Qaret Beyl “Tottenhem” klubu ilə anlaşıb

İspaniyanın “Real” klubunun futbolçusu Qaret Beyl yenidən İngiltərədə çıxış edəcək.

 Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu sabiq komandası “Tottenhem”lə anlaşıb.

 Klublar arasında razılığa əsasən, Uels millisinin üzvü 2020/21 mövsümünü icarə əsasında Premyer Liqa təmsilçisində keçirəcək. Beyl yeni komandasında tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün sentyabrın 18-də Londona yollanacaq.

 Qeyd edək ki, Qaret Beyl 2007-2013-cü illərdə “Tottenhem”in heyətində 203 oyun keçirib, 56 qol, 58 məhsuldar ötürmə ilə yadda qalıb.