"CANAN ÇE CANAN!" (CANAN NƏ CANAN!)

Hafiz Rüstəm
1970-ci illərin əvvəlləri idi. O zaman ADU-nun (indiki BDU-nun) gözü olan Şərqşünaslıq fakültəsinin tələbələri idik, hələ təzə-təzə bir-birimizlə yaxından tanış olmağa başlamışdıq. Bizim 10 nəfərlik 744-cü qrupun rəhbəri Arif İbrahimov seçilmişdi. O, hamımızdan köklüyünə, “ponçik”liyinə görə yaşlı kimi görünən, əslində məndən də 1 – 2 yaş kiçik, ancaq irigövdəli, söhbətcil, gülümsər bir şəhərli oğlan idi.
Bir gün universitetin dar, geniş olmayan həyətində (İndiki Əlyazmalar İnstitutunun arxasında) dərs başlamamış bizi başına yığıb özünün farsca yazdığı “Canan çe canan” adlı şerini oxudu, onu alqışladıq, təbrik etdik, hələ fars mənşəli professor Nəyyerzaman xanım Hatəmidən (Səqəfidən) farsca höccələyə-höccələyə oxuyub-öyrəndiyimiz vaxtda o, bizi xeyli qabaqlamış, hətta farsca bir sevgi şeri yazmağa müvəffəq olmuşdu. Arif aramızda elə bu şerə görə birdən-birə əlçatmaz olmuşdu, sonralar bizə oxuduğu şeri radioda da öz ifasında səsləndirmişdi, ən aşağısı fakültəmizdə bir fenomen gənc şair kimi məşhurlaşmışdı.
O zaman meyxanə tipli, elə bir ədəbi məziyyəti olmayan bir şerimdə də Ariflə və digər qrup yoldaşlarımla məzələnmişdim:
Bizim Arif hərdən şeir yazardı,
Ruslan ona hökmən qulaq asardı.
Ağadayı xoruz kimi qızardı,
Ay can alan, candı bizim uşaqlar,
Bərrü biyabandı bizim uşaqlar.
Bir dəfə Ciqatay adlı bir dostumuz mənim bu bənd də daxil poetik bir sicilləməmi bütün qrupların dəhlizdə tənəffüsdə olduğu vaxt oxudu: Ağadayının xoruz kimi qızardığı, yaxud qızdığı müzakirəyə səbəb oldu. Dağlı balası Ağadayı Ağayev (hazırda Nazirlər Kabinetində Beynəlxalq əlaqələr şöbəsinin müdiridir) məhz buna görə məndən bir müddət küsülü qaldı.
BDU-nu bitirdikdən sonra tale yollarımız ayrıldı.
Mən “Maarif” nəşriyyatında redaktor kimi “küllənirdim”, mətbuatda seyrək-seyrək görünürdüm, qəzet və jurnallarda, dərsliklərdə yazılarım çıxırdı, iki kitabım (“Yazıçı” və “Gənclik” nəşriyyatlarında) böyük tirajlarla nəşr olunmuşdu.
Arif isə AYB-nin Ədəbiyyat Fondunun direktoru, tez-tez televerilişlərdə iştirak edən, müsahibələr verən tanınmış ictimai xadim idi.
1990-cı illərdə ədəbi tədbirlərdə arabir Ariflə təmasda olurdum – onun Hüsü Hacıyev küçəsindəki kabinetində boş vaxtlarda görüşərdik, xeyli söhbətləşərdik, pürrəngi çaysız keçinməzdik.
Arif daha farsca yox, Azərbaycan türkcəsində yeni yazdığı şeirləri mənə oxuyardı, hökmən rəyimi soruşardı. Necə oldusa Ariflə Anar arasında konflikt yarandı, öz vəzifəsindən istefa verdi. Mən bu insidentin təfərrüatlarına varmadan deməsəm olmaz ki, necə A.Paşazadə din xadimindən çox bütün Qafqazın təyin edilmiş siyasi şeyxidi, eləcə də diktator Anar da məliküş-şüəra kimi öz funksiyasını çoxdan başa vurmuş AYB-nin rəhbəridir, daha doğrusu, istənilən hakimiyyətin maşasıdır.
Arif necə deyərlər Anarın üzünə ağ olduğuna görə bir müddət cəlayi-vətən oldu, ölkədən didərgin düşdü, Gürcüstanda nəşriyyat açıb orada fəaliyyət göstərdi, sonra bütün titullardan məhrum edilmiş dissident kimi vətənə qayıtdı.
Bütün bu çətin illərdə mən həmişə Ariflə telefon əlaqəsi saxladım, ürəyim ağrıya-ağrıya kefini-halını soruşmaqdan, təskinlik verməkdən qalmadım.
Yadımdadır, bir dəfə Xarici Dillər İnstitutunun qarşısından keçəndə avtobusun pəncərəsindən dayanacaqda Arifi gördüm. Dərhal aşağı düşdüm, Köhnə dostumla görüşüb-öpüşdüm, çox mütəəssir idi. Gürcüstandan təzə gəlmişdi, sən demə, Tiflisdə nəşr etdirdiyi “Azərbaycanca - gürcücə lüğət”kitabının Xarici Dillər İnstitutunda təqdimatını keçirmək istəyib, ancaq rektor (Gərək ki, "məşhur Səməd Seyidov) icazə verməmişdi. (Gör Anarın Arifə qoyduğu qadağanın uzantıları haracan gedib-çıxmışdı!) Həmin lüğətin bir nüsxəsini də mənə bağışladı. Yenə də ona təsəlli verdim və ürək ağrısı ilə ondan ayrıldım, tərcüməçi dostumuz Firidun Ağa demişkən orta statistik bir qələm əhli kimi elə bir nüfuzlu ictimai-siyasi fiqur olmadığıma görə özümə acığım tutdu.
Həmin çətin illərdə, konkret 1998-ci ildə Arifin bir vaxtlar yazdığı, mətnini unutduğum “Canan çe canan”şerinə cavab olaraq eyniadlı şerimi yazdım, onu “Şeh damcıları” kitabıma da (“Maarif”, 2000)daxil etdim.
Əziz dostlar, aşağıda digər tələbəlik dostum Nəbi Sərdaroğlunun aranjemanında “Canan çe canan!”ı öz ifamda dinləməmişdən qabaq oxuya bilərsiniz
“CANAN ÇE CANAN”
(Canan nə canan)
Bir də tələbəlik qayıtmaz geri,
Qayıdar onun xoş xatirələri.
Sanki bir pıçıltı o vaxtdan bəri
Cingildəyib getməz qulaqlarımdan,
“Canan çe canan!”
Həyata yenicə atılmışların,
Sərbəst yaşamağa qatılmışların.
Sevgi mərəzinə tutulmuşların
Dərdinə tapılan ən yeni dərman,
“Canan çe canan!”
Öz ana dilində nəsə itirdin,
Çünki qeyri dilə pənah gətirdin.
Fars dilində qərib bir gül bitirdin,
Səndən yadigardır o pöhrə, fidan,
“Canan çe canan!”
Bu, həmin dövrdə bir cürət idi,
Heç kəsdə olmayan məharət idi.
Özünü göstərmək bir şöhrət idi,
İndi harda qalıb o şöhrət, o şan?
“Canan çe canan!”
Ey qələm sahibi, hanı o qələm?
Açaydı şeirdə bir yeni aləm.
Bu şux sözlərindən görsənir hər dəm,
Oxuyur bir cavan tələbə oğlan:
“Canan çe canan!”
19 sentyabr 1998
https://www.facebook.com/mirhafis/videos/2640548492927844/