“Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin “Qalatasaray” klubu heyətində ciddi islahatlar aparmağı planlaşdırır. Apasport.az saytının məlumatına görə, ixtiyarında 30 futbolçu olan baş məşqçi Fatih Terim bu sayın azaldılması üçün komandada saxlamaq istəmədiyi oyunçuların adlarını rəhbərliyə təqdim edib. Təcrübəli mütəxəssis yerli futbolçulardan Əmrə Taşdemir, Şener Özbayraklı, Ahmet Çalık, həmçinin Rayan Babel, Cimmi Durmaz və Jesse Sekidikanın başqa klublara göndərilməsinə razılıq verib. Çalışdırıcı Taşdemir və Sekidikanın icarəyə verilməsinin tərəfdarıdır. Bundan başqa, “Qalatasaray” maaş büdcəsini 60 milyon avrodan 40 milyona endirmək istədiyindən, bir neçə əcnəbi futbolçu ilə yollar ayrıla bilər. Sofian Fequli, Yunes Belhanda, Mbaye Dian və Markao ilə bu yöndə danışıqlar davam edir. Adıçəkilən oyunçular üçün sərfəli təklif gələrsə, onların satılması barədə qərar veriləcək. Belhanda və Dianla bağlı bir neçə təklif olsa da, İstanbul təmsilçisi onları baha qiymətə satmaq niyyətindədir. Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. “Cim-bom” buna qədər ayın 12-də Türkiyə Super Liqasının I turunda “Qaziantep”i qəbul edəcək.
© 2020 - Created by İLK XEBER.