Yaşı 70-ə çatan və keçən insanlarımızı dəyərləndirməkdə bəzən çox çətinlik çəkirik. Amma sevindirici olan odur ki, kifayət qədər böyük bir kontinigenti əhatə edən bu təbəqənin içində dövlətimizə, xalqımıza, ziyalılığa ucalıq gətirən insanlarımız da az deyil. Onlar iki fərqli ictimai-siyasi quruluşda yaşamalarına baxmayaraq, zamanı önləyən əxlaq, xarakter və ziyalılıq nümayiş etdirə biliblər. Onları insan qruplarında təsnifatlaşdırmaq yersiz görünür – “sovet ziyalısı”, “bolşevik təfəkkürlü” və s. deyib aşağılamaq da mümkün deyil, “müstəqilliyin dünyaya gətirdiyi qəhrəman” deyə minnət qoymaq da olmaz. Çünki onlar hər zaman ölkə və xalq üçün ALİMLİYİ-ZİYALILIĞI uzlaşdıran, vəhdət halına gətirən şəxsiyyət kimi üzdə olublar. Biz bu gün elə insanlardan birinin professor Xanlar Cəfərbala oğlu Ələkbərovun yubileyini qeyd edirik, əslində xoşbəxt bir gününü, ömrünün 70-ci baharını qeyd edirik. Adını çəkmək kifayətdir ki, resbublika hüquq-mühafizə orqanları, hüquq elmi və qanun yaradıcılığı sistemində çalışanların tam əksəriyyətinin beynində assosiasiya versin. Xanlar Ələkbərov – Azərbaycan hüquq elminin və qanun yaradıcılığının daşlaşmış və doğulduğu dağlar qədər əzəmətli imzasıdır. Xanlar Ələkbərov Azərbaycanda, Rusiya Federasiyasında və ümumilikdə dünyada sözü- rəyi qeyd-şərtsiz etiraf və qəbul olunan görkəmli alim-hüquq elmləri doktoru, professor, ədliyyə generalıdır. Bəşər tarixinin bütün mərhələlərində mübahisə doğuran hüquq-kriminologiya nəzəriyyələrində “Cinayətkarlıqla mübarizədə kompromis”, “Eksklav cinayətkarlığın fenomeni”, “Cinayətkarlığa məsafədən nəzarətin qlobal sistemi”, “Əlverişli cəza tədbirinin elektron müəyyən edilmə sistemi”, “Cəzanın bilinməyən tərəfləri” kimi fundamental əsərləri X.Ələkbərovun hüquq elminə misilsiz töhfələridir. Professor Xanlar Ələkbərov ədalət mühakiməsi tarixində ilk sayılan, xarici ölkələrin nüfuzlu alim-mütəxəssislərinin rəyinə görə, anoloqu olmayan “Ədalət mühakiməsinin elektron tərəzisi” Rusiya Federasiyasının şəhadətnaməsi ilə təsdiq olunmuş layihənin müəllifidir. Əlbəttə, 70 illik nəhəng bir alim ömrünün 40 illik fəaliyyətini qələmə almaq üçün monoqrafiya da bəs eləməz, amma bircə cümlə ilə adının təyinini müəyyən etmək olar: bəşər tarixinin ən vacib, ən mübahisəli elminin və qanun yaradıcılığının fədakar və ləyaqətli, qənirsiz və novotor təmsilçisi bu adam Xanlar Ələkbərovdur! Şəxsiyyət olaraq görkəmli alimin Vətən qarşısında xidmətləri təkcə elmi yaradıcılığı və yetişdirdiyi kadrlarla məhdudlaşmır. Onun respublikamızın ictimai-siyası həyatında da fəal rolu var. Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti kimi səmərəli və çoxillik fəaliyyəti uzun zaman Vətəndən kənarda yaşayan azərbaycanlıların yadından çıxmayacaq. Beynəlxalq simpoziumlarda, elmi konfraslarda davamlı iştirakı zamanı həmişə Vətənin maraqlarını və hüquq sisteminin dəyərlərini fəal surətdə müdafiəsi, ölkəmizin imicinin dünyada formalaşmasında müstəsna yer alıb. Təkzibi qeyri-mümkün, etirafı qeyd-şərtsiz olan bəzi məqamları çatdırmaqla Xanlar Ələkbərovu tanımayanlar da tanısınlar. 70 yaşa gözəl və yaradıcı ömürlə çatmaq, uzun illərdən bəri dostluq etdiyi adamların əhatəsində bu günü qeyd etmək hər bi kəsin nəsibi olmur. İllah da ki, indiki zamanda. Mən bir daha professor Xanlar Ələkbərovu dostları adından səmimi qəlbdən təbrik edirəm, ona doğulduğu dağlar qədər uzun ömür arzulayıram. İlham Rəhimov, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmlər doktoru, professor, Azərbaycanın əməkdaş hüquqşünası
© 2020 - Created by İLK XEBER.