Bir müddət əvvəl Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov qəhrəmancasına şəhid olan Tovuz rayon Ağdam kənd sakini, baş əsgər Elşad Məmmədovun Məhəmməd adlı 7 aylıq balasını 18 yaşına kimi himayəyə götürməsi barədə məlumat vermişdik.
News24.az xəbər verir ki, bu gün professor İlham Rəhimov Tovuzun Ağdam kəndinə gedərək şəhid ailəsinə şəxsən baş çəkib və himayəyə götürdüyü Məhəmməd balayla görüşüb.
İlham Rəhimov şəhidin valideynləri Dönməz və Nuriyyə Məmmədovalarla söhbət edib, ailənin problemləri ilə maraqlanıb.
Qeyd edək ki, professor İlham Rəhimov şəhidimiz Elşad Məmmədovun ölümündən yeddi gün sonra yeddi aylıq övladı Məhəmmədi 18 yaşınadək himayəyə götürüb. Həmin müddətdə professor Ağdam kəndinə özünün xüsusi nümayəndəsini göndərərək bu qərarı ailə başçısına elan edilib, mexanizmi müzakirə edilib.
Musavat.com-un məlumatına görə isə İlham Rəhimov şəhidin ailəsini ziyarət edən zaman deyib ki, ömrünün sonuna qədər ailəyə lazım olan bütün maddi və mənəvi dəstəyi göstərəcək.
"Mənə bir şey olsa belə qızıma tapşırmışam. Sizi heç zaman tək qoymayacaq, lazım olan dəstəyi göstərəcək"- deyə İlham Rəhimov şəhidin atası Dönməz Məmmədovla söhbətində qeyd edib.
Professor İlham Rəhimov şəhid ailəsini ziyarət etdikdən sonra "Yeni Müsavat"a eksklüziv müsahibə verib. Həmin müsahibə yaxın vaxtlarda oxuculara təqdim ediləcək.