Bu barədə iyunun ilk günlərində yazmışdıq. Düz üç ay keçir. Heç nə dəyişməyib. Dəyişən koronavirusdur, mutasiya olunur, dondan-dona girir. Gecədi - onda qısalırdı, indi uzanır, gündüzdü – onda uzanırdı, indi qısalır. Əlövsət Quliyev küçəsi isə dəyişməyib. “Amsterdam hostel” də. Yenə əvvəlki yerindədir. Bakının göbəyində. Yenə “hostel”dir. Yenə önünə qırmızı hərflərlə “Red Light District” yazılıb. Bunun tərcüməsi “qırmızı işıq rayonu”, “qırmızı fənərlər məhəlləsi”, yəni (çox-çox üzr istəyirik) pozğun qadınlar rayonu deməkdir. Bu yazı əcnəbiləri, yəqin ki, son vaxtlar viza rejiminin yumşaldılması ilə əlaqədar Bakıya axın edən turistləri cəlb etmək üçün reklam kimi verilib. Hostelin “Amsterdam” adlandırılması da təsadüfi deyil. Deyilənə görə, bu ənənə XVII əsrdə Amsterdamda yaranıb. İntim xidmət göstərən qadınlar əllərində içməli su və qırmızı fənər gəzdirər, bununla hər kəs üçün əlçatan olduqlarına işarə edərdilər. Çox yüksək maaş alan və uzun müddət dənizdə olan dənizçilər şəhərə qayıdanda artıq əlçatan tərəfdaş tapmaq üçün dağa-daşa düşməzdilər. Sonrakı dövrlərdə qırmızı fənərlər məlum xidmət obyektlərində qırmızı işığa çevrilir. Nəhayət, tərsanəyə yaxın olan ərazi qırmızı fənərlər rayonu kimi məşhurlaşır. O vaxtdan qırmızı fənərlər rayonu məlum mənada işlənir və mənası çox geniş auditoriya tərəfindən anlaşılır. Bəli, Bakının göbəyində bir ərazi “qırmızı fənərlər məhəlləsi” elan edillb. Biz Qarabağ müharibəsində təkcə ön cəbhədə uduzmadıq. Biz Vətən torpaqları və xalqın izzət-nəfsi, namusu uğrunda şəhid olanlara xəyanət etdik. Artıq iş o həddə çatıb ki, onların namusunu qoruduğu, uğrunda canını verdiyi ana və bacılarına elə öz soydaşları müştəri dəvət edir. Bakının ortasında, Daxili İşlər Nazirliyinin beş addımlığında. Təkcə ordamı? Bakıda analoji xidmətlərin masaj salonu adı ilə göstərilməsi barədə KİV-də nə qədər desəniz, informasiya var. Bir-iki ilə əvvəl AMEA əməkdaşlarından biri yazmışdı. Səhv etmirəmsə, Əkrəm Həsənov idi. Nizami küçəsində bir yerli sakin ilə söhbət edən ərəb turistin söhbətinə şahid olur. Turist adi bir şey əldə etmək istəyirmiş kimi, azərbaycanlıdan ona bir masajçı qadın tapmağa kömək etməsini xahiş edirmiş. Və əlavə edib ki, keçən ilki “masajçı”nın xidməti xoşuna gəlməyib… Bəli, artıq turist cəlb etmək üçün viza rejimi yumşaldılan ölkələrdə Azərbaycan haqqında belə imic formalaşdırmışıq. İbn Xəldun yazırdı ki, məğlub xalqlar onlara qalib gələnləri təqlid edir. Biz düşmənə ön cəbhədə də, informasiya müharibəsində də, arxa cəbhədə də uduzduq. Bir zaman uğrunda can verdiyimiz dəyərləri pula sataraq onlardan fərqlənməməklə, şərəf və ləyaqəti satmaq məsələsində dünyada məşhur olan düşmənimizə çevrilməklə… Məsələ barədə yazdıqlarımız o vaxt bir neçə saytda getdi. Sonra çox hörmət etdiyimiz yeddi millət vəkilinə müraciət etdik. Amma ortada heç nə yoxdu. Dinimizdə fərzi-ayn və fərzi-kifayə deyilən anlayışlar var. Sadə şəkildə izah etməyə çalışaq. Tutalım, bir nəfər dayanıb və yoldan keçən tanımadığı bir nəfər ona salam verir. Bu halda salamı almaq fərzi-ayndır. Əgər yeddi nəfər dayanıbsa və yoldan keçən tanımadıqları bir nəfər onlara salam verirsə, onun salamını ən azı bir nəfər almalıdır. Heç kəs almasa, o yeddi nəfərin hamısı günaha batır. Bu isə fərzi-kifayədir. Bunu da elə-belə yazdım... Allah bizi belə məsələlərə baxıb susanlardan eləməsin. Xeyirli çərşənbələr...
© 2020 - Created by İLK XEBER.