"Rusiya Azərbaycana qarşı faktiki olaraq düşmənşilik mövqeyində durduğunu dəfələrlə nümayiş etdirib". Bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Azərbaycanla hərbi əməkdaşlığa hazır olduqlarını və Rusiyanın hərəkətlərinin Azərbaycana qarşı olmaması barədə fikirlərini şərh edən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib. Q.Əlibəyli daha sonra qeyd edib ki, Ermənistan məhz rus ordusunun köməyi və yaxından iştirakı ilə Azərbaycan ərazilərinin 20 faizindən çoxunu işğal edib, Xocalı qətliamını törədib. Rusiya həmçinin Ermənistanı silahlandırmaqla, ona əvəzsiz silah-sursat verməklə təcavüzkarı dəstəklədiyini daim göstərir.Rusiyanın Ermənistana əvəzsiz silah-sursat verməsi ilə əlaqədar bir neçə dəfə qalmaqal yaşandığını söyləyən partiya sədri bildirib ki, bütün hərəkətləri ilə təcavüzkarı dəstəkləyən bir ölkənin müdafiə nazirinin "Rusiyanın hərəkətlərinin Azərbaycana qarşı olmaması" fikrinə yalnız sadələövh adamlar inana bilər.