“Jurnalist etikası və pandemiyanın mediada işıqlandırılması”

Bu gün Azərbaycan Mətbuat Şurasının və Avropa Şurasının Bakı ofisinin birgə təşkilatçılığı ilə "Jurnalist etikası və pandemiyanın mediada işıqlandırılması” mövzusunda onlayn təlim keçirilib.
Tədbirin açılışında çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyeş bildirib ki, koronavirus pandemiyası bütün sahəhələrə olduğu kimi, demokratik cəmiyyətin mühüm institutlarından sayılan mediaya da öz təsirini göstərib. Pandemiya şəraiti mediaya üçün də yenilikdir və bu şərait peşə etikasının həssas yanaşılmasını zəruriləşdirir. Avropa Şurasının Bakı ofisi də bunu nəzərə alaraq belə bir təlimin təşkilini vacib sayıb.
Səfir Hernyeş onu da bildirib ki, Avropa Şurasının Bakı ofisi medianın ən müxtəlif məsələləri ilə bağlı Azərbaycan Mətbuat Şurası ilə sıx əməkdaşlıq edir, indiyədək çoxsaylı birgə tədbirlər reallaşdırıb. O, hazırda keçirilən təlimin də bu baxımdan əhəmiyyətliliyinə inamını bildirib. Səfir həmçinin təlim barədə məlumat verərək bildirib ki, Avropa Şurasının Bakı ofisi təlimə Türkiyədən təcrübəli ekspert Bülənt Çaplını dəvət edib.
MŞ sədri Əflatun Amaşov çıxışında bildirib ki, rəhbərlik etdiyi qurum martın 4-də koronavirusla bağlı dezinformasiya tipli bilgilərə həssas yanaşılması ilə bağlı media ictimaiyyətinə ilk müraciətini ünvanlayıb. Həmin vaxt dezinformasiyalar həddən artıq çox idi. İstər-istəməz bu vəziyyət təlaş yaradırdı. Sonrakı aylarda Şura jurnalistlərin xüsusi karantin rejimində fəaliyyətinə dair bir neçə tövsiyə də ünvanladı, habelə Baynəlxalq Jurnalistlər Federasiyanın dünya jurnalistlərinə müraciətini açıqladı. "Mətbuat Şurası Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri barədə məlumatında media orqanları ilə bağlı bir sıra məqamlara aydınlıq gətirən açıqlamalar yaydı. KİV-ləri rəsmi mənbəyi olmayan, hansısa söz-söhbətlərə, dedi-qodulara söykənmiş bilgilərin təqdimatından uzaq durmağa çağırdı”, - deyə Ə.Amaşov vurğulayıb.
MŞ sədri çıxışında həmçinin bildirib ki, Azərbaycan Mətbuat Şurası ötən müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə həyata keçirdiyi tədbirlərə dəstək verib, jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinin səmərəliləşdirilməsi istiqamətində Operativ Qərargah və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə müntəzəm təmaslar yaradıb. Bunun nəticəsində 20-dək redaksiyanın ümumilkdə 30-dan çox əməkdaşının, həmçinin onlarla müstəqil jurnalistin iş sərbəstliyi qanunvericiliyə və qoyulmuş qaydalara uyğun tənzimlənib. Bu fəaliyyət 2020-ci ilin mart-iyun aylarını əhatə edib.
Onlayn konfransda çıxış edən ekspert Bülent Çaplı koronavirus pandemiyası dövründə medianın fəaliyyət özəllikləri və peşəkarlıq meylləri barədə geniş məlumat verib. Jurnalistlərin müxtəlif məsələlərlə əlaqədar suallarını cavablandırıb.
Qeyd edək ki, təlimdə paytaxtdan və bölgələrdən olmaqla ümumilkdə 30-dək jurnalistin iştirakı təmin edilib
Ilkxeber.org