Əkrəm Bəydəmirli Zaman dəyişsədə dünyada mövcud olan münaqişələrin həllində hələki dəyişiklər görünmür. Yalnız illərin, fəsillərin, yeni politoloji mülahizələrin dəyişməsini müşahidə etmək olar. Terror şəbəkəsi, separatizmin dərinləşməsi böyük güclərin strateji hədəflərə çatması üçün vasitə olduğu şübhəsizdir. Belə yanaşmalar uzun illər davam edəcək. Dünyanın siyasi mənzərəsini xeyli dəyişdirən 11 sentyabr ABŞ tarixində baş verən faciə onu bir daha göstərdi ki, heç bir dövlət terrordan sığortalanmayıb. 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin binalarının terror hücumları zamanı partladılması terrora münasibəti və mübarizəni xeyli dəyişsə də erməni terrorizminə münasibəti təəssüf ki, dəyişməz olaraq qaldı. Bəlkə də erməni terrorizmi haqqında danışarkən geniş müqədiməyə ehtiyac yox idi. Bu gün Ermənistan dövlət səviyyəsində terrorizmin yeni metodologiyasını işğal olunmuş Dağlıq Qarabağda tətbiq etməkdədir. Beləki Orta Şərqdə oturuşmuş terror şəbəkəsinin nümayəndələrini Ermənistan Qarabağa çağıraraq könüllülərdən ibarət hərbi dəstələr formalaşdırır. Həmçinin Orta Şərqdə baş verən məlum hadisələrdən sonra həmin ölkələrdə yaşayan ermənilər Ermənistanın riyakar siyasəti nəticəsində Dağlıq Qarabağda məskunlaşdırılır. Qanunsuz məskunlaşdırma siyasətinin arxasında çox məkrli planlar durur. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin qənaətincə, beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir. Paşinyan Ermənistanın daxilində gedən ciddi çaxnaşmaları, əhalinin sosial-iqtisadi vəziyyətindən yaranan ağır durumu səngitmək, diqqəti əsas problemlərdən yayındırmaq məqsədilə müxtəlif təxribat xarakterli addımlar mütəmadi olaraq atır. İnsan resursunun, hərbi heyətin çatışmazlığını aradan qaldırmaq məqsədilə Paşinyanın xaricdən muzdlu erməni döyüşçülərinin gətirməsi haqqında məlumatlar yayılır. Təbii ki, bu siyasət Ermənistanı bataqlıqdan xilas edə bilməyəcək. Ermənistan rəhbərliyinin daha bir ciddi hədəfi ondan ibarətdir ki, bu yolla öz tarixi torpaqlarından didərgin düşən azərbaycanlıların öz yurdlarına qayıdışı prosersini əngəlləsin. Münaqişənin ömrü uzandıqca azərbaycanlıların yaddaşından torpaq, yurd yerləri anlayışı silinsin. Ancaq hər bir Azərbaycan vətəndaşında o qədər torpaq, yurd sevgisi var ki, bunu heç bir təxribatla, məkrli planlarla unutdurmaq olmaz. Bəzən düşünürsən ki, qonşu dövlətlərlə normal iqtisadi, mədəni əməkdaşlığa deyil, yalnız terrorizm siyasətinə meyl edən paşinyanlarla hansı sülh danışıqları aparmaq olar? Həqiqətən cəzasızlıq mühiti Ermənistanın manevr imkanlarını artırır. Sülhdən, sabitlikdən ağızdolusu danışan dünyanın aparıcı qüvvələri nədənsə terrorizmin yeni təzahürünə göz yumur. Rusiya daxil olmaqla bəzi dövlətlər Ermənistana hərbi dəstəyini dayandırmır. Belə qeyri səmimi, riyakar gedişlə Dağlıq Qarabağ münaqişəsinin həllinə yox, onun daha çox uzanmasına dəstək olurlar. Bütün bunların nəticəsidir ki, dünyada konfliktlərin həllində nəinki yumşalmalar hiss olunmur, əksinə təhlükəli tendensiyalar getdikcə daha da artmaqdadır. Narahatçılıq doğuran bu, proseslərin gələcəyidir. Dünyanın loyal münasibəti belə terrorizmə meylli olan ölkələrin qara siyasətlərinə yeni imkanlar yaratmaqda davam edir. Onu da qeyd etmək istərdim ki, ermənilər hər zaman bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar. Dinc insanların kütləvi şəkildə qəddarlıqla qətlə yetirliməsi, öldürülmüş şəxslərin təhqir edilməsi insanlıq əleyhinə cinayətlərdir. Bu cinayətlərin törədilməsinə görə, birmənalı şəkildə Ermənistan dövləti məsuliyyət daşıyır və cəzalanmalıdır. Məhz bu aspektdən çıxış edərək qeyd etmək lazımdır ki, bizim fəaliyyətimiz həm hüquqi, həm də hüquqa əsaslanan hərbi müstəvidə davam etməlidir. Uğurlu hərbi əməliyyatlar Paşinyanın məkrli manevr siyasətinə son qoyacaq. Bütün bu məsələləri çozmək, qanunu, beynəlxalq hüququ tanımayan ermənini haqqın yoluna gətirmək, ən əsası regionda ədalətli sülhü bərpa etmək üçün qalib gəlmək lazmdır. Bütün sahələrdə qalib gəlmək zəruridir. Axı, qaliblər mühakimə olunmur!
© 2020 - Created by İLK XEBER.