Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Koronovirus pandemiyası” ilə bağlı ölkə vətəndaşlarının maarifləndirilməsi” layihəsinin icrasını yekunlaşdırıb. İctimai Birliyin sədri Əli Cəfərovun mediaya açıqlamasına görə, icrasına 01.07.2020-ci il tarixdən başlanılan layihənin əsas məqsədi ölkə vətəndaşlarının koronavirus pandemiyası barədə dolğun, yalnız faktlara söykənən dəlillərlə maarifləndirilməsi olub: “ Artıq layihənin əsas hədəfinə çatdığını söyləməyə müəyyən əsaslar var. Belə ki, bu kiçik zamanda Şuranın qərarı ilə ölkə vətəndaşlarının maarifləndirilməsini özünün əsas vəzifəsi hesab edən layihə iştirakçıları “Sağlamlıq.info” internet portalını təsis edərək təcili olaraq onu oxucuların ixtiyarına verdilər. Çünki həm layihənin icrası üçün nəzərdə tutulan müddət bu zamana təsadüf etmişdi, həm də koronavirusun ölkəmizdə ən yüksək həddə çatdığı, tüğyan etdiyi bir vaxtda biz bunu öhdəlik kimi qəbul etmişdik. Ona görə də vaxtı dəyərləndirdik. Tez bir zamanda çox nəfis tərtibatlı və özündə pandemiya ilə ilgili böyük məzmun kəsb edən bir portal hazırladıq”. “Sağlamlıq.info” ya əsasən, hansı tipli yazıları yerləşdirirsiniz sualımıza cavab olaraq Əli Cəfərov bildirdi ki, sayt nəinki Azərbaycan oxucusunun, bütün internet dünyasının ixtiyarındadır. Hər bir kəs harada yaşamasından asılı olmayaraq, saytın imkanlarından bəhrələnə bilər. Materiallara gəlincə, burada pandemiya ilə bağlı ən vacib məlumatların yerləşdirilməsinə üstünlük verilir. Bu dəhşətli, dünyəvi bəlanın qarşısının alınması məqsədilə dünya mediasında səslənən təkliflər, mütəxəssislərin analitik təhlilləri xüsusilə qabardılır. Məsələn, ukraynalı həkim, fitoterapevt Boris Skaçkonun ağciyər xəstəlikləri,virus və öskürəyə qarşı tövsiyə etdiyi sadə metodlardan bəhs edən “Koronavirusa qarşı 3 super məsləhət – Yerli immuniteti necə qaldırmalı”, eləcə də “Koronavirus (COVID-19): Valideynlər nəyi bilməlidir”, “Koronavirus nədir və ondan nə dərəcədə narahat olmalı?”, Respublika Müalicə-Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin müdiri Abbasəli Abbasəliyevin açıqlamasında yer alan “Aspirin koronavirusdan qoruyurmu?” kimi sırf maarifləndirici yazılar və s. portalın səhifələrində yerləşdirildi. Portalda əvvəlcədən nəzərdə tutulduğu kimi, səhiyyə ilə yanaşı, müsahibə, ekologiya, idman kimi bölümlər də təşkil edilib. Bu bölümləri də saxlamaqla ictimai təşkilat Sağlamlıq.info-nun fəaliyyətini bundan sonra da davam edirmək niyyətindədir. Müsahibə bölümündə Rusiya Federal Tibbi-Bioloji Agentliyinin (FTBA) baş infeksionisti, Piroqov adına Rusiya Milli Tibbi-Tədqiqat Universitetinin (RMTTU) infeksion xəstəliklər və epidemiologiya kafedrasının müdiri, professor, tibb elmləri doktoru Vladimir Nikiforovun koronavirusla mübarizə tədbirləri barədə geniş fikirlərini, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin “QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin” başlıqlı müsahibəsini, layihə rəhbəri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinnin sədri Əli Cəfərovun “Koronavirusla mübarizəyə yeni bir portal da qoşulur – “Sağlamlıq.info”” sərlövhəli müsahibəsi və s. yer alıb. “Sağlamlıq.info”- nun səhifələrində koronavirusla mübarizədə xalq təbabətinin tətbiqi ilə bağlı maarifləndirici məlumatlara da geniş yer ayrılmışdır. Əli Cəfərov bizimlə söhbətində onu da bildirdi ki, onun sədri olduğu Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi bundan sonra da öz fəaliyyətini vətəndaşların maariflənməsi, təhsilin inkişafı, gənclərin mənəvi aləminin zənginləşdirilməsi istiqamətində davam etdirəcək. Təsisçisi olduğu “Sağlamlıq.info” portalı isə getdikcə əhəmiyyətini daha da artırmaqla əhalinin sağlamlığının keşiyində durmaqda, ekoloji tarazlığın qorunmasına töhfələr verməkdə və s. üzrə fəaliyyətini davam etdirəcək.
© 2020 - Created by İLK XEBER.