Dünya tərsinə döndü. Bəlkə də, yaxşılığa doğru dəyişir, amma hələ ki bunu göstərəcək yaxşı işlərin şahidi olmuruq. Dəyişikliyə adət edəcəyik. İnsan hər şeyə alışır. Bugünkü hadisələr nə vaxtsa bizə acı xatirə kimi görünsə də, gələcək nəsillər adi həyat tərzi kimi qəbul edəcəklər. Pandemiya zamanının, karantin dövrünün uşaqları böyüyəndə “maskalanmış”, bir-birindən çəkinib kənarda dayanan vətəndaşlarmı olacaq, bilmirik. Yəqin ki, onlar belə rəftara normal baxacaqlar. Görüşmək, canlı ünsiyyət, toplaşıb “toplantı” etmək onlara yad olacaq. Biz hələlik bu qaydalara birtəhər baxırıq. Sanki maraqlı bir hadisənin nəticəsini qapının arxasından izləyirik ki, görək axırda nə baş verəcək. İqtisadiyyatdan tutmuş mənəviyyatacan hər şeydə, hər yerdə hələlik uyğunlaşmadığımız proseslər gedir. “Pandemiyada bütün sahələrə dəyən ağır zərbələr təhsildən də yan keçmədi” fikrini gələcək zamanda gah mətbuatdan oxuyacağıq, gah da ekspertlərin dilindən eşidəcəyik. Bünövrədən “sürünənlər” sinfinə aid olan təhsilimiz bu il heç sürünə də bilmədi, torpağa yapışıb qaldı. Dərslər mart ayından dayandırıldı. Qəfildən düşən pandemiya adlı bomba bütün sahələri “çıtqı-çıtqı” elədi. Çaş-baş qaldıq. Toy-yas məclis və mərəkələrinin təxirə salınmasına bir yön var, təhsilin dondurulması əvvəlindən “pandemiya” vəziyyətində olan təhsilimizin az qala nəfəsini kəsdi. Onsuz da bizim təhsil sistemimiz həmişə qabaqcıllıq və keyfiyyətlilikdə “karantinə” alınmışdı. “İslanmışın sudan nə qorxusu” məsəlini təsəlli kimi qəbul etmək cahillikdir. Bizi kimi dərdi-səri, problemi xirtdəyəcən olan bir cəmiyyət üçün hər şey qorxuludur. Elə indiki onlayn dərslər də. Məktəblər açılıb, birinci sinif uşaqları həftənin iki günü “şagird olurlar”. “Onların məktəb illəri acınacaqlı olacaq” demək də istəmirəm. Bəlkə, elə təhsil sistemi qurulacaq ki, o uşaqlar özlərindən əvvəlki nəslin təhsilinə güləcək: “elə də dərs olar, dur əynini dəyiş, o boyda yol get, hardasa yataqsız, yemək-içməksiz bir otaqda vaxt itir ki, burda dərs öyrənirəm” deyəcəklər. Bəlkə, onlar elə yataqda elm öyrənməyi sevəcəklər. “Bəlkələr” özlərini doğruldanacan biz hələki itirə-itirə gedirik. Onlayn dərslər başlayıb. Əcaba, bəs keçilirmi? Uşaq saat səkkizin yarısından sinifin qapısının ağzını kəsir... yox ee, “Microsoft Teams” proqramına qoşulur gözləyir ki, dərs başlasın. Gah internet problemi, gah da müəllimi gözləmək dərs saatına ayrılan vaxtı “qarğa-quzğun kimi yeyir”. Bir neçə dəqiqə də müəllimənin qoşulmağına sərf olunur. Bəzən də qonaq dəvət edib qaçıb gizlənən Qurbanəli bəy kimi müəllimə proqrama yaxın gəlmir. Problem yarananda xəbər də vermir ki, “bu gün dərsə gəlməyəcəm...” (yenə çaşdım) xəttə qoşulmayacam. Uşaqlar həyəcanla gözləyir, yorulanda da gedirlər öz evlərinə... otaqlarına. Qoşulmayan uşaqlar da heç bir sinif yoldaşından dərsin yerini öyrənə bilmirlər. Çoxunun evinə internet xətti çəkilməyib (aztəminatlı ailələrin vəziyyəti bəllidir.) Bir çox ailələrdə də atalar analara sosial şəbəkədən istifadə etməyi qadağan etdiyindən qadın çarəsiz durumda qalır. Hər iki valideynin internetdən istifadə edə bilmədiyi faktlar da mövcuddur. Vaxtında “internet əsridir” fikrini ciddi saymayanların övladları indi bu “ala-bula” dərslərdən də geri qalırlar. (Müəllimlər arasında da sosial şəbəkələrdən istifadə etməyi bacarmayanlar, təhsil proqramına daxil ola bilməyənlər var. Xüsusilə də yaşlı müəllimlər çətinlik çəkirlər.) Xəttə qoşulma prosesi özü də əsəbvericidir. Ekranda uşaqdan çox valideynlər görünürlər. Birinin heyrəti, birinin gülüşü, birinin qışqırtısı müəllimənin səsini eşidilməz edir. Axırda da biri gəlib qolu ilə kameranı tutur. Uşaq anasına çəkilməli olduğunu izah edincə dərsə ayrılan vaxt bitir. Bu məqam əvvəlki qaydada keçirilən dərslər zamanı sinifə daxil olub mənasız söhbətlərlə dərsi pozan valideynlərin “virtual vəziyyətləridir”. Onlayn dərslər üzündən votsap qrupları da bir yandan adamı təngə gətirir. Eyni sualı bütün valideynlər verir, müəllim bir cavabı bir neçə dəfə yazmalı olur. Bəzən də dərsin başlanmasına beş dəqiqə qalanda xəbər verirlər. Belə olnda da şagirdlərin çoxu xəbərsiz olduqlarından qoşula bilmirlər. Səs-küylü dəqiqələr, hazırlıqsız ailələr dərsi əməlli-başlı pozurlar. Doğrudur, Azərbaycan Respublikası Təhsil Nazirliyi ayrı-ayrı ailələrə gedib neqativ halları aradan qaldırası deyil. Amma mütləq keyfiyyətsizliyə nəzarət edib, başqa tədbirlər görməlidir. Müəllimlərin, valideynlərin, şagirdlərin məsuliyyət hissini artıran ciddi qaydalar tətbiq edilməlidir. Teledərsləri əhatəli edib keyfiyyətli sistem qurulanadək təhsilə o cür davam edilsə onlayn dərslərdən daha effektli olar. “Övladının təhsil almağını istəyən valideyn hər şeyə çarə tapır” deyib məsuliyyətdən qaçmaq olmaz! Biz bu cür valideynlərin əksinə olanların evində böyüyənlərə can yandırmalıyıq. Onları gələcəyin, gələcəyi də onların ümidinə buraxmaq nəticəsi pis olan risk, ziyalılığı məhv edən səhvdir. Sentyabr 2020
© 2020 - Created by İLK XEBER.