“SƏN GETDIN, ELƏ BİL DÜNYA BOŞALDI…”

Elbəyi CƏLALOĞLU Böyük şairimiz Bəxtiyar Vahabzadənin bu misrasını düz bir ildir ki, çox tez-tez xatırlayıram – Abbas Abdulla dünyasını dəyişəndən. Onunla yaş fərqimiz 25 olsa da, sadəliyi, təvazökarlığı, mənəvi zənginliyi, dürüstlüyü, ölçülü-biçili söhbətləri bu fərqi hiss etdirməyə imkan vermirdi. Abbas bəy özü bir məktəb idi, amma bu məktəbi keçmək Abbas ömrü yaşamaq qədər çətin idi. Abbas ömrünü yaşamaq üçün kök bəlkə də Cənub-Qərbi Qafqaz Türk Cümhuriyyətinin qurucusu və rəhbəri Emin ağa Hacallıya, ədəbi simalardan olan Alxas ağa Hacallıya, Tiflisin baş hakimi olmuş İsrafil ağa Acalova bağlı olmalı idi. Abbas Abdulanın kökü məhz siyasətçi və şairlərlə zəngin olan bu mühitdən qidalanmışdı. Acalov Abbas Abdulla oğlunun onlarla kitabın müəllifi görkəmli şair-publisist, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), “Əməkdə fərqlənməyə görə” medalı və Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı (1984), bir sıra qəzet və jurnalın redaktoru, Yeni Müsavat partiyası Ali Məclisinin üzvü, Azərbaycanın İstanbulda baş konsulu (1992-1997) vəzifələrində çalışmış ictimai-siyasi xadim, “Borçalı” Cəmiyyəti İctimai Birliyinin qurucusu və uzun müddət İdarə Heyətinin üzvü olmuş, bu il mayın 12-də 80 yaşı tamam olmuş Abbas Abdullaya (Hacaloğlu) çevrilməsi babalarının müqədddəs amallar uğrunda apardığı mübarizəyə sədaqətli olması idi. Abbas bəy bütöv adam idi, özünü, həyatı, dünyanı dərk edən ziyalı, milli dəyərlərinə, dövlətçilik ənənələrinə sahiblənməyi bacaran, yaradıcılığı ilə əməlləri bir-birini tamamlayan şəxsiyyət idi, mehriban, səmimi, sevgisi aşıb-daşan, ləyaqətli dost idi. Onunla həmsöhbət olarkən, yalnız ciddi məsələlərdən danışmalıydın, çünki onun özü beləydi, bayağı, lağ-lağı sözlər onu özündən çıxarırdı. Bu cür adamla dostluq etmək hər kəsə qismət olmur. Bəxtiyar Vahabzadənin yazının başlığında verdiyim misrasını mənə tez-tez xatırladan Abbas bəyin həmin bu yüksək keyfiyyətləri idi. Avto-bioqrafiyasına vikipediyadan tanış olmağın mümkünlüyünə görə təfərrüata varmadan qeyd etmək istəyirəm ki, Abbas Abdulla Borçalıda – Bolnisi rayonunun Bolus-Kəpənəkçi kəndində doğulsa da, şeirlərindən birində özü demişkən, 2019-cu il sentyabrın 4-də yolu o dünyaya Bakıdan başladı: ...Ən sevdiyim bir şəhər Bakı! Bakıdan çıxıb yola: Kiyevə getmişəm, Sonra Moskvaya, Sonra İstanbula. İndi mənim üçün Dünyanın hər yerinə yol Bakıdan başlayır, – O dünyaya da... Dünyadakı bütün insanları sevirəm, Məni sevməsələr də olar...   Ümumiyyətlə, çeşidli janrlarda yazdığı şeirlərinin hər biri Azərbaycan və bütövlükdə Türk poeziyasının bir incisi olan Abbas Abdullanın yaradıcılığından bəşəri sevgi, vətən, yurd, millət, dövlət, azadlıq, Türk dünyasının birliyi ətri, yetkin milli əqidə mübarizəsinin qoxusu gəlir. Bunları aşağıdakı nümunələr də təsdiq edir: Bu Vətən elə böyük ki, Yumruq boyda qəlbimə yerləşir. Bu Vətən elə ağır bir yük ki, Yaş artdıqca onu daşımaq şirinləşir.   Və ya   ...Savaş olarsa, Dava-dalaş olarsa, Bir dünya arzumun Bir ovuc kül olacağından qorxuram. Yorulub yarı yolda qalmaqdan, Vaxtsız məzarlığa varmaqdan qorxmuram, –...   Və ya   Gözündən nur alıb dan ulduzunun Qoca Kəpəzimin yaşıdı Göy göl. Bir ceyran baxışlı Gəncə qızının Qızıl üzüyünün qaşıdı Göy göl.   Ahından yanmadı zaman Əslinin, Bürüdü yolunu duman Əslinin, Kərəmin oduna yanan Əslinin, Bəlkə də gözünün yaşıdı Göy göl.   Və ya   Anam obaşdan durub, İşi başından aşır. O, hardan bilsin ömrü Qüruba yaxınlaşır?! Təbiət cavanlaşır – Səhər gəlirəm deyir.   Və ya   Görən yadmı bildi? Görəndə məni Quruyub yerində dondu ağaclar. Qapımız zarıdı yaralı kimi: – Cəftəmə əl vurma, əllərin donar.   Pəncərə gözüylə baxdı üzümə, Anama bənzədi nəmli divarlar, Bir otaq qəriblik  doldu gözümə, Bir otaq cavabsız qərib suallar.   Və ya   Gözümü bir qızın gözündə görsən, Bir anlıq günahı özündə gör sən – Qoruya bilmirsən niyə sən məni?! Geriyə qaytarmaq istəsən məni, Amandır, amandır, dönüb mən olma! Sən allah, sən allah, deyingən olma, Tez-tez yada salma olub-keçəni Bağışla məni.   Və ya   Bu çala Ortaçala Orta yurd, orta çala. Yar könlümün sazını Götürüb orda çala.   Bu kənd Kəpənəkçidi, Girmə, bağlar içidi. Bura babam məskəni, Özgələri nəçidi?!   Bakı, 03.09.2020.