• Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
ILK XƏBƏR
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO
No Result
View All Result
ILK XƏBƏR
No Result
View All Result

Əbədiyyət Günəşi

Sonaxanım ƏZİZOVA

İlk xəbər yazar İlk xəbər
28.11.2019
Kateqoriya: Mədəniyyət
0
Əbədiyyət Günəşi
14
PAYLAŞIM
63
BAXIŞ
Facebook'da paylaşTwitter'da paylaşGoogle Plus'da Paylaş

2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 yanvar 2019-cu il tarixli sərəncamı ilə 2019-cu ili “Nəsimi ili” elan edib. Məhz bununla bağlı olaraq bir sıra tədbirlər təşkil edilərək gəncliyimizə təqdim edilməkdədir.

Təəsüflər olsun ki, Nəsiminin həyatı haqqında geniş məlumat mövcud deyil və müxtəlif mənbələrdən əldə olunan məlumatlar da bir-birinin əksini göstərir. Eyni zamanda, Nəsiminin istər həyatı, istərsə də yaradıcılığı haqqında orta və ali məktəb vəsaitlərində çox cüzi, səthi məlumatlar var. Əgər Nəsiminin həyatını, şeirlərini gənclərimizə doğru, düzgün və geniş şəkildə mənimsətməyi bacarsaq, o zaman daha təmkinli, mənəvi dəyərləri üstün tutan gəncliyə sahib ola bilərik. Bugünki nəsil Nəsimini ya orta məktəb dərsliyində göstərildiyi qədər, ya mənbələrinin az olduğu ali məktəb bilikləri və yaxud da kinomuzun unudulmazlarından olan “Nəsimi” filmində təqdim olunduğu qədər qavrayır.

Əksər mənbələrə istinadən Nəsimi 1369-cu ildə Şamaxı şəhərində anadan olub. Lakin şairin doğulduğu yer haqqında müxtəlif rəvayətlər mövcuddur. Belə ki, bir çox tədqiqatçılar Bursada, Təbrizdə, Diyarbəkrdə, hətta Şirazda anadan olduğunu iddia edirlər. Bir çox mənbələr onun adını İmadəddin kimi göstərdiyi halda, Nəsiminin əsl adının Əli və Ömər olduğunu deyənlər də var. Türk qaynaqlarında Nəsimüddin, Əli və Cəlaləddin olaraq da bilinir. Nəsiminin iki ləqəbi vardır. İmadüddin (dinin dirəyi) və Muslihiddin (dini islah edən). Bu ləqəblər ona şagirdləri, tələbələri, sevənləri tərəfindən verilib.

Şairin atası Seyid Məhəmməd Şirvanda tanınmış şəxsiyyətlərdən idi. Nəsiminin kiçik qardaşı da Şah Xəndan adı ilə şeirlər yazırdı. Ziyalı ailədə böyüyən Nəsimi öz dövrünün dillərinə (Azərbaycan, ərəb, fars) mükəmməl şəkildə vaqif olub, dövrün elmlərinə (astronomiya, tibb, riyaziyyat, məntiq, astrologiya) yiyələnib. İslam dinini dərindən öyrənib və daha sonra təsəvvüf elmi ilə maraqlanıb. Əldə etdiyi bu elmlər günəşin aynadakı əksi kimi həyatına da, şeirlərinə də yansıyıb. Onun əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda kamil təhsil ala bilib.
Şairin Azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır.
Nəsimi poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin – İbn Sinanın, Xaqaninin, Nizaminin, Fələkinin, Həllac Mənsurun, Fəzlullah Nəiminin, Şeyx Mahmud Şəbüstərinin, Övhədi Marağayinin adları tez-tez xatırlanır.
Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin özülünü qoyub. O, dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə edib. Filosof-şairin poeziyası tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında yayılır.
Nəsimi Fəzlullah Nəiminin müridi olduqdan sonra sufilik ideyalarını yaymağa başlayır və şeirləri, qəzəlləri də bu düşüncələrlə yoğrulur.

Yoxdur nəsibi eşqi-həqiqətdən, ey könül,

Şol kimsənin ki, mürşidi naqisüqul ola.

Şair burada “eşqi-həqiqət” söylərkən zərrədən Günəşə qədər bütün cisimlərin eşqindən bəhs edir. Eşq elə bir ali hisdir ki, insanı heyvaniyyətdən alaraq mələklər cərgəsinə aparar. Məhz bunun üçündür ki, dahi şairimiz N. Gəncəvi

Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?

– söyləyib.
Çünki bu dünya eşqdən yaranıb. O eşq ki, canı cananda fani qılır. Cismaniyyəti yox edərək, Məcnuntək zahirən divanə, batinən aşiq edir insanı. O eşq ki, ət parçasından ibarət olan insanı insanı-kamil dərəcəsinə yüksəldir.
Nəsiminin yaradıcılıq fəaliyyəti ilə bağlı məlumat vermədən öncə eşq haqqında yazmağım heç də təsadüfi deyil. Çünki Nəsimi də həqiqi aşiqlərdəndir.

Eşq ilə şövqün odu canıma kar eylədi,
Gör necə tabından, ey şəmsü-qəmər, yanaram.

Klassik ədəbiyyatımızda demək olar ki, ilahi eşq haqqında yazan şairlərimiz çoxluq təşkil edir. Bunlardan biri də Nəsimidir. Bütün Türk dünyası onu “ənəlhəq”lə tanıyarkən niyə məhz eşq? Çünki məhz “ənəlhəq”ə gedən yol eşqdən, eşqlə yanmaqdan keçir.
Təsəvvüf qəlbin səfaya çatması, saf, təmiz hala gəlməsi, insanın saflaşması, kamilliyə çatan yoldur. Bir insan islam dininin incəliklərini o qədər mənimsəyəcək, öyrənəcək, yaşayacaq, öyrədəcək ki, qəlb kamilləşəcək. İnsan əməli ilə, həyat tərzi ilə, əxlaqı ilə kamil bir insan olacaq. Təsəvvüf elmində üç pillə vardır ki, bu pillələri irəliləyərək insanı-kamil mərtəbəsinə yüksəlir insan. Bunlar “fəna-fişşeyx”, “fəna-firrəsul”, “fəna-filləh” pillələridir. Mürid öz mürşidinə, yəni şeyxinə itaət edərək onu qəbul edir ki, artıq mürşidin hər sözü, hər kəlməsi müridin öz sözü, öz kəlməsi olur. Bu zaman ilk pillə olan fəna-fişşeyx mərhələsi keçilmiş olur. Daha sonra mürşidi müridinə Hz. Məhəmmədin (s.ə.s) daha çox sevgiyə, hörmətə layiq olduğunu izah edir və mürid bundan sonra rəsulda, yəni peyğəmbərdə fani olaraq rəsulun həyat tərzini öz həyat tərzinə çevirir, fəna-firrəsul mərhələsini də keçir. Bundan sonra mürşid həmin tələbəyə Allahın şeyxdən və rəsuldan daha çox sevgiyə və tərifə layiq olduğunu söyləyir. Bu zaman da insan artıq Allah – Təalanın sevdiyi insana çevrilir, Allah – Təala da o insanın ən çox sevdiyi olur. O qədər sevir ki, Rəbbi üçün ölümə də hazır olur, hətta ölsə belə bədəni ağrı-acı hiss etmir. Çünki artıq o yoxdur, heç olub, mənliyini, təkəbbürünü yox edib. Beləliklə, insanı-kamil mərtəbəsi təsəvvüfün üçüncü pilləsi olan fəna-filləh mərtəbəsidir ki, Nəsimi bu mərhələyə çatıb və “ənəlhəq” ifadəsini işlədib. O, zərrədə Günəşi, Günəşdə zərrəni görə bilirdi. O, hər yerdə Haqqı görürdü, Haqqın təcəllisini görürdü. Bütün bunların həqiqətinə vaqif olmayanlar, gördüklərini zahirən dəyərləndirənlər idi ona divan tutanlar. Nəsimi edam olunarkən belə cismaniyyət ağrı-acısı yaşamayıb. Çünki həqiqi aşiq idi, Haqq aşiqi.

Zahidin bir barmağın kəssən dönüb Həqqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.

“Ənəlhəq” ifadəsi ərəb dilində “ənə”, yəni “mən” və “əl-həqq” (lüğətdə “həqq” kəlməsi doğru, həqiqi, sabit olan mənalarda işlənib. “Batil” sözünün mənasının tam ziddidir.) kəlmələrinin birləşməsindən əmələ gəlib.

“Tək-tək ayılan varsa da haqq dadıma çatsın
Mən salim ölüm, cümlə cahan batsa da, batsın”

-deyən M.Ə.Sabir haqq sözünün həqiqi mənasını gözəl şəkildə ifadə edib. Nəsimidən öncə “ənəlhəq” ifadəsini ürfan və fəlsəfə tarixində ilk dəfə böyük mütəfəkkir Hüseyn ibn Mənsur Həllac işlədib. Elə məhz bu səbəbdən də Nəsiminin həyat cizgisi, sələfi olan Həllac Mənsurun həyatı kimi olub, eyni aqibətlə edam olunub. Rəvayətə görə, bir müddət tələbəsi olduğu, böyük arif, Şeyx Cüneyd Bağdadinin qapısını döyərkən Şeyx Cüneyd “kimdir” deyə soruşub, Həllac isə “ənəlhəq” cavabını verib. Ariflərdən birinin rəvayətinə görə, bir gün yuxusunda Həllac Mənsuru görüb və şeytanla onun dialoqunu eşidib. İblis o Həzrəti görüncə belə deyir : “Sən “ənəlhəq” (mən həqqəm) dedin. Mən isə “ənəlxeyr” (mən ən üstünəm) dedim. Sənə rəhmət olundu, mənə isə lənət edildi. Bunun hikməti nədir? Həllac Mənsur belə cavab verir : “Sən təkəbbürləndin, mənliyini üstün tutdun, mən isə mənliyimi özümdən uzaq edib yalnız Haqqı gördüm.

Nəsiminin dövründə olduğu kimi, Həllac Mənsurun dövründə də bu ifadə əksər insanlar tərəfindən düzgün anlaşılmayıb və Həllac Mənsur özü də qəddarcasına edam edilib. Çünki o insanlar bu ifadəni, haşa, “Allahlıq” iddiası kimi anlayıb, həqiqi və batini mənasından da xəbərdar olmayıblar.
Həllac Mənsur yaxud Nəsimi əgər, haşa, “Allahlıq” iddiasında olsaydılar, “ənəlhəq” ifadəsi əvəzinə “ənəllah” (haşa, mən Allaham) deyərdilər. “Allah” kəlməsi də, “həqq” kəlməsi də Yaradanın isimlərindəndir. Lakin hərəsinin fərqli mənaları var. “Allah” kəlməsi ərəb dilinin qrammatikasındakı müəyyən qanunauyğunluqlarla “ilah” və ya “üluhiyyət” kəlməsindən törəyib. Bu səbəblə, “ənəlhəq” ifadəsi vəhdəti-vücud nəzəriyyəsi əsasına görə həqiqətin yansımasıdır. Allahın digər isimlərinin, həmçinin “Allah” isminin “ənə” (mən) sözünə nisbət verilərək bir insan tərəfindən işlədilməsi isə vəhdəti-vücud (tək varlıq, tək həqiqət) nəzəriyyəsinin əksini, yanlış və küfr ehtiva edən mənalara yozula bilər.

Musa peyğəmbərin dövründə yaşamış Fironun “Ənə rabbukumul – alə”, yəni “Mən sizin uca rəbbinizəm” deməsi ilə İmaduddin Nəsiminin “ənəlhəq”, yəni “mən mütləq həqiqətəm” deməsini eyni mənada anlamaq və eyni mənada tərcümə etmək çox ədalətsiz bir yanaşmadır. Ümumiyyətlə, vəliyullahdan (Allahın vəli qulları, ariflər) heç birinin “ənəllah”, yəni “mən Allaham” dediyi görülməyib. “Ənəlhəq” yaradılmışların ən üstünü olan, şüuru və seçim azadlığı olan, Peyğəmbərimizin təbiri ilə desək, özünü tanımaqla Rəbbini tanıya biləcək insanın, ilahi eşq odu ilə öz nəfsini yandırıb küll edərək, fani olaraq, öz varlığının olmadığını, tək həqiqətin – yalnız haqq olan Allah olduğu gerçəkliyinin etirafıdır.

Mən nə vəch ilən deyəm haqqı ki, səndən ayrıdır
Çün gözümlə görmüşəm haqqın nişanı səndədir.

Azərbaycanın orta əsrlər ictimai, dini-fəlsəfi və ədəbi-mədəni gerçəkliyində sufizmdən sonra öz əksini tapan ikinci bir təriqət cərəyanı da hürufilikdir. Hürufilik XIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycanda, Anadoluda və Qərbi İranda yayılan təriqətdir. “Hüruf” sözü ərəb dilində “hərflər” mənasını verir. Bu təriqətin əsas ideyası Qurani-Kərimin hərf sistemi vasitəsilə izah olunmasına əsaslanır. Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilir. 7 rəqəmi insan simasının əsas hissələrinə, Fatihə surəsinin ayələrinə müvafiq olan əsas rəqəmdir. Hürufilikdə hərflərin əbcəd hesabına uyğun qarşılığı vardır. “Əbcəd” sözü ərəb əlifbasının ilk dörd hərfindən (“əlif”, “bə”, “cim”, “dəl”) yaranıb. Əbcəd hesabına görə, 1-dən 1000-ə kimi bütün ədədlər 28 hərfin kombinasiyası vasitəsilə göstərilir.
Klassik Şərq ədəbiyyatına aid nümunələrdə əbcəd hesabına tez-tez rast gəlirik. N. Gəncəvi və M. Füzuli də öz əsərlərində əbcəd hesabından istifadə etmişlər. Nəsimi “Surətinnəqşini yazdı dedi rəbbül aləmin…” və s. şeirlərində özünün rəhbəri F. Nəimi ilə görüş dəqiqələrini, mürşidininin hürufilik baxımından poetik portretini təsvir və tərənnüm edir. Beləliklə də, Nəsiminin əksər qəzəllərində məcazi ifadələr, təşbehlər hürufilik ideyaları ilə işlənib.
Hürufiliyin siyasi təhlükəsindən qorxan Teymuri hakimiyyəti 1394-cü ildə Nəimini Naxçıvanda Əlincə qalası yaxınlığında işgəncə ilə edam etdirib. Nəsiminin məşhur “Ayrılır” qəzəli isə şairin öz mürşidininin cismani ayrılığı münasibətilə yazılmış mərsiyədir.

Ey müsəlmanlar, mədəd ol yar pünhan ayrılır,
Aglamayım neyləyim, çün gövdədən can ayrılır.

Nəimi ölümündən əvvəl yazdığı “Vəsiyyətnamə”sində Nəsimini öz davamçısı elan edib, onun edamından dərin sarsıntı keçirən Nəsimi ustadının vəsiyyətinə əsasən Təbrizə, oradan da Anadoluya (Türkiyə) gedib.

Məkansız oldu Nəsimi məkanı yoxdur anın,
Məkana sığmayan ol biməkan məkanı nidər?

-deyən şair köçəri bir həyat keçirdiyini də bildirib. Ömrü boyu gəzib dolaşan və bir dərviş həyatı keçirən Nəsimi daimi yaşayış yerinin adını çəkmir, özünü dərviş hesab edirdi. Amma bu dərviş adi dərviş deyil, Haqq aşiqi idi.
I Sultan Muradın zamanında Bursa və Anadoluda hürufilər çox ciddi şəkildə cəzalandırıldı. Şair bu yerlərdə hürufiliyi təbliğ etdiyi üçün dəfələrlə həbs olunub. Ona görə də Nəsimi Anadoluda çox qalmayıb Hələbə (Suriya) gedib.
Hələb şəhərində hürufilik ideyalarını yaymağa başlayan şair burada da təqibə məruz qalaraq zindana atılıb.

Nəsimi 1417-ci ildə Hələb şəhərində qəddarcasına dərisi soyularaq edam olunub. Şairin məzarı Hələb şəhərində onun adını daşıyan küçədə yerləşir.
Nəsiminin qəzəlləri bugünkü Azərbaycan mədəniyyət və incəsənət aləmində istifadə olunur. Onun bu əsərləri muğam ifaçıları tərəfindən ustalıqla oxunur və xalqa çatdırılır.
Ümummilli lider Heydər Əliyev 1970-ci ildə Suriyada olarkən Hələb şəhərinə getmiş və şairin məzarını ziyarət edib. Sonralar Ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.

Aradan bu qədər zaman keçməsinə baxmayaraq, bir günəş kimi sönməz olan şairin həyatı hələ də dillərə dastan olub.

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam

 

Download WordPress Themes Free
Download Premium WordPress Themes Free
Download Premium WordPress Themes Free
Download Premium WordPress Themes Free
download udemy paid course for free
download intex firmware
Download WordPress Themes
lynda course free download
ILK XƏBƏR

Ölkədə və dünyada olan ən son yeniliklərdən xəbərdar olun.

Bizi izləyin

Son Xəbərlər

Səadət Şıxıyevadan Nəsimi ilinə böyük töhfə – “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər”

Səadət Şıxıyevadan Nəsimi ilinə böyük töhfə – “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər”

09.12.2019

“ONLAR YENİDƏN NAMİZƏD OLMAMALIDIRLAR…” – “4-5 çağırış deputat olan şəxsləri yola salmaq istəyi var”

09.12.2019
  • Haqqımızda
  • Reklam
  • Əlaqə

© 2019 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • SİYASƏT
  • MÜSAHİBƏ
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • MEDİA
  • Köşə
  • İDMAN
  • Dünya
  • Foto
  • VİDEO

© 2019 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.