Ordumuz düşmənə ağır zərbələr endirdi-erməni general, çoxsaylı canlı qüvvə və hərbi texnika məhv edildi; Ağdərə və Xocavənd istiqamətində Ermənistan ağır itkilərə məruz qaldı; düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istədi
Azərbaycan Ordusu 27 sentyabrdan etibarən əks hücumla Ermənistanın işğalı altında olan ərazilərin azad olunması uğrunda bir neçə istiqamətdən uğurlu hərbi əməliyyatları davam etdirir. Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib.
Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb. Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.
Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.
Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının “Yeni Müsavat”a verdiyi məlumata görə, Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib.
Həmçinin işğalçı ölkənin Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan sentyabr 29-da məhv edilib. 29 sentyabrda keçmiş Ağdərə rayonunun işğal altında olan Göyarx kəndi yaxınlığındakı yüksəklik ətrafında gedən döyüşlərdə bölmələrimiz daha bir düşmən tankını da məhv edib. Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb.
****
Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb. Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir. “Ermənistan tərəfinin guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yaydığı məlumat onların növbəti dezinformasiyasıdır. Bildiririk ki, Azərbaycan Ordusu bu gün keçirilən əməliyyatlarda helikopterlərdən istifadə etməyib” - V.Dərgahlı əlavə edib.
Cəbhədən aldığımız digər sevindirisi məlumat isə bundan ibarətdir ki, Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla, bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı İrəvanın növbəti məkrli planları barədə düşməni xəbərdar edib. “Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 ZRK işğal onunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək”.
Məlum olub ki, Azərbaycan Ordusu Ermənistan Hərbi Kəşfiyyat komandiri general-mayor Arakel Martikyanı “Harop”la vurub. Azeri Defence-nin məlumatına görə, generalla bir yerdə olan iki yüksək rütbəli zabit də məhv edilib. Bununla həm də Azərbaycan Ordusunun Tovuz istiqamətində şəhid olan generalı Polad Həşimovun qisası alınıb. Qeyd edək ki, Azərbaycan Ordusu son iki gündə kamikadze PUA-larla düşmənin çox sayda hərbi texnikasını və canlı qüvvəsini məhv edib. İçi Ermənistan ordusunun zabit və əsgərləri ilə dolu olan və Qarabağa istiqamət götürən avtobus Azərbaycan Ordusunun kamikadze pilotsuz uçuş aparatı tərəfindən məhv edilib.
***
Azərbaycan Ordusuna cavab verə bilməyən işğalçı ölkənin cinayətkar ordusu dinc sakinlərimizi və yaşayış məntəqələrini atəşə tutmaqda davam edir, bununla da müharibə cinayətləri törədir. Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulub. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlərin görüləcəyi haqda xəbərdarlıq edilib.
“Yeni Müsavat” Media Qrupunun Füzuli rayonuna ezam olunan reportyorları xəbər verir ki, bu istiqamətdə əks-hücum əməliyyatları davam edir. Sentyabrın 27-dən etibarən düşmən Füzuli istiqamətində kəndləri, fərdi yaşayış evlərini atəşə tutub. Nəticədə rayonun Zobucuq 3 qəsəbəsində 2 ev, Zobucuq 2 qəsəbəsində 3 ev, Şükürbəyli kəndində 1 ev, Araytalı kəndində 2 ev, Horadiz şəhərində 4 evə zərər dəyib. Xoşbəxtlikdən insan tələfatı yoxdur. 2 nəfər mülki şəxs xəsarət alıb.
Erməni faşistlərin atdığı top mərmisi Ağdamda daha 1 nəfərin ölümünə səbəb olub. Məlumata görə, ermənilərin ağır artilleriyadan atdığı mərmi rayonun Qaradağlı kəndinə düşüb. Nəticədə 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu yaralanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. (APA)
Bununla da Ermənistanın təxribatları nəticəsində son mülkü itki sayı 11, yaralı sayı 30 olub.
İctimai Televiziyanın avtomobili isə Tərtərin Qapanlı kəndində hücuma məruz qalıb.
Ermənilərin ağır artilleriyadan atdığı mərmi Ağdam rayon Çəmənli kənd sakini Həsənov Möhtəsimin evinə düşüb.
Ermənistan ordusu Füzuli rayonunun yaşayış məntəqələrinin atəşə tutulmasında Serbiya istehsalı olan 122 mm çaplı G-2000 reaktiv raketlərdən istifadə edir. “Azeri Defence” saytının Füzulidəki əməkdaşının verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən Horadiz şəhərində mülki sakinlərin həyətlərinə BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemlərdən atılan raketlərin qalıqlarının üzərində Serbiyanın “EDePro” şirkətinin istehsalı olduğu yazılıb.
Düşmən Azərbaycanın Tərtər şəhərini və ətraf kəndlərini intensiv olaraq toplardan atəşə tutur. “Yeni Müsavat”ın reportyor qrupu Tərtərin Şıxarx kəndində olub. Birbaşa təmas xəttinin yaxınlığında yerləşən, top səslərinin lərzəyə gətirdiyi kənddə qəhrəman insanlarımızla görüşüblər. Düşmən atəşi nəticəsində kənddə dinc sakinlərə məxsus çoxsaylı evlər dağılıb. Görülən qabaqlayıcı tədbirlər nəticəsində əhali arasında itki yoxdur.
Azərbaycanla döyüşlərdə Ermənistanın ağır itkilər verməsindən narahat olan Qarabağ caniləri bölgəyə gəlirlər. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın ardınca eks-prezident Robert Köçəryan da Qarabağa gəlib. Məlumata görə, Ermənistan silahlı qüvvələrinin sabiq qərargah rəisi Yuriy Xaçaturov da işğal bölgəsindədir.
****
Ermənistan öz cinayətlərini gizlətmək üçün dezinformasiyalar yayır. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya mətbuatına açıqlamasında Azərbaycan Ordusunun tərkibində guya türk hərbçilərinin Qarabağda savaşda iştirakı xəbərini təkzib edib. Səfir bu cür xəbərləri tamamilə saxta və əsassız sayıb: “Bu cür xəbələr tamamilə saxtadır. Ordumuzun bu gün heç bir muzdluya və ya başqa bir qüvvəyə ehtiyacı yoxdur”.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması təmas xəttində Ermənistan silahlı qüvvələrinin həyata keçirdikləri hərbi-siyasi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Qardaş Türkiyənin Azərbaycana dəstəyi davam edir. Ermənistan Azərbaycan torpaqlarından çıxacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Münaqişənin sülh yolu ilə həll üçün illərdir çox əmək sərf etdik. Ermənistan Azərbaycan torpaqlarından çıxacaq. Bu olmadığı müddətdə problem həllini tapmayacaq. Meydanda və masada Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik”, - nazir bildirib.
Nazir və baş köməkçisi Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimi ziyarət edib. M.Cavuşoğlu bildirib ki, Ermənistan bu dəfə cavabını döyüş meydanında alır. XİN rəhbəri deyib ki, bu məsələnin tək bir həll yolu var: “Ermənistan işğal elədiyi ərazilərdən çəkiləcək. Biz türk xalqı olaraq qardaş Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik”. Çavuşoğlu deyib: “Rusiya və İran ağlınızı başınıza yıgın. Elə eləməyin ki, mehmetçik Qafqaza gəlsin”. Ermənistanın hücumlarını idarə edən Rusiya, Fransa, ABŞ və İrandır. Axar.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Coşqun Başbuğ ölkə mətbuatına açıqlamasında deyib.
BMT Təhlükəsizlik Şurasının Qarabağ məsələsi ilə bağlı təcili iclasının keçirilməsindən öncə ABŞ-dan daha bir çağırış gəlib. “Münaqişə tərəflərini atəşi dayandırmağa çağırıram. Bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib. Almaniya kansleri Angela Merkel də Ermənistan və Azərbaycanı atəşkəsi bərpa etməyə və danışıqlar masasına dönməyə çağırıb.
Alman deputat Barbara Hendriks isə “bu məsələdə beynəlxalq hüququn Azərbaycan tərəfində olduğu göz qabağındadır. Ermənistan hökumətini də ermənilər üçün nə qədər çətin olsa da, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa çağırıram” - deyə, ədalətli mövqe sərgiləyib.
Rusiya Dövlət Duması da Qarabağ bəyanatı qəbul edib və tərəfləri atəşkəsi bərpa etməyə çağırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, “üçüncü tərəflərin Dağlıq Qarabağ münaqişəsi şəraitində hərbi aktivliyi barədə verilən açıqlamalar müharibə yanğınını daha da alovlandırır”. O, Türkiyənin Azərbaycana dəstək ifadə edən bəyanatlarına müsbət baxmadıqlarını deyib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə telefon açıb.
Axşam saatlarında Müdafiə Nazirliyi yeni bir məlumat yaydı: “Bütün cəbhə boyu döyüşlər davam edir. Azərbaycan Ordusunun artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir”. Cəbhə bölgəsinə ezam olunmuş “Yeni Müsavat” Media Qrupunun əməkdaşları da intensiv döyüşlərin davam etdiyini, ordumuzun və yerli əhalinin döyüş ruhunun yüksək olduğunu bildirdilər.
Qarabağın azad edilməsi uğrunda Böyük Vətən müharibəsi davam edir. Qarabağ Azərbaycandır! Qələbə bizimdir!
Elşad PAŞASOY,
“Yeni Müsavat”