Ölkə həyatının bütün sahələrində həyata keçirilən və sosial rifahın yüksəlməsinə istiqamətlənmiş əlverişli hüquqi və sosial-iqtisadi siyasət insan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsində, etibarlı müdafiəsində, ümumilikdə davamlı inkişafında mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə vətəndaşların rifah halının daha da yaxşılaşdırılması, sosial infrastruktur layihələrinin uğurla icra olunması, dövlət orqanlarında işlərin operativ həlli, bu sahədə bürokratik əngəllərin aradan qaldırılması, ASAN xidmətinin tətbiqi, korrupsiyaya qarşı mübarizə istiqamətində ardıcıl işlərin görülməsi təqdirəlayiqdir. Lakin bütün bunlarla yanaşı insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçilik, bürokratik əngəllər, məmur özbaşınalığı, vətəndaşların müraciətlərinə, problemlərinə laqeyd münasibət, həmçinin insan hüquqları sırasında xüsusi yeri olan, digər hüquqlardan istifadə də böyük əhəmiyyət daşıyan müraciət etmək hüququnun pozulma halları hələ də mövcuddur. Yəni, müstəqil dövlətimizdə aparılan sosial-iqtisadi islahatlar fonunda, əhalinin sosial hüquqi maariflənməsinə böyük ehtiyac duyulur. Belə ki, regionlarda aparılan sosial-siyasi islahatlar, mürəkkəb hüquqi prosedurların həyata keçirilməsi, bu fəaliyyəti həyata keçirən dövlət və digər təşkilatların nümayəndələrinin qanunvericiliyin qaydalarına necə əməl edib-etməməsi, buradakı peşəkarlıq, kadr siyasəti, insan amili və subyektivizm, əhalinin qanunvericiliklə tanışlıq səviyyəsi və digər məsələlər sosial siyasətin tarazlı həyata keçirilməsində olduqca mühüm faktorlardır. Əhalinin sosial hüquqlarını, sosial qanunvericiliyi bilməməsi bir çox hallarda onların hüquqlarının pozulmasına, rüşvətxorluq, qeyri-şəffaf fəaliyyət, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifqadə etməsinə və ya bu səlahiyyətləri aşmasına gətirib çixarır ki, bu da sonda vətəndaşlar tərəfindən haqlı olaraq sosial narazılıqla qarşılanır. Bu problemlər dairəsinə yerlərdə torpaq islahatları, sosial müavinətlərin verilməsi, pensiyaların düzgün təyin edilməsində buraxılan nöqsanlar, yerli icra orqanlarının nümayəndələrinin vətəndaşların sosial hüquqlarının bəzi hallarda izah olunmasında fəallıq göstərməməsi daxildir ki, nəticədə kənd və rayonlarda növbələr, şikayətçilərin sayının artması ilə müşahidə olunur. Vətəndaşların bir çox hallarda Konstitusiyanın bizə verdiyi hüquq və azadlıqlar haqqında bilik və məlumatlarının yetərincə olmaması, bu sahədə maarifçiliyin lazımi səviyyədə aparılmaması, təhsil, sağlamlıq, yaşayış, nigah, mənzil, əmək, prezumpsiya və digər mühüm hüquqlarımızın pozulması faktlarını artırır. Mənzil İstismar İdarələrində arayış və formaların alınması, təhsildə, bəzən, təhsil müəsisəsi rəhbərliyinin müxtəlif adlarla qanunsuz maddi yığımları, tikinti sektorunda vətəndaşların, fəhlələrin əmək müqaviləsi olmadan əməyinin istismarı, mənzillərin alqı-satqısı zamanı hüquq pozmaları, məhkəmə instansiyalarındakı get-gəllər bu gün cəmiyyətimizdə baş verən neqativ proseslərdəndir. Bölgələrdə yaşayan əhalinin müəyyən bir qisminin ali təhsilli və ya hüquqi cəhətdən savadlı olmamaları, hətta, dövlət orqanlarına məktub və ərizələrlə necə müraciət etməyi belə bilməmələri, bir çox hallarda onları hüquqlarının arxasınca getmək fikrindən daşındırır, “reallıqla hesablaşmağa” sövq edir. Müxtəlif instansiyalardan şikayətlərinə cavab ala bilməyən vətəndaşların çoxluğu günümüzün real faktlarındandır. Cəmiyyətdə bir çoxlarımıza bəlli olan bu problemlərlə hamımız rastlaşsaq da, nədənsə, onun əsas səbəblərini və aradan qaldırılması yollarını ortalığa qoymuruq. Bütün hallarda bu yol sosial-hüquqi maariflənmədən keçir. Bu gün geniş əhali kütləsinin insan hüquq və azadlıqları, sosial qanunvericilik sahəsində kütləvi maariflənməsinə, məhkəmə-vəkil, hüquqşünas xidmətindən fəal istifadə etmə imkanına malik olmasına, öz hüquqlarını durmadan təbliği və qorunmasına cəmiyyətimizin də, dövlətimizin də ehtiyacı var. Bunun üçün vətəndaş cəmiyyəti institutlarını bu prosesə cəlb etməklə əhali arasında sosial-hüquqi maarifləndimə xidmətini təşkil etməklə vətəndaşların sosial hüquqi maariflənməsinə nail olmaq olar. Vətəndaşları qanunlarımızla tanış etməklə sosial hüquq pozmalarının qarşısını almaqda, hüquqlarının qorunmasında onlara yardım göstərmək, ictimai şüurda hüquq mədəniyyətini inkişaf etdirmək mümkündür. Dövlət orqanlarında vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi bu sahədki problemlərin həllinə yardım göstərilməsi dövlət qurumlarının fəaliyyətində şəffaflığln artmasına səbəb olacaq. Vətəndaşlar tərəfindən haqlı olaraq sosial narazılıqla qarşılanan sosial hüquqların, sosial qanunvericiliyin və digər hüquqların pozulması problemlərinin ictimai rəyin diqqətinə gətirilməsi məsələsində yeni bir mexanizmin inkişafına töhfə verəcək. Yerlərdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçilik, bürokratik əngəllər, məmur özbaşınalığının aradan qaldırılmasına xidmət edən müzakirələrin açılmasına təkan verəcək. Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən “Vətəndaşların sosial hüquqlarının təmin edilməsi istiqamətində maarifçilik tədbirləri” layihəsi çərçivəsində çap olunur.
© 2020 - Created by İLK XEBER.