Millətimizə məxsus o qədər xüsusiyyətlər, adətlər var ki, onları yazmağa başlayanda gərək əməlli-başlı cədvəl qurub kateqoriyalara ayıra, hər keyfiyyəti də ayrıca şərh edəsən. Bununla məşğul olan şəxsi də azərbaycanlışünas adlandırasan. Dəqiq bilirəm ki, bu iş mənlik deyil. Çünki neqativ halları sakit qarşılaya bilmirəm. Sarsılıram, “cəhənnəmə ki” deyə bilmirəm. Niyə də deyim, cəhənnəmin nə vecinə, nə olsa bizə – qananlara olur. Odur ki, tədbirini də gəlin birlikdə görək. Görəsən, hansından yazım? Bir-birinin uğurlarını görəndə bağrı çatlayanlardan, ətrafındakılara mərdimazarlıq edənlərdən, sözü sahibinə qısa vaxt ərzində çatdıranlardan, elmdən xəbərsiz yaşayıb gününü falçı yanında keçirənlərdən (belələrinin arasında təhsil almışlar da var. Elmlilər yox ha, təhsil almışlar.) yoxsa, filankəsdən, yoxsa filanşeydən? İstədiyimiz qədər sadalaya bilərik. Hələlik “qaxınclıq”dan yazım, onsuz da mövzu bitmir, o birilərindən də zaman-zaman yazacam. İnsanı zəif yerindən vurmağın adı var – qaxınc etmək. Pis xüsusiyyət olmağına baxmayaraq, çoxuna ləzzət verir. Hamı bir-birini sındırmaq, susdurmaq üçün ən kiçik bir nöqsan tapır. Bu nöqsanın üzərində yaxşıca “işləyir”, yepyekə günah olanacan orasına-burasına enerji sərf edir. Nöqsan bir yana bizimkilər bədbəxt taleyi, xəstəliyi belə adama çatızmazlıq “yarlığı” kimi yapışdırırlar. Əgər birinin övladı yoxdursa ədavəti olan tərəddüd etmədən ona “sonsuz” deyə qaxınc edir. Ailəsi dağılmış qadına “yaxşı olsaydın boşanmazdın”, əzizi ölənə “cəzandır çək” deyirlər. “Boğulan saman çöpündən yapışar” məsəlindən bu məqamda yan keçmək olmur. Savaşanlar “korluq” çəkmir, mütləq bir şey tapıb qaxırlar. Ən gülməli qaxınc da olur. Nənəm deyirdi ki, “Gözün qarası başa qaxıncdır”. Şahidi olduğu hadisəni də söyləmişdi: “İki qonşu qadın savaşır. Bir-birinə o ki var qarğış yağdırsalar da ürəkləri soyumur. Qaxıncın yeri görünür. Birdən qadının birinin ağlına gülünc bir fikir gəlir. Qarşısındakının əkiz övladı olduğunu xatırlayıb onu əməlli-başlı “biabır” edəcəyinə sevinir. “Sən yaxşı qadın olsaydın əkiz uşaq doğmazdın” deyə onu “zəif yerindən vurur”. Dərdi, kasıblığı, şikəstliyi qaxan görmüşdük, əkiz doğmağı eyib hesab edib qaxan eşitməmişdik, bundan da nənəm xəbərdar etdi bizi. Bu qaxıncın tibbi əsası olub-olmadığını izah edən bir həkimlə mütləq söhbətləşmək lazımdır. Unutmayaq ki, “Dəlidən doğru xəbər” məsəli da bizə məxsusdur. 2018
© 2020 - Created by İLK XEBER.