Sivil məmur-vətətndaş münasibətlərə əsaslanan dövlətin əsasını qanunlarla idarə olunan, hamının qanun və məhkəmə qarşısında bərabərliyini təmin edən yaxşı idarəetmədən keçir. Yaxşı idarəetmə bir tərəfdən dövlət aparatının çevik və dəqiq işləməsi ilə bərabər həm də bu aparatı işlədə bilən peşəkar məmurlar ordusunun olmasını zəruri edir. Dövlət aparatı yalnız yüksək peşəkarlığa və dövlətçilik prinsiplərinə sadiq məmurların sayəsində çevik və səmərəli şəkildə fəaliyyət göstərə bilər. Bu cür idarəetmə vətəndaşların ehtiyaclarının, onların istək və arzularının daha effektiv təminatına zəmin yaradır. İdarəetmənin və xidmətlərin keyfiyyət səviyyəsi nəticə etibarilə vətəndaşların dövlətə münasibətinin formalaşmasında həlledici amilə çevrilir. Hər bir dövlətin sivil inkişafı və güclü dövlətə çevrilməsi, ilk növbədə, qanunların aliliyinə idmət edən hüquqi dövlət quruculuğundan asılıdır. Bir çox hallarda vətəndaşların dövlətə münasibəti onu təmsil edən və onun adından çıxış edən rəsmi şəxslərin – məmurların davranışı əsasında formalaşır. Bunu inkişaf etmiş qüdrətli dövlətlərin insan hüquqlarının qorunması ilə bağlı zəngın təcrübəsi də sübut edib. Məmurun davranışından asılı olaraq dövlətinin güclənməsinə, onun maraqlarını hər addımda müdafiə edən, bütün varlığı ilə dövlətə bağlı olan və yaxud da əksinə dövlətə və cəmiyyətə tamamilə laqeyd olan, dövləti üçün canında keçməyə hazır olmayan vətəndaş formalaşa bilər. Məmur-vətəndaş münasibətlərinin xarakteri ümumilikdə cəmiyyətin əhvali-ruhiyyəsinə, cəmiyyətdə sabitliyin təmin edilməsinə, vətəndaşların öz dövlətinə inamına əhəmiyyətli dərəcədə təsir göstərir. Müasir dünya təcrübəsinə diqqət yetirməklə yalnız dövlət (məmur)-vətəndaş münasibətlərinin civil qaydalar çərçivəsində qurulduğu dövlətlərin güclü olduğunu görmək mümkündür. “Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “elektron hökumət” portalı tətbiq edilir. Son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atılmış – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradılmışdır. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Məmur vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması cənab Prezidentin diqqət verdiyi mühüm məsələlərdəndir. Təsadüfi deyildir ki, cənab Prezident bu məsələnin əhəmiyyətini nəzərə alaraq mütəmadi olaraq məmurlara vətəndaşlara xidmətin keyfiyyətini yaxşılaşdırmağı xatrırlatmağı özünə borc bilir. Məmur-vətəndaş münasibətlərinin qanunun tələbinə uyğun şəkildə olmasının vacibliyi barədə ölkə Prezidenti İlham Əlievin kəskin çıxışları olub. Məmurlara xalqla münasibətə, vətəndaşların müraciətlərinə biganə qalmamağı tapşıran ölkə Prezidentinin bu çıxışı vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Prezident bildirib ki, bütövlükdə dövlətin qarşısında duran vəzifə də insanlara xidmət etmək, insanların problemlərinin həllinə səylər göstərməkdən ibarətdir. Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən “Vətəndaşların sosial hüquqlarının təmin edilməsi istiqamətində maarifçilik tədbirləri” layihəsi çərçivəsində çap olunur.
© 2020 - Created by İLK XEBER.