Ağıl psixoloji fəaliyyətin beyin vasitəsi ilə həyata keçirilən, çox inkişaf eləmiş və differensasiya olunmuş xüsusi funksiyasıdır. Bilik əldə etmək, toplamaq, yeni biliklər yaratmaq, rasionalcasına əsaslandırılmaşəsaslandırılmaş qərarlar çıxarmaq, məqsədlər müəyyənləşdirmək, onlara çatmaq üçün yollar seçmək, situasiyaları düzgün dəyərləndirmək bacarığı olan ağıl intellektual bir fəaliyyətdir. Elm isə ağıldan doğan bir məhsuldur. Ağıl həm də dünya və axirət səadətinin vəsiləsi hesab olunur. Dünya və axirətdə səadətə səbəb ola bilirsə, demək, şərəfli bir nemətdir. Qurani-Kərimin Nur surəsində deyilir: «Göylərin, yerin nurudur Allah. Onun nuru içində çıraq olan bir qəndildir elə bil. Bir şüşənin içindədir o çıraq. İstədiyi kimsəni Öz nuruna qovuşdurar Allah» (Nur, 35). Əbu Hamid əl-Qəzaliyə görə, bu ayədə ağıl qəlbə atılan bir nur, insanda yaradılmış bir fitrət kimi tərif olunur. Və göstərilir ki, qəlb sahibi idrak etmə imkanını məhz bu nurla əldə edir. Böyük ilahiyyatçıya görə, bu, ilahi ədalətin təzahürlərindən biridir. Demək, bütün fərdlər ilkin olaraq «bərabər start» imkanına malik olur. Yəni cövhərində, fitrətində haqla batili, ùàràì və halalı, savab və günahı fərqləndirəcək bir imkana malik olur. Əgər fərd ayrılan ömürdən istifadə edib özünü təkmilləşdirsə, Allahın qatında daha yaxşı məqama yiyələnə bilər. Əks təqdirdə isə unudanlardan, ağıl işlətməyənlərdən olub, itkiyə məruz qala bilər. İnsanlara ünvanlanan: «And olsun ki, biz Quranı düşünüb öyüd almaq üçün asanlaşdırdıq. Fəqət hanı düşünən?» (Qəmər, 17) və «Bütöv bir hikmətlə yoğrulur hər biri. Xəbərdarlıq eləməyin, görünür, yox faydası» (Qəmər, 5) iradı əbəs deyil. Bu, əslində cəbr – insanın alın yazısından kənara çıxa bilməməsi haqda islama ünvanlanan ittihamlara da tutarlı bir cavabdır. Deyilən ittihamlardan qidalananlardan biri də görkəmli dramaturq və filosofumuz M.F.Axundov olub. O, «Kəmalüddövlə məktubları»nda Allaha irad tutur ki, «yazını yazan da, cəzanı verən də özüdür». Amma Qurani-Kərim insanın fitrətində olan bu imkanı – nuru realizə etmənin onun özündən asılı olduğunu göstərir. İnsan öz əməlləri, böyük cihadı - nəfsi ilə mübarizəsi yolu ilə alın yazısına da təsir edə bilər. «Yazıya pozu olmaması» haqda atalar sözü Quranda öz təsdiqini tapmır: «Dilədiyini pozub silər, dilədiyini sabit saxlayar Allah, onun dərgahındadır yazıların anası» (Rad, 39). O kəslər ki, Allahın ona verdiyi ağıldan yararlanıb idrakı ilə zülmətləri yara bilir, Müqəddəs Kitabımızda belələri nəfsin pıçıltılarına uyub ulu əmanəti – nuru boğan və zülmətdə qalan kimsələrdən, təbii ki, üstün tutulur. «Heç ölü ikən diriltdiyimiz və insanlar arasında yeriyə bilməsi üçün nur verdiyimiz kimsənin qaranlıqlar içində çıxılmazda qalan kimsə ilə bənzəri ola bilərmi?» (Ənam, 122). Ümumiyyətlə, Quranın hansı bir hissəsində nur və zülmətdən bəhs edilirsə, onların adı çəkilirsə, mütləq nur ağıl, elm anlamına, zülmət isə cəhalət anlamına gəlir: «Allah iman edənlərin yardımçısıdır. Onları qaranlıqlardan nuruna çıxarar» (Bəqərə, 527). Peyğəmbərimizə aid edilən bir kəlamda isə belə deyilir: «Ey insanlar! Rəbbinizi bilin və anlayın. Bir-birinizə ağıl-kamallı olmağı tövsiyə edin. Çünki sizə əmr edilənləri və yasaq edilənləri ağlın köməyi ilə bilə bilərsiniz. Bilin ki, Rəbbinizin hüzurunda sizi ağlınız qurtaracaq. Bilin ki, ağıllı insan Allaha itaət edən insandır. Bu ağıllının görünüşü çirkin, dünya mərtəbəsi kiçik, üstü-başı pərişan ola bilər... Və ya bilin ki, cahil Allaha üsyan edən kimsədir. Hərçənd bunun isə görünüşü gözəl, xalqın nəzərində qiyməti yüksək, geyimi yaxşı, danışığı bəlağətli ola bilər». Cəlaləddin Ruminin «Məsnəvi»sində belə bir rəvayət var. Səhrada iki nəfər yol yoldaşı olur. Bunlardan biri alim, o biri isə cahil bir bədəvi imiş. Alim yol yoldaşından dəvənin üstündəki xurcununda nə apardığını soruşur. Bədəvi xurcunun bir gözündə buğda, o birində isə xurcun aşmasın deyə qum olduğunu deyir. Alim ona məsləhət görür ki, qumu yerə boşaldıb buğdanı yarı bölsün. Bədəvi belə də edir. O, alimin ağlına heyran qalıb soruşur: «Yəqin, bu ağılla sənin karvan-karvan dəvələrin var?» Alim belə olmadığını deyir. «Onda imarətlərin, mülklərin var?» Alim yenə yox deyir. «Qızıl-gümüşlə dolu xəzinən var?» Alim izah edir ki, onun əynindəki paltardan savayı heç nəyi yoxdur. Bədəvi bunu eşitcək buğdanı əvvəlki qayda ilə xurcunun bir gözünə yığır, o birinə isə qum doldurub deyir: «Ay bədbəxt, sənin başına nə gəlib, o ağıldan gəlib. Sənin o cındır, heç nəyə sahib olmayan ağlından mənim xurcunun bir gözünə qum dolduran ağılsızlığım yaxşıdır. O ağıldan yaxanı qurtar. Sənin bütün uğursuzluqların mənbəyi o ağıldır». Bu rəvayətlə Rumi insanların ağıla münasibətdə tutduğu fərqli mövqeyi açıqlayır. Həqiqətən, əgər dünyaya o bədəvinin gözləri ilə baxsaq, ağıl dedikdə isə sərvətə aparan yolu nəzərdə tutsaq, onda ən ağıllı elə o bədəvi kimilərdir. Amma əsl sərmayənin haqq dünyası olduğunu qəbul edənlərə də o bədəvinin məntiqi absurd görünür. Çünki Tövbə surəsində Ulu Tanrı buyurur: «Əvəzində cənnəti vermək üçün möminlərdən canlarını, mallarını, satın alıbdır Allah. Allah yolunda savaşır, öldürür, öldürülür onlar. Tövratda, İncildə, Quranda bu, Allahın verdiyi haqq vədidir. Vədinə Allahdan çox vəfa eləyən kim ola? Sevinin alış-verişinizə. Budur böyük qurtuluş!» (Tövbə, 111). Digər bir surədə isə sanki rəvayətdəki bədəvi nəzərdə tutularaq deyilir: «Yazıqlar olsun hər cür tənəbaza, rişxəndbaza. O kəsə ki, var yığar, yığdığını dönə-dönə sanayar. Sanar ki, varı ona əbədiyyət var eləyər. Xeyr, hutəməyə atacaqlar mütləq onu axırı. Nə biləsən nədir hutəmə. Allahın yanar odudur» (Huməzə, 1-6). Ümumiyyətlə, Müqəddəs Kitabımızda insan hey düşünməyə, ağıl işlətməyə təhrik edilir: «Bir düşünməzmisiniz?», «Ağıl işlətməzmisiniz?», «Beyinsizlər...» və s. Bu iradların tez-tez, həm də müvəqqəti, imtahan üçün nəzərdə tutulan dünyanın parıltısına uyanlara ünvanlandığını görürük. Kitaba görə, keçicini inkar etməyə, rədd etməyə özündə güc və təpər tapanlar düzgün yolda, doğru əxlaq üzərindədir. Əsl insanı imansızlardan və heyvanlardan, ağıllını ağılsızdan fərqləndirən əlamətlərdən biri də budur. Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Din və Demokratiya Mərkəzi İctimai Birliyi tərəfindən “Dini maarifçilik istiqamətində kitab çapı” layihəsi çərçivəsində çap olunur.
© 2020 - Created by İLK XEBER.