Harda olur-olsun, bayrağımızın xəfif rüzgar altında dalğalandığını görəndə ürəyim köksümə sığmır.O an ürəyimdən qürurla deyirəm, bu üçrəngli,şəhidlərimizin qanı bahasına təzə qalan əsrarəngiz bayraq üçün ,ana vətən üçün canımız fəda olsun. Əsrlər boyu yadellilər tərəfindən işğala məruz qalan bu ulu yurdun nə dostu dost kimi sədaqətli oldu,nə düşməni hiylədən, fitnədən əl çəkdi.Fürsət tapan kimi parçaladılar,böldülər.Bu olanların hamısına səbəb torpaqlarımızın yeraltı, yerüstü sərvətlə zəngin olması olub. Düşmən tapdağı altında olan Qarabağımızın işğaldan azad olunması üçün bütün xalq səfərbərdir.Tovuzda baş verən müharibə zamanı cəsur xalqımızın,mərd oğullarımızın ayağa qalxması vətən üçün canlarını fəda etmə bahasına düşmənlə döyüşə hazır olduqlarını bildirməsi qalibiyyətə,zəfərə ümid hissini daha da artırır.Sülhə ümid bəsləyərək dözən xalqın səbrinin son həddinə çatması müharibəylə düşməni dizə gətirəcəyinə əminlik yaradır. Bəli, bu qədər tökülən qan bihudə getməz.Əlbəttə, o tökülən qanların ,şəhadətə ucalmış oğullarımızın qisası alınacaq. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz deyiblər.Şəhidlik-vətənpərpərliyin ən ali məqamıdır. Əbədi düşmənimiz olan erməni qatillərinə qan uddurmaq üçün bu vətən qoynunda neçə-neçə igid oğullar böyüdüb. O oğullar həmişə var olublar, olacaqlar. Bu məqaləm Tovuz döyüşlərində şücaətlə vuruşub,şəhadət zirvəsinin fəth etmiş Şəhidimiz Mayor Anar Gülverdi oğlu Novruzov haqqındadır. Şəhidimiz 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsindı anadan olub. O 10 uşaqlı ailənin sonbeşiyi olub. Kənddəki orta məktəbi əla qiymətlərlə bitirəndən sonra, 1993 cü ildə Bakı Neft Texnikomuna daxil olur.1994-cü ildə işğal altında olan torpaqlarımızı geri qaytarmaq niyyəti ilə orduya yazılıb,hərbi xidmətdən sonra təhsilini davam etdirib. 1999-cu ildə Ali Birləşmiş Komandanlıq məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini) bitirib. 1998-2013-cü illərdə ön cəbhə bölgələrində, 2013-2018-ci illərdə Sumqayıt şəhərində hərbi xidmətdə olub . 2016-cı ilin Aprel döyüşlərində şücaətlə iştirak edərək qəlpə yarası alır,yaralanmağına baxmayaraq ordudan bir an ayrılmır mübarizəsini davam etdirir.Türkiyədə mükəmməl peşəkar təlim keçir. Siyasi işlər üzrə tabur komandirinin müavini vəzifəsinə kimi yüksəlir. 26 ildən artıq hərb sahəsində çalışır. 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində olur. Məqaləni hazırlamaq üçün şəhidimizin bacısı qızı Könül xanımla əlaqə saxladım.Müsahibə zamanı acısının təzə olması,dayısının yoxluğu ürəyində dərin iz buraxmasına baxmayaraq, dayısının şəhadət zirvəsinə ucalmağının qürurunu yaşadığını hər kəlməsindən hiss etdirirdi: ” Hündür boylu, sağlam bədənli dayım sanki hərb üçün doğulmuşdu” deyirdi. Şəhidimiz xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəmiş,snayperdən atdığı dəqiq atəşlə onlarla düşmənin əsgər və zabitini məhv etmişdi. “Akula” ləqəbli kəşfiyyatçı düşmənlərin kabusuna çevrilib. Özünün söhbətlərinin birində dediyi kimi, ermənilərə od qoyub, lap əfsanəvi “Mixaylo” kimi... Hətta onu öldürənə pul mükafatı da ayırıbmışlar. Döyüş dostlarının dediyinə görə zarafatcıl, tabeliyində olan əsgərlərlə sanki dost, qardaş kimi davranan təcrübəli zabit Anar Novruzov çətin məqamlarda təmkinlə davranmağı üstün tutan professional hərbiçi idi. Axrıncı dəfə şəhadətə ucaldığı gündən 10 gün öncə evə gəlib. Son dəfə isə səhhətindəki problemə məhəl qoymadan döyüşə qatılıb. Oğlu deyir, atamız bizə heç bir söz deməzdi.Heç onun Tovuzda olduğunu da bilmirdik.Biz ondan ata, necəsən,hardasan deyəndə ancaq hər şeyin yaxşı olduğunu,narahat olmamağımızı deyirdi. Vətənpərvər şəhidimiz Anar Novruzov 2003-cü il avqustun 26-da ailə həyatı qurub. Toy mağarına “Vağzalı” musiqisi əvəzinə “Azərbaycan əsgəri” marşının sədaları altında daxil olub, “Qarabağ şikəstəsi” ilə məclisi yekunlaşdırmaq istəyib. Şəhidimizin vətənə əmanət bir qızı, bir oğlu yadigar qalıb. Öz arzusu həkim olmaq olsa da, atasının arzusunu göyərtmək niyyətindədir 13 yaşlı Nihad. Qızı isə polis olmaq istəyir. İyulun 14-ü Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimizin nəşi doğulduğu ünvana gətirilir. Şəhidimiz böyük izdihamla,göz yaşları içində Ərkivan qəsəbəsində - “Seyid Sadıq Ağa” məqbərəsinin yerləşdiyi qəbiristanlıqda torpağa tapşırılır. Məkanın cənnət olsun,şəhidim! Aysel Nəsirzadə
© 2020 - Created by İLK XEBER.