Bilik Günündə fiaskomuz: “ilkxeber.org”da “siyasi səhf” tapıldı

Mağıl Bilik Günü keçirmək təmənnasındaydıq. Bunun üçün hər bir şərait vardı. Qaz var, su var, işıq var, internet cabəca yerində. Mətbəxdə dislokasiya olunub qaranlıq düşəndə kəşfiyyata çıxan yeganə kərtənkələ (adətən, divar kağızının altı ilə hərəkət edir, hələlik evdə ictimai asayişi və ya siyasi sabitliyi pozacaq destruktiv hərəkətə yol verməyib) bir neçə gündür görünmür. Eyvanda dolaşıb bir qayda olaraq mən başmaq seyrinə çıxanda aktivləşən siçan dünən evə yenicə qədəm basıb əraziyə inteqrasiya olunmağa çalışan pişiyin (“Yaquar Pəncəsi”) iti caynağına tuş gəldi. Zavallı Cerri son nəfəsində “Əlvida, ey Vətən, ey əziz Bakı” deyib gözlərini əbədi yumdu. Bir sözlə, yüksək standartlı Bilik Günü keçirmək üçün hər şey gözəl idi. Amma heyhat. Atalar yaxşı deyib, mərdimazarı axtarmaqla deyil, rast gəlməklədir... Baş redaktor zəng edib dedi ki, poçta şikayət məktubu gəlib, baxın, görün nədi... Məktub nə məktub! "Əvvəla, salam. Əgər salamdan sonra zəhmət çəkib bizlərin əhvalını bilmək istəsəniz, şükür Allahın birliyinə, sağ-salamat varıq və sizin də sağlığınızı... ". Yox, ee. Bu, əvvəllər olurdu. Məktubun mətni belədir: “Siyasi səhf Aşağıda yazılanları Sizin qəzetinizdə oxudum və çox təssüf hissi keçiridim ki, sizin əməkdaşlarınızın bəzilərinin hələ də Azərbaycan Respublikasının prezidentinin cənab İlham Əliyevin olmasından bixəbərdirlər.” "Vaxsey" deyib barmağımı necə dişlədimsə, qan divara fışqırdı. İşçiləri bir-bir çağırdım: "Mişoppa, Yetər, Zəlihə, Zibeydə, Ürüdəcan, Ayna Mələk! Qutlu Mələk! Nə baş verir?" Hamısı heyrətə gəlmiş ərəbdovşanı kimi gözlərini bərəldib üzümə baxırdı. Sonra məktubu bir də oxudum. Handan-hana özümə gəlib vaqeədən xəbərdar oldum. Demə, oxucu "Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə problem Yüksək Məşvərət Məclisində müzakirəyə çıxarıldı” cümləsinə görə qeyzlənibmiş. Əxəvizadə, hiddətinizi anlayıram, kiməsə acığınız tutub, heyfini bizdən almaq istəyirsiniz, amma bir az elmli, bir az helmli, zövqünüzə uyğun olaraq bir az da ədalətli olun, lütfən... Əvvələn, Azərbaycan dilində “səhf” sözü yoxdur, “səhv” var. Saniyən, “ilkxeber.org” qəzet yox, saytdır. Fərqini necə izah edim? Sovet dövründə lətifə vardı. - Qəzetlə radionun fərqi nədir? - Radioya balıq büküb qazın üstündə bişirmək olmur. Sayt da elənçikdi... Salisən, Azərbaycan dilində “təssüf” sözü yoxdur, “təəssüf” sözü var. Rabeən, Azərbaycan dilində “keçiridim” sözü yoxdur. Xəmisən, “Problem Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Yüksək Məşvərət Məclisində də müzakirəyə çıxarıldı” cümləsindəbağlayıcısı göstərir ki, məzkur problem ondan əvvəl başqa bir yerdə müzakirə olunub. Əgər yazını oxumuş olsaydınız, Feliks Edmundoviçsayağı iti çekist gözləriniz siyasi səhv tapmağa tələsməzdi. Çünki həmin abzasda belə deyilir: “Təşəbbüsümüzlə başlanan hərəkat Türkiyədə də rezonans doğurdu. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə problem Yüksək Məşvərət Məclisində müzakirəyə çıxarıldı”. Bax burda baltanı daşa vurmusunuz.  Sədisən, hətta bu yazıda səhv olsaydı belə, bunu bizim saytın (Sizin təbirinizlə, qəzetin) passivinə yaza bilməzsiniz. Çünki yazının sonunda saytın ağ bağrına qara hərflərlə belə yazılıb: “Elçin, “azpolitika.info”. Yəni Elçin Rüstəmli bizim saytın (Sizin təbirinizlə, qəzetin) işçisi deyil. Sabiən, “ilkxeber.org”da işləyənlərin kəlleyi-şərifində Azərbaycan Prezidentinin İlham Əliyev, yoxsa Rəcəb Tayyib Ərdoğan olması ilə bağlı heç bir tərəddüd yoxdur. Çünki baş redaktor hər səhər əlində “şvabra” qapının ağzında dayanıb işçilərə “Azərbaycanın Prezidenti kimdir?” sualını verir və “Rəcəb Tayyib Ərdoğan” cavabı verənləri döyüb geri qaytarır. Əlbəttə, hər bir qəzet, jurnal, sayt və s rəhbərliyi istəyər ki, oxucusu çox olsun. Səhvlərimizi göstərib onları düzəltməyə kömək edən oxuculara çox minnətdarıq. Amma lütfən, “siyasi səhF”ə girişməzdən əvvəl “səhv”, “təəssüf” kimi sözləri düzgün yazmağı, cümlə qurmağı öyrənin. Xeyirli nəbilimnə axşamları