Təyyar Nəsirli
Onunla tanışlığım orta məktəb illərinə təsadüf edir. Hər ikimiz eyni sovetlikdə-o, Ərəbqardaşbəyli, mənsə Xocalı kəndində yaşayırdıq. Kəndlərimiz ayrı olsa da, amma bir məktəbdə oxumuşuq, 8-ci sinfə kimi. Rayonda çıxan "Qələbə" qəzetinin nəzdində fəaliyyət göstərən "Kürün töhfəsi" ədəbi birliyinin yığıncaqlarına qatılar, görüb eşitdiklərimizi müzakirə edərdik. Xəlil Rza Ulutürk, Agacavad Əlizadə, Oqtay Rza və digər tanınmış yazarlar həmin şeir məclisinə gələrdilər. Gənc yazarları dinləyərdilər. Sənət nəhənglərinin davranışları, təhlilləri bizə o qədər maraqlı gələrdi ki… O, şeirlərini gətirərdi, mənsə hekayələrimi…
Sonralar tale bizi tez-tez qarşılaşdırdı. Ədəbi məclislərdə, görüşlərdə, tədbirlərdə. Bir də rayona gələn zaman redaksiyaya gəlişlərində.
Çox mülayim, astagəl, səmimi söhbətlər edərdi. Uşaq kimi kövrəkliyi vardı. Düşündüklərində dağdan ağır məna yükü daşıyardı. Son zamanlar yaman şikayətlənərdi. Əslində nədən, kimdən, nə üçün şikayətləndiyini sonralar şeirlərində tutmaq olurdu:
Ürəyimdə xeyli zamandır xəyal köçü başlayıb,
Yorğunluq bilmədən gethagetdədir.
Şeirlərində gah ömür düyünlərini açan, düyün açmaqla baş qatan, gah da bundan təsəlli tapan söz atıb-tutan, söz oynadan şairə həmyerlim yumruq boyda ürəyində baxdığı hər səmtdən, gördüyü hər insandan bir dərd yükü qapıb fikirlərini kağıza köçürərdi. Belə bir deyim var: Tanrı sevdiyi bəndəsinə əzab verir. Şairlər də görüb eşitdiklərinin əzabını çəkir:
Kimsələr çəkən bir dərdi,
Şairlər min qat keçirir...
2012-ci ilin dekabr ayından qovrulmağa başladı. Özünün dediyi kimi. ömrünə "qara kağız" aldı. Amma Allaha bağlı olduğundan tək ümidini ona yönəltdi.
Bir sevgi yolunda qovruldum, bişdim,
Nə haqqı tapdadım, nə yön dəyişdim.
Mən sənə canımı qurban demişdim,
Yolunda ümidim kəsilir, Allah!
Çəkdikləri azmış kimi, canına, qanına işləmiş zəhrimar xəstəliyə baxmadan "Ulduz" jurnalında çalışmaqla çağdaş poeziyada qələm işlədənlərlə təmasda olur, məsləhətlərini verib, tövsiyələrini bildirirdi.
Sonsuz arzularının cığırına düşmüşdü. Ən böyük arzusu isə oğlunun toyunu görmək, qol açıb oynamaq, oynamaq idi. Elə bil Ulu Tanrı ana qəlbinin səsini-ününü eşitdi. Arzusunu gözündə qoymadı. O günü köks dolusu nəfəs aldı. Bulanıq Kür çayının sahilində doğma torpağın sərin havasını ciyərlərinə çəkdi.
Şair olmaq isə elə bil onun boy-buxununa ölçülmüşdü. Amma bilirdi, enişli-yoxuşlu, ağrılı-acılıdır bu yol. Yazırdı. Yazdıqca sözlər bir-birinə qoşulub misralara, misralar isə bəndlərə çevrilirdi. Daşıdığı ağır yükdən bir qədər uzaq durmağa, bəlkə də unutmağa çalışırdı. Poeziya fırtınasıyla çarpışan, dör-dör döyüşən, fəryad qoparan ürəyi də bununla bacarmlrdı. Bəlkə elə buna görə də :
Keçin qabağıma yolumu tutun,
Bir az ərk eləyib qolumu tutun.
Hərəniz bir yandan əlimi tutun,
Siz məni qoymayın şair olmağa.,
-deyib hayqırırdı.
Fərqanə Mehdiyeva niyə istəmirdi şair olmağa? Nədən qoxurdu? Əslində həyatda heç nədən qorxusu yox idi. Sadəcə düzümlü, nizamlı, ölçülü, bir-birinə hay olan sözlərlə rahatlanmaq, bir hovur dincəlmək istəyirdi. Anlayırdı ki, bu İlahi bir vergidi. İlahidən gələn təbi, ilhamı geri qaytarmaq mümkünsüzdü.
Taleyin köçümə köçü çatmadı,
İstədim "beş" alam, "üç"ü çatmadı.
Anamın, atamın gücü çatmadı,
Siz məni qoymayın şair olmağa.
Fərqanə qadınları bütün dönəmlərdə kişilərə arxa-dayaq durmağa, onları sındırmamağa çağırırdı:
Siz elə bilməyin kefindən çıxıb,
Rahat baş qoyurlar elə balınca.
Səhərdən-axşama evindən çıxıb,
Düşürlər bir parça çörək dalınca.
Çörək demişkən, ən məşhur şeirlərindən biridir "Təndir". Təndir çörəyini kim dadmayıb? Ağbirçək analarımız, nənələrimiz zaman-zaman təndirdə çörək bişiriblər. Hələ də təndir çörəyinin ətri, qoxusu burnumuzdan getməyib. Bizləri o təndir çörəyi ilə böyüdüb analarımız. Fərqanə o illərin araya ərsəyə gələn təndir çörəyini, təndiri elə hallandırıb ki...
Əyninə özgə don geyməyən anam,
Təndir tüstüsündən yüz don geyərdi.
Başını bir kəsə əyməyən anam,
Təndirə çatanda min yol əyilib.
Şeiri canından çox sevən həmyerli şairəmiz həmişə qələminin gözündən yaş axıtdı. Qələmi də Qarabağ ağısı dedi
Şeirlə bölürəm bu tən dərdimi,
Varaqlar üstündə bitən dərdimi...
Yazıram yurd - yuva, vətən dərdimi,
Sevgi şeirləri yaza bilmirəm.
Yaman tələsdi dünyanın axırına çatmağa. Şeirlərinə qoşulub yol aldı.
Bu yerin altını üstdən tutasan,
Yıxılsan bir qəfil səsdən tutasan.
Ağlına gəlməyən kəsdən tutasan,
Gedəsən dünyanın axırınacan.
Bir başqa misrasında isə:
Heç kim bilmir qisməti..
Sınacaq, əyiləcək..
Bu gündən sabahadək...
Basına nə gələcək?
Həyat sirdi, nağıldı.
Batıb boğula bilər.
Ömür muncuq kimidi.
Qəfil dağıla bilər.
Muncuq olan ömrünün qəfil dağılma xəbərini onu sevərlər, şeirlərinə vurulanlar acı kədərlə qarşıladı. Yatmış şəhərə yol alan şairə bacımız, dünyanın o başında ruhun şad, məkanın cənnət olsun.