yekdildir! Biz birlikdə güclüyük!
© 2020 - Created by İLK XEBER.