İctimai şüur formalarindan biri olan əxlaq ictimai həyatın bütün sahələrində insanların davranışlarını tənzimləyən sosial institutdur. Əxlaqın qoyduğu normaların yerinə yetirilməsinə isə konkret bir orqan yox, hamı tərəfindən nəzarət olunur. Hər bir fərd əxlaqın təkcə obyekti yox, həm də subyektidir. İctimai həyatın müxtəlif sahələrinə tətbiq olunanda əxlaqın xüsusi növləri yaranır. Peşə əxlaqı, siyasi əxlaq, məişət əxlaqı, ailə əxlaqı, vətən əxlaqı və b. k.. Xalqımızın müasir əxlaqı minilliklər ərzində formalaşıb. Qədim türklərə məxsus əxlaq öz ciddi qaydaları ilə seçilib və örnək ola biləcək cəhətləri var. Qafqaza gələndən sonra yerli mühit, yeni yaşayış tərzi, oturaqlıq, qonşu xalqlar və etnoslarla təmas Azərbaycan türklərinin əxlaqına bir sıra detalların artırılması ilə sonuclanıb. Sonralar islamın qəbulu ilə çox mükəmməl olan Quran əxlaqını da mənimsəyən xalqımızın əxlaqı yuxarıda sadalanan bu üç əxlaqın sintezindən ibarətdir. Dilimizdə olan «əxlaq» sözünün özü də ərəbcə olub səciyyə, təbiət, xasiyyət anlamında olan «xülq» sözündəndi. İslamdan əvvəl əxlaq haqda ərəblərdə olan məlumatlar cahiliyyə şairlərinin əsərlərindən, atalar sözlərindən, Qurandakı ayələrdən öyrənilir. Tədqiqatçılar cahiliyyə ədəbiyyatında ayrıca «əxlaq» sözünə təsadüf olunmadığını, bu anlamda olan «mürüvvət» sözünə daha çox rast gəlindiyini deyirlər. Bundan başqa, o dövrün ədəbi nümunələrində əxlaq terminləri kimi «şücaət», «kərəm», «vəfa», bunların antonimi olan bir sıra sözlər işlənib. Ayrı-ayrı əxlaqi kateqoriyaları əhatə edən bu terminlərin işlənmə məqamlarını və ehtiva etdikləri mənanı kontekst içində incələyəndə yüksək, cahanşümul bir əxlaqdan yox, dünyəvi və sırf qəbilə mənafeyini hədəfə alan bir düşüncə tərzindən söz açıldığı bəlli olur. Cahiliyyə zamanının adamları ölümdən sonrakı həyata inanmadıqları üçün bu dünyanın heç bir zövq qaynağını əldən çıxarmamaq, bacardığı qədər çox faydalanmaq haqda düşünür, hedonist bir həyat tərzini sevir və qiymətləndirirdilər. Cahiliyyə çağının ən məşhur şairlərindən olan Züheyrinin şeirlərindən verilən nümunələr bu əxlaq haqda aydın təsəvvür yaradır. Zəmanənin kumiri, qəhrəman etalonu haqqında Züheyrinin bir şerində oxuyuruq: «O bir aslandır, pür silah (silahlanmış), dırnaqları kəsilməmiş. İgiddir, zülmə uğrayanda əlüstü zalıma qarşılıq verər, zülmə uğramazsa, özü zülmə başlar. Öz elini silahıyla qorumayan kişi zillətə düşər. Və insanlara zülm etməyənin özü zülmə məruz qalar». Göründüyü kimi, burada ədalət, mənəviyyat prinsipləri yox, başqalarına qalib gəlməyi ideal olaraq götürən, sərhədləri fərd və qəbilənin mənafeyi hüdudlarından kənara çıxmayan bir əxlaq tərənnüm olunur. Bu əxlaq islamda qəzəb nəfsi adlanan nəfslə yüklənib, elə bir nəfs ki, dinimizdə o, aradan qaldırılması lazım olan heyvani bir özəllik kimi hədəfə alınır. Bu səbəbdən Qurani-Kərimdə adamlar bir neçə dəfə məhz cahiliyyə çağının nostaljisi xüsusunda tənqid edilir, belə əxlaqın yaramazlığı göstərilir, nadanlıqları ucbatından o dövrün prinsiplərini arzu etdiklərinə görə fərdlər qınağa məruz qalırlar: «Əslində insanların çoxu çıxmış yolundan. Yoxsa cahiliyyə çağının hökmünü istəyirlər? Allahdan daha gözəl kim hökm verə bilər etiqadlı bir qövm üçün?» (Məidə, 49-51); «Erkən cahiliyyə çağında olduğu sayaq bəzənib-düzənərək ətrafa açılıb-saçılmayın» (Əhzəb, 33); «Ürək ağrısıyla cahiliyyə çağının təəssübünü çəkirdi cahillər» (Fəth, 26). Quran ayələrində bəzən cahiliyyənin adı çəkilmədən də bu toplum hədəfə alınır, Qiyamət zamanı yaramaz əxlaqları müqabilində haqq-hesab olunacaqları çox ciddi təhdidlə bildirilir: «Elə ki büküldü günəş, elə ki töküldü ulduzlar, elə ki yerindən oynadı dağlar, elə ki yiyəsiz qaldı ikicanlı dəvələr, elə ki bir yerə cəm oldu bütün vəhşilər, elə ki aşdı-daşdı dənizlər, elə ki bədənlərə birləşdi canlar, elə ki diri-diri basdırılan körpə qızlar barədə soruşdular ki, günahları nə imiş, öldürüblər onları?.. » (Təkvir, 1-9). İslam dini bu əxlaqın daha çox fərdi mənafeləri düşünən, cəngəllik qanunlarını xatırladan «insan insanın canavarıdır» fəlsəfəsinə qarşı insana münasibətdə helm, şəfqət, məhəbbət və təqva dolu bir əxlaq qoydu. Bu əxlaqın qaynağı, şübhəsiz ki, Quran idi. Burada Allahı ən yüksək dərəcədə sevmək (Bəqərə, 165), Onun xoşnudluğuna nail olmaq və Ondan xoşnud olmaq (Məidə, 119) təməl əxlaqi motiv olaraq göstərilir, doğru inanc və təmiz yaşayışın ən yüksək qayəsinin Allahın razılığı olduğu vurğulanır (Tövbə, 72, Hadid, 27). Qurani-Kərim insanların başqalarına qarşı yönəltdiyi mübarizə enerjisini öz daxilindəki nöqsanlara – nəfsinə yönəldir. Nəfsə yönəldilən cihadın böyük, əsgəri cihadın kiçik cihad adlandırılması əbəs deyil. Bu məntiqlə, dünyada baş verən bütün yaramazlqların mənbəyi olan insan nəfsi insanın ağıl və düşüncəsinin, «bu olmaz» deyən bir ədalət, insaf və təqva duyğusunun nəzarətində saxlanmalıdır. Çünki o, bu buxovdan kənara çıxanda aradan qaldırılması imkansız olan fəsadlar yaradır. Bütün müharibələrin, kütləvi qırğınların, əxlaqsızlıqların və bunlara cavab olaraq göndərilən təbii fəlakətlərin qaynağı insanların yüksək əxlaqa söykənməyən hərəkət və ya hərəkətsizlikləridir. «Gəlsəydi imana o ölkənin adamları, qorxsaydılar Allahdan, göyün və yerin bərəkətini qismət eləyərdik onlara» (Əraf, 96). Deyilənlərin cəmiyyətə, insanlığa vurduğu zərbənin nəticələrini aradan qaldırmaq sonradan çox çətin olur. Ona görə Qurani-Kərim bu yaramazlıqların mənbəyi olan nəfsi elə bətnindəcə – rüşeym halında boğmağı prinsip olaraq irəli sürür. Bu halda nə ədalətsiz müharibələr, nə şəhvani pozğunluqlar, nə də total ədalətsizliklər olar. Sufilər dünya nemətlərinə bağlılıqdan qurtarmağı da vəzifə olaraq götürürdülər. Əgər dünya həyatı «bir oyun-oyuncaqdırsa», bu sərvətin insanlar arasında çeşidli fitnə və fəsadların, müharibələrin ünvanı olmasını necə qəbul etmək olar? Sərvət və vəzifə sahiblərindən uzaq olmaq da təsəvvüf əxlaqının əsas şərtlərindəndir. Ümumiyyətlə, dinimizdə, yumşaqlıq, həlimlik, insana qarşı sevgi, xoş sifət, kinli olmamaq çağırışları çox güclüdür. Cəlaləddin Rumi İsa peyğəmbərsayağı düşməni belə öz məhəbbəti ilə dosta çevirməyin mümkünlüyünü iddia edirdi: O iki qara gözünə de ki, Ən qəddar düşmənin belə olsa, Ona qırx gün sevərək baxsın. Qırx birinci gün onun da sənə Sənin kimi baxdığını görəcəksən. Qurani-Kərimdə Şeytanin insana təzyiqlər etdiyi və onu düz yoldan sapdırmaqda israrlı olması da dəfələrlə vurğulanır. Və hər kəsin bu təzyiqlərə qarşı mətanətlə durmağının insanın özünün xeyrinə olduğu deyilir. “Şeytanin yerişini yeriməyin. O, sizin açıq düşməninizdir. O, sizi yalnız şər və iyrənc işlərə təhrik edir» (Bəqərə, 169). Allah tərəfindən bu qədər şərəfləndirilən insan öz nəfsinə əsir olmamalıdır. Çünki insana ağıl və iradə verilib və üzərinə xeyli məsuliyyətlər qoyulub. Belə olduğu halda, bütün hərəkət və hərəkətsizlikləri ağlın nəzarətindən çıxan adam heyvandan da betər sayılmalıdır: «Öz nəfsinə tanrı təkin tapınan kimsəni tanıyırsanmı? Sənmi vəkil olacaqsan ona? Bəlkə, elə bilirsən söz eşidir, ağıl işlədir onların çoxu? Heyvan kimi şeydirlər, yox, heyvandan da betərdilər» (Furqan, 43-44). Məhəmməd peyğəmbərə aid edilən bir kəlamda isə deyilir: «Əgər bir insan yaxşı iş görəndə sevinir, pis iş görəndə isə üzülürsə, demək, o gerçəkdən mömindir». Quranda insanın fitrətinə Allah tərəfindən haqqı batildən ayıran imkan - furqan qoyulduğu deyilir. Onu hərəkətə gətirib yararlanmaq, özünün bu günü və sabahını düşünmək hər bir kəsin öz əlindədir: «Allah insan nəfsinə fücurunu da, təqvasını da ilham edib, onu təmizləyən uğura uğrayar, çirkləndirən isə ziyana» (Şəms, 9-10). Göründüyü kimi, islam dinində əxlaqa çox böyük əhəmiyyət verilib. İslam filosoflarının əxlaqı «ruhani təbabət» adlandırması əbəs deyildi. Müqəddəs Kitabımızda insanın Allah, bəşəriyyət, vətən, fərdlər, ailə, qonşular və s. qarşısında borclu olmasından danışılır, bütün bunlara riayət eləməyin həm də hər bir fərdin özü üçün faydalı olması vurğulanır. Dünyanın öz sahmanı var və insana yaraşmayan hər bir yaramazlıq bu sahmana zidd olduğu kimi, yaxşı əməllərə üstünlük vermək də bütün insanlar üçün faydalı olur, dünyada əmin-amanlığın, sülhün, rahatlığın qarantına çevrilir. Bütün total fəlakətlərin kökündə isə məhz əxlaqi hərc-mərclik durmasını Quran məntiqi ilə əsaslandırmaq o qədər də çətin deyil. Qurani-Kərimdə yerimək, danışmaq və s. kimi xırda detallarda da ədəb gözləmək tövsiyə olunur. İnsanın şəstlə yeriməsi, başını qürurla dik tutması, ucadan danışması məqbul sayılmır. Quran bir öyüd kitabı olduğundan, burada ən incə nüanslara belə aydınlıq gətirildiyini görmək olar: «Sədəqələrinizi o yoxsullara paylayın ki, qapanıb qalmışlar Allah yolunda. Gəzib-dolaşmazlar yer üzünü. Cahil adam utancaq görüb varlı sanar onları. Üzlərindən tanıyarsan onları. Üzünə üz tutub pay istəməz onlar başqalarından» (Bəqərə, 273). Müqəddəs Kitabımızda nəinki yalan danışmaq, hətta ona qulaq vermək belə xoşagəlməz sayılır. Görünür, bu, insanlarda yalana qarşı dözümsüzlüyün hər zaman kəskin olması üçündür. Çünki qulaq yalana öyrəşərsə, istər-istəməz insanda ona qarşı olan etiraz zəifləyir, səngiyir. İnsan öz içində Allahın sevmədiyi keyfiyyətlərə qarşı etirazı hər zaman yüksək hazırlıq vəziyyətində saxlamalı, dilini, qulağını, gözünü yàramazlıqlardan qorumalıdır. Məidə surəsində oxuyuruq: "Yalana qulaq verərlər, haram yeyərlər...” (Məidə, 42). Dinimizdə başqalarının haqqını yemək, ədalətsizcəsinə başqaların haqqına tamah salmaq, rüşvət almaq insanlara zülm etmək sayılır. Zalımları isə Allahın sevmədiyi dəfələrlə vurğulanır: «Haqsızlıq işlədərək bir-birinizin malını yeməyəsiniz, insanların mallarını hakimlərə verməyəsiniz, bir qismini yeməyəsiniz bata-bata bilərəkdən günaha» (Bəqərə, 188). Dini. irqi, dili, dərisinin rəngi, hansı ölkədən, regiondan olmasının fərqinə varılmadan insanlara öz dəyərlərinə görə qiymət verilməsini də önə çəkir. Buradan o nəticə də çıxır ki, deyilən prinsiplər əsasında insanlara fərq qoymaq islam əxlaqı ilə daban-dabana ziddir. Beynəlmiləlçilik, insansevərlik təqdir edilir, proteksionizm, yerlibazlıq və bu kimi yaramaz təzahürləri rədd edən bir əxlaq tövsiyə olunur. Müqəddəs Kitabımızın Hücurat surəsində deyilir: «Ey insanlar! Şübhəsiz sizi bir erkəklə bir dişidən yaratdıq. Bir-birinizlə tanış olasınız deyə, sizi millətlərə və qəbilələrə ayırdıq. Əlbəttə ki, Allah qatında ən şərəfli olanınız Ondan ən çox qorxanınızdır» (Hücurat, 13). Bu ayədə, yəqin ki, həm cahiliyyəyə xas qəbilə marağını önə çəkmək, milli maraqlara qarşı qoymaq kimi cahiliyyə təfəkkürü mənsubları qınağa məruz qalır. Bundan başqa, Allah yanında adamların dəyərinin fərdi keyfiyyətlərdən asılı olduğu vurğulanır. Başqa tip bölgü zülm, cəhalət və abdallıq əlaməti kimi dəyər alır. Bir sözlə, insan üçün ən böyük dəyər yüksək əxlaqdır. Belə əxlaq sahibləri heç zaman qəmlənməməli, əlləri boşalmamalıdır. Çünki Müqəddəs Kitabımızda açıqca deyilir ki, «əgər möminsinizsə, hamıdan üsütünsünüz». Yüksək əxlaq ən böyük mənfəət, ən yaxşı sərmayədir. Çünki o, insanı ən uca hədəfə – Allah razılığına qovuşdurur. Qələm surəsindəki bir ayə ilə bu yazıya sonuncu nöqtəni qoymaq olar: «Sənin üçün bitməz-tükənməz bir mənfəət vardır. Çünki sən böyük bir əxlaq üzərindəsən» (Qələm, 3-4). Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Din və Demokratiya Mərkəzi İctimai Birliyi tərəfindən “Dini maarifçilik istiqamətində kitab çapı” layihəsi çərçivəsində çap olunur.
© 2020 - Created by İLK XEBER.