Bugün görkəmli müğənni,Azərbaycan Respublikasının Xalq artisti Qəndab Quliyevanın doğum günüdür. Qəndab Həbib qızı Quliyeva (10.08.1949, Dilağarda kəndi, Füzuli r. – 26.06.2017, Bakı ş.) – A.Zeynallı adına Bakı Musiqi Məktəbini bitirib (1980). 1982-ci ildən Azərbaycan Opera və Balet Teatrının solisti olub. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. İlk muğam müəllimi Nəriman Əliyev olub. O, Vahid Abdullayevin muğam sinifində dərs alıb, sənətini təkmilləşdirib.
1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Bəy Hacıbəyli – “Leyli-Məcnun”, “Əsli və Kərəm”), Ərəbzəngi (M.Maqomayev – “Şah İsmayıl”), Şahsənəm (Z.Hacıbəyov – “Aşıq Qərib”), Gülbahar (Ş.Axundova – “Gəlin qayası”), Xanəndə qız (R.Mustafayev – “Vaqif”) rollarında çıxış edib. Q.Quliyeva bir çox xarici ölkədə – Almaniya, Avstraliya, Kanada, Yaponiya, Fransa, Finlandiya, Əfqanıstan, Əlcəzair, Tunis, İran, İraq və qardaş Türkiyədə qastrol səfərlərində olub. O, Azərbaycan muğam sənətini inkişaf etdirmiş sənətkarlardandır. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir. Onun ifasında “Xaric Segah”, “Şahnaz”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Şur” muğamlarının səsyazıları dövlət televiziyasının “Qızıl fondu”nda saxlanılır. Xanəndənin ifasında “Çahargah” muğamının səsyazısı isə Fransada “Muğam antologiyası”na daxil edilib.
Q.Quliyeva pedoqoji fəaliyyətlə də məşğul olub; Azərbaycan Dövlət Mədəniyyət ə İncəsənət Universitetində muğamatdan dərs deyib. Xalq artisti Qəndab Quliyeva uzun illər ürək və böyrək çatışmazlığından əziyyət çəkib; uzunmüddətli müalicələrə baxmayaraq, görkəmli sənətkar 26 iyun 2017-ci ildə vəfat edib. Nə qəribə təsadüfdir (bəlkə də təvafüqdir) ki Vətən həsrətli sənətkar Milli Ordu Günündə haqqın rəhmətinə qovuşub… Xalq artisti öz vəsiyyətinə görə, Binə kənd qəbrristanlığında – anasının yanında dəfn olunub. Xalq artistinin repertuarında muğamlar (“Şahnaz”, “Cahargah”, “Bayatı-Şiraz”, “Qarabağ şikəstəsi”, “Mahur-hindi”, “Heyratı” və s.), xalq mahnıları (“Apardı sellər Saranı”, “Qaçaq Nəbi”, “Gül açdı”, “Bağçada güllər”, “Əlində sazın qurbanı”, “Qara xal yar”) və Azərbaycan bəstəkarlarının mahnıları geniş yer tutub. RUHU ŞAD OLSUN!