“Qəlb” sözü ərəb dilində bir şeyin içini üzə çıxarmaq, altını üstünə çevirmək kimi mənalar verir. Eyi zamanda dəyişkən, haldan-hala keçən mənası da var. Quranda qəlbin bu işi neqativ xassə kimi göstərilir və insan qərarlı bir varlıq olmağa təşviq edilir. Və belə anlaşılır ki, iman qəlbə bu qərarlılığı qazandırmağa kömək edir. Çünki reallığı görməyə mane olan göz korluğu yox, qəlblərin korluğudur. «Şübhəsiz, bunda bir ibrət dərsi var döyünən ürəkli, eşidən qulaqlı, görən gözlü kimsə üçün” (Qaf, 37); «Bir gəzib dolaşalar yer üzünü, görələr-götürələr, ağıllanmalarına səbəb olacaq ürəkləri, eşidən qulaqları ola. Kor olan gözlər deyil, sinələrdə ürəklərdir kor olan” (Hacc, 46). Əbu Hamid əl-Qəzali «Səadət iksiri» əsərində qəlbin insan üçün rolunu obrazlı şəkildə belə anladır: «Bil ki, bədən bir dövlət kimidir, ayaqlar və bir sıra orqanlar onun əməkçiləridir, nəfsani arzular vergi müfəttişliyidir. Aqressivlik polisdir. Qəlb bu dövlətin padşahı, ağıl isə onun vəziridir. Onlar hamısı padşaha lazımdır ki, dövlətin işi qaydasında olsun. Amma vergi müfəttişi yalançı, gəvəzə və fırıldaqçıdır. Hər şeyi ağlın dediyinin əksinə edir. Və istəyir ki, hər şeyi xərcləsin. Polis isə acıqlı, kobud, qəddar və sərtdir, öldürməyi və sındırmağı sevir. Əgər padşah vəzirlə məsləhətləşsə, acgöz və yalançı vergi müfəttişini yerinə oturda bilsə, polisi də vəzirə tabe edə bilsə ki, o, çox qarayaxa olmasın, vəzifə səlahiiyyətlərindən kənara burnunu soxmasın, onda dövlətin işi qaydasında olacaq, xoşbəxtliyə gedən yol bağlanmayacaq. Yox, əgər ağıl nəfsani arzuların əsirinə çevrilsə, onda vay halına! Dövlət yıxılacaq, padşah isə bədbəxt olacaq və özünü məhv edəcək». Mərifət, yəni Allahı bilmək və tanımaq qəlbin işidir. Həsəd, qəzəb, nifrətlə yanaşı iman, Allah qorxusu, helm və təqva da qəlbə aid işlərdir. Hər bir üzvün ləzzət aldığı bir fəaliyyət var. Dünyada çox şeylər var, amma göz gözəl olanları görməkdən zövq alır. Dünyada çox səslər var, amma qulaq xoşa gələn səsləri eşitməkdən zövq alır. Qəlbin zövq aldığı fəaliyyət isə mərifətullah – yəni Allahı dərk etməkdir. Qəlbin ləzzəti hər şeyin həqiqətini bilməkdədir. İnsan bu yolda nə qədər irəliləsə, o nisbətdə ləzzət alar. İnsanın qəlbi nə qədər təmiz olarsa, daha çox sirlərə vaqif olmaq imkanı əldə edər. Allahı bilmək ləzzətlərin ən gözəlidlir. Çünki Allahın zat və sifatına, sirlərinə, qüdrətini anlamağa yol açan onu tanımaq şərəf və səadətindən daha gözəl nə ola bilər?! Onu da deyirlər ki, qəlb Allahın camalını müşahidə üçün xəlq olunub. Mərifətullah əhli Allahı canından, malından daha çox sevər. Mövlana yazırdı ki, əvvəlcə çadır qurar, sonra türkü qonaq çağırarlar. Türk alimi Ömər Öngüt «Qəlblərin açarı» adlı əsərində yazır ki, insan əvvəlcə sarayı təmizləməlidir ki, Padşah (Allah) gəlsin. Fuad gözü, yəni qəlb qapısı aralanarsa, bəzi sirlər açılar. İlahi nemət yalnız təmiz qəlblərdə təcəlli edər. Qəlblər qablara bənzər. Qab su ilə dolu olanda hava girə bilmir. Nə qədər ki, qəlblər masiva (Allahdan başqası) ilə məşğuldur, mərifət hasil olmaz. Qəlbdə iki qapı var. Biri daxilə – yəni mələkut aləminə, digəri xaricə – yəni beş hissə açılır. Bu dünyaya aid dad və ləzzətlər qəlbdən çıxarıldığı anda qəlbə doğru qeyb aləmi açılır və həqiqət görülür. Çünki qəlbin hər iki aləmə yönəlib hər ikisini görməsi mümkün deyil. Bir tərəfi qapalı olduğu üçün güzgüdə görüntü meydana gəldiyi kimi, qəlb də Haqqdan qeyri şeylərə qapalı olanda ona qeyb aləmi açılır. Fikrimizcə, qəlb mükəlləf varlıqlara aiddir. Heyvanların ürəyi var. Cinlər mükəlləf varlıq olduqlarından qəlb onlara da aiddir. «Çoxlu-çoxlu İNSİ-CİN yaratmışıq cəhənnəmlik olaraq. QƏLBLƏRİ VAR, ANLAMAZLAR, gözləri var, görməzlər, qulaqları var, eşitməzlər. HEYVAN KİMİ ŞEYDİR ONLAR. Yox, heyvandan betərdilər, doğru yoldan daha uzaq düşüblər, qəflət içindədirlər» (Əraf, 179). «Onlar heyvan kimi şeydilər» deyəndə məhz qəlbin yalnız motor funksiyasını yerinə yetirdiyinə, ilahini dərk yolunda heç nəyə nail olmadığına işarə var. Mükəlləf olmayan varlıqlar üçün doğru və əyri yol deyilən anlayışlar yoxdur. Görünür, möhürlənmə deyiləndə qəlbin mükəlləf olmayanların urəyi kimi olması nəzərdə tutulur. «Sizə Allahdan bir nur gəlib, aydın bir Kitab gəlib» deyilir Məidə surəsinin 15-ci ayəsində. Bu nurla qəlblər nurlanır. O, qəlblərdə paslanma və korlaşmanın qarşısını alır. Möhür vurulmaz nur olan qəlblərə. O olan yerdə ilahi eşq olar. İlahi eşq olan yerdə isə başqa heç nə olmaz. Çünki o, hər şeyi yandırar. Məcnun: «Leyli sözü söylə, ya da xamuş» deyirdi, ona görə ki, qəlbindəki Leyli eşqi başqa eşqlərə qalib gəlmişdi. Amma Leyli eşqi masiva eşqi deyildi. Çünki onun «nəqqaş idi nəqşdən muradı» (Füzuli). Eşq yolunu tutan başqalarını unutmalıdır. Dünya ilə bağlı olan hər şeyi yaddan çıxarmalıdır. Quranda əbəs yerə deyilmir ki, arvad, uşaq, var-dövlət… insanı əsas eşqdən yayındırır. «Məsnəvi»də bu həqiqət obrazlı şəkildə belə ifadə olunur. Məcnun dəvəni minib Leylini görməyə gedirmiş. Dəvənin belində xəyallara dalır və yüyən boşalır. Dəvənin də fikri öz balasının yanında. Yüyənin boş olduğunu görüb başını döndərir öz evlərinə, balasının yanına. Məcnun baxır ki, dəvənin istəyi yerinə yetib. Bir neçə dəfə belə təkrar olunandan sonra dəvəni buraxır: «Sən mənim başımın bəlasısan. Sənin öz dünyan var, mənim öz dünyam, səninlə mənimki tutmuz». Dəvə burada insanı Allahdan uzaqlaşdıran hər şey mənasında işlənib. Deyirlər ki, xəstə adam gözəl yeməklərin dadını anlaya bilmədiyi kimi, əmr edən nəfsə (nəfsi-əmmarə) təslim olan adamın da qəlbi xəstə olar və o, ibadətlərdən ləzzət ala bilməz. Kin, qəzəb, şəhvət, paxıllıq, riyakarlıq, tamah bu xəstəliyin simptomlarındandır. Qəzali yazır ki, insan qəlbi öz yaradılışından dəmir kimidir. Onu yaxşıca cilalamaqla güzgü düzəltmək olar. Və cilalanmış «güzgü»də bütün dünyanı görmək olar. Əks halda o pas atır və pas onu yediyindən daha güzgülüyə yaramır. Uca Tanrı bu barədə deyir: «Xeyr, onların əməllərindən qəlbləri pas bağlayıb» (Mutaffifin, 14). Maraqlı bir cəhət budur ki, xəstəlik deyəndə əməli ilə sözü, zahiri ilə batini uyğun gəlməmək nəzərdə tutulur. «Dilləri qəlblərində olanı söyləmirdi» deyilir. Dinimizə görə, dil qəlbin tərcümanı olmalıdır. Yalan varsa, xəstəlik var, riyakarlıq varsa, xəstəlik var. Şairlərə olan irad da («şairlərə sapmışlar uyar») bu səbəbdəndir və ürəkdən gələni yox, yalan yazmalarına görədir. Təsadüfi deyil ki, «onlar bunlardan deyil» deyə iç dünyasını, duyğularını saf, səmimi şəkildə dilə gətirənlər onlardan fərqləndirilir: «Məgər görməmisənmi, bir söz vadisindən o birinə keçərkən onlar necə hədlərini aşırlar [yə'ni nə həcv, nə də mədhiyyə qoşmaqda sərhəd gözləmirlər], Eləmədiklərini «Eləmişik» deyərlər» (Şuara, 225-226) . Qəlb xəstəliyi qəlb qatılığı, qəlb qaralması gətirir. Bu isə insanın sonsuzluğa, gözələ, yaxşıya, Allaha gedən yolunu bağlayır: «Kimin ürəyini İslama açmışsa və Öz nuru ilə doğru yola yönəltmişsə onu Allah, ürəyi bağlı olan kimsə ilə birmi tutular beləsi? Vay halına o kəslərin ki, qəddar ürəklərilə Allahı anmaqdan ayrı düşüblər. Aşkar bir sapqınlıq içində vurnuxar onlar» (Zumər, 22). Sadalanan ayələrdən belə anlaşılmasın ki, Allah insanların iradəsinə müdaxilə edib onların doğru yolu tapmasına əngəl olur. Belə olmadığı ayələrdən aydın görünür: «Pozdular vədlərini, dandılar Allahın ayələrini, haqsız yerə öldürdülər peyğəmbərləri, «Ürəyimiz pərdəlidir» dedilər. Küfrə qarşılıq olaraq möhürlədi ürəyini onların Allah. Az bir qismindən başqa iman gətirməz onlar» (Nisə, 155); «Ondan sonra da peyğəmbərlər göndərdik ayrı-ayrı qövmlərə. Aşkar dəlillər gətirdi onlar qövmlərinə. Öncədən kafirlər idi, iman gətirmirdilər. Beləcə möhürləyirik qəlblərini həddini aşanların» (Yunus, 74). Xəstəliyə tutulmamış təmiz qəlb Quranda səlim qəlb adlanır. Allah taala istəyir ki, hüzuruna səlim qəlblə gəlsin insanlar: «O gün ki, mal-dövlət, oğul-uşaq fayda verməz heç kimə – yalnız təmiz ürəklə gəlməli Allahın dərgahına» (Şuara, 89). Tanınmış türk ilahiyyatçısı Yaşar Nuri Öztürk «qəlbi-səlim»dəki «səlim»in islamla bir kökdən olmasına diqqət çəkir: «Səlim qəlb sülh, hüzur, təhlükəsizlik, ağlıq və sükunətlə dolu qəlb deməkdir. İslam da bu dəyərləri əldə etmək yoludur. Səlim qəlb Allaha lazım olan qədər təslim olan qəlb deməkdir... Rəhman olan Allahdan gizli bir yolla güc alan və Rəhman üçün ürpərən bir qəlbdir» Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Din və Demokratiya Mərkəzi İctimai Birliyi tərəfindən “Dini maarifçilik istiqamətində kitab çapı” layihəsi çərçivəsində çap olunur.
© 2020 - Created by İLK XEBER.