Sıradan çıxan əyləc

Siyasi idarəetmədəki dəyişikliklər, özəlliklə hakimiyyət vitrininin yenilənməsi bəzi qaranlıq məsələlərə işıq tutmağa başlayıb. Daha dəqiqi, şahidi olduğumuz, lakin zamanında anlamağa çətinlik çəkdiyimiz Azərbaycan üçün faydalı proseslərin qarşısına kimlərin süni əngəllər çıxarması artıq gizlin deyil. Gedişat göstərir ki, domino daşı effekti üzrə bağlı qalan xeyli sual yaxınlarda öz cavabını tapacaq.
Hüquq sistemi Azərbaycanda digər sahələrlə müqayisədə bəlkə də ən az təşəbbüskarlıq nümunələri olan sahədir. İdarəetmə ilə birbaşa təmas qurulmadan bu sistemində hər hansı yeniliyi həyata keçirmək faktiki mümkün olmadığı üçün hüquqşünasların ciddi bir hissəsi iqtidarın yanında yer almağa meyl göstərirlər. Heç şübhəsiz, problemlərə müstəqil baxış, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi üzrə konkret təkliflər kimlərinsə fikrindən, düşüncəsindən keçib, ancaq onları səsləndirmək bir zamanlar hüquq sisteminə rəhbərlik edənlərlə kəllə-kəlləyə gəlməyə bərabər olduğu üçün çoxları susub, daha doğrusu, buna məcbur olub.
Ancaq istisnalar da var. Qara və Xəzər Dənizi Hövzəsi Ölkələri Hüquqşünasları Asossasiyası hüquq sistemindəki digər ictimai birliklərdən fərqli olaraq Azərbaycan hakimiyyətinin diqtəsi və nəzarəti altında yaradılmayıb. Bununla belə, bütün fəaliyyəti birmənalı olaraq Azərbaycan qanuvericiliyinin təkmilləşməsinə dəstək verilməsinə yönəlib. Fəaliyyət istiqaməti hökumətin hüquq sistemi ilə bağlı ictimaiyyətə açıqladığı tezislərlə tam üst-üstə düşüb.
Yarandığı gündən bu yana milli hüquq sisteminin çağdaş, beynəlxalq təcrübədən uğurla çıxmış prinsiplər əsasında yenilənməsi üçün çalışan Asossasiya az iş görməyib. Hüququn ayrı-ayrı sahələri üzrə elmi ədəbiyyatlar yaradıb, tanınmış hüquqşünasların əsərləri ana dilimizə tərcümə olunub, hüquq ədəbiyyatı üzrə kitab evi açıb, Bakıda, İstanbulda, Moskvada, Sofiyada ölkənin təkcə hüquq sisteminə deyil, bir nömrəli problemimiz olan Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə diqqət çəkən elmi konfranslar, simpoziumlar təşkil edilib.
Təkcə 2019-cu ildə Asossasiya və AMEA-nın İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Beynəlxalq terrorizm və müsair şəraitdə onunla mübarizə” mövzusunda beynəlxaq konfransa Türkiyə, Rusiya, Qazaxıstan, Bolqarıstan, Ukrayna, Serbiya, Yunanıstan, Belorus, Qırğızıstanda qanun yaradıcılığının aparıcı mütəxəssisləri, eləcə də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa ölkələri Vəkillər Kollegiyası, Avropa Hüquqşünaslar Birliyinin təmsilçiləri qatılmışdı.
Amma... Bakının möhtəşəm konfrsans salonlarından birində keçiriləcək tədbirə saatlar qalana qədər təşkilat məsələlərində heç bir axsama olmasa da, son anda hansısa “gizli əl”in dövriyyəyə daxil olduğunu toplantını izləyənlər unutmayıb yəqin. Konfrans başlayan gün sanki yığıncağa qarşı ildırım sürətli bir plan işə salındı. Toplantıya gələn bir neçə millət vəkili yoldan geri qaytarıldı, daha sonra özəl telekanalların Asossasiyanın rəhbəri hüquq professoru İlham Rəhimovdan aldığı və onun Ermənistanın 30 ildir Azərbaycana qarşı dövlət terror ilə məşğul olmasınını ifadə etdiyi müsahibəyə efir qadağası qoyuldu. Bütün əsas çıxışlar Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi, eləcə də onun dövlət terror ilə məşğul olmasını sübut edən faktlar üzərində qurulsa da rəsmi media bu haqda bir cümləni belə efirə vermədi, yaymadı.
Səbəblər aydın deyildi... MDB ölkələri, özəlliklə Rusiya, o sıradan Avropa hüquq elminin aparıcı simalarını elmi konfransda bir araya gətirib, onlara Ermənistanı terrorçu dövlət kimi dərindən tanıtmaq kimi vacib bir missiyanı həyata keçirmək Azərbaycan hakimiyyətində kimin maraqlarına cavab verməyə bilərdi?
Asossasiyanın “Məhkəmə-hüquq islahatları: ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda 20-yə yaxın ölkəni təmsil edən hüquqşünasın qatıldığı toplantısında da senari dəyişmədi.
Rəsmi Bakının görünməyən əli toplantı üçün əngəl yaratmaqda davam edirdi. Azərbaycan üçün bunca önəmli tədbirlərə dəvət edilən hüquq mühafizə orqanlarının rəhbərləri bir dəfə də olsun konfranslara qatılmırdılar, hətta nümayən göndərməkdən də ehtiyat edirdilər. Azərbaycan rəsmi tərəf kimi yığıncaqlarda yalnız Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri (Şahin Əliyev) səviyyəsində təmsil olunurdu. Praktik müzakirələrdə, dinləmələrdə iştirakları arzu edilən heç bir hüquq-mühafizə orqanının, məhkəmə hakimiyyətinin rəhbərliyini yığıncaqda görmək mümkün deyildi.
Ən anlaşılmaz məqamlardan biri də “gizli əl”in konfranların, yığıncaqların işıqlandırılması ilə bağlı media siyasəti idi. Az qala bütün yerli telekanalların başdan sonra çəkdiyi yığıncaq sonra efirə ümumiyyətlə verilmirdi. Səbəb soruşulanda “belə göstəriş verilib” deyirdilər. Yəni kimlərsə toplantıdakı bütün çıxışları bir neçə nüsxədə, bir neçə rakursda lentə aldırır, ancaq həmin çəkilişlərdən daxili istifadə üçün yararlanırdılar.
Üzərindən bəlli bir zaman keçəndən sonra analoji təşəbbüslərin qarşısında kimlərin dayandığı aydın görünür. Öz fəaliyyətlərini məharətlə maskalayan bu şəxslərin Azərbaycanın müstəqil dövləti kimi güclənməsinin qarşısını necə, hansı metodlarla, hansı pravokasiyalarla aldığı sadəcə acı təəssüf doğurur. Bu qüvvələrin hakimiyyətdə ikən Azərbaycana qarşı fəaliyyətləri o qədər açıq, o qədər bariz olub ki, bundan sonra heç 30 məqalə ilə də addımlarını təmizə çıxarmaları mümkün deyil.
Azərbaycan ciddi sərvəti olan kiçik ölkədir. Güclənmək, imkanlarımızı məhdudlaşdıran Güney Qafqazın çərçivələrindən çıxıb daha geniş coğrafiyada söz sahibi olmağımız üçün bizə yeni təşəbbüslər, yeni müzakirə müstəviləri gərəkdir. Qara və Xəzər Dənizi Hövzəsi Ölkələri Hüquqşünasları Asossasiyası və belə geniş coğrafiyanı əhatə edən beynəlxalq qurumlarda iştirak Azərbaycan dövlətinin dayaqlarını möhkəmləndirməklə yanaşı, beynəlxalq nüfuzunu yüksəldir, ən əsası isə beynəlxalq hüquq mexanizmlərini milli maraqlarımızın qorunması üçün səfərbər edir. Azərbaycan dövlətinin yenidən şəkillənməsi prosesinə şahidlik etdiyimiz bugünlərdə belə təşəbbüslərin ölkə üçün nə qədər önəmli olduğunu görməmək mümkün deyil.
Aygün Muradxanlı
Dominant.az